Baş Prokurorluğun nümayəndə heyəti Niderlandda səfərdə olub
- 31-05-2017, 15:37
- 60 382
Baş Prokurorluğun mətbuat xidmətindən xalqxeber.az-a verilən məlumata görə, “Hüquqi şəxslərin cinayət məsuliyyəti” mövzusunda keçirilən tədbirdə Azərbaycan nümayəndə heyəti Niderland Krallığının Təhlükəsizlik və Ədliyyə Nazirliyi, Dövlət İstintaq İdarəsi, Apellyasiya məhkəməsinin nümayəndələri ilə görüşlər keçirib, Beynəlxalq Cinayət Məhkəməsi və keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalının (İCTY) fəaliyyəti ilə yaxından tanış olub.
Görüşlərdə Niderland Krallığının və həmin ölkədə fəaliyyət göstərən beynəlxalq qurumların rəsmilərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan məqsədyönlü qanunvericilik və institusional islahatlar, bu sahədə ixtisaslaşmış qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib, eyni zamanda iştirakçılara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən kitablar təqdim edilib.
Tədbirdə hüquqi şəxslərin cinayət məsuliyyətinə dair Niderland Krallığının qanunvericiliyi, hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasının üsul və vasitələri, habelə bu sahədə mövcud olan beynəlxalq standartlar ətrafında geniş fikir mübadiləsi aparılıb.