"Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən dərhal çıxarılmalıdır" - Çingiz Qənizadə
- 7-05-2021, 12:19
- 415
Bakı isə “Avropa Xalq Partiyası” fraksiyasının belə bir məktubla müraciət etməsini bu fraksiyanın üzvlərinin uzun müddətdir Azərbaycana qarşı haqsız, qərəzli mövqeyinin növbəti nümayişi olduğunu bildirir.
Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, “Avropa Xalq Partiyası” fraksiyası və bu tipli qrupların Azərbaycana qarşı haqsız, qeyri-obyektiv mövqe sərgiləməsi birinci dəfə deyil.
Həm Avropa Şurasının iclaslarında, həm də digər bəzi beynəlxalq təşkilatların tədbirlərində onlar həmişə Azərbaycan üçün problem yaratmağa çalışıblar. Bunun da səbəbi bizə məlumdur: “Həmin fraksiyanın üzvlərinin böyük əksəriyyəti erməni diasporu ilə iş biriliyində olan deputatlardır. Xüsusən Fransadan olan deputatlar ermənilərlə sıx əlaqəlidirlər. Yeri gəlmişkən, qeyd edim ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən dərhal çıxarılmalıdır. Çünki onlar müharibəyə qədər və müharibə zamanı, müharibədən sonra neytrallıqlarını qoruya bilmədilər, açıq şəkildə Ermənistana dəstək verdilər, işğalçının yanında oldular. Bu gün də işğalçının yanındadırlar. Həmin fraksiyanın üzvlərini danışdıran qüvvələr də var. Onların bir çoxunu biz üzdən tanıyırıq, Avropa Şurasında müxtəlif tədbirlərdə görmüşük. Onlar sırf erməni mövqeyindən çıxış eləyən insanlardır. Onların erməni lobbisi tərəfindən maliyyələşmələri burada təsirini göstərir. Onları danışdıran erməni lobbisi, erməni iş adamlarıdır”.
Hüquq müdafiəçisi qeyd etdi ki, fraksiyasının deputatlarının məktubu bir hüquqi sənəd deyil, sadəcə, müraciətdir: “Onlar öz şəxsi prizmalarından Azərbaycanın yaxaladığı həmin 60-dan çox erməni silahlılarını hərbi əsir kimi görürlər. Halbuki həmin silahlılar 10 noyabr üçtərəfli bəyanatı imzalandıqdan sonrakı dövrdə Ermənistan ərazisindən Azərbaycan ərazisinə qanunsuz gətirilənlərdir. Həmin silahlı ermənilər Azərbaycan ərazisində qanunsuz silahlı qrup olaraq hərəkət ediblər, Azərbaycan hərbçilərinə qarşı terror hərəkətlərinə əl atıblar. Onlar məhz bu səbəbdən Azərbaycan xüsusi xidmət orqanları və hərbçilərimiz tərəfindən tərk-silah ediliblər. Həmin silahlı qrupu hərbi əsirlər adlandırmaq tamamilə absurddur və beynəlxalq hüququn ayaq altına atılmasıdır. Həmin erməni silahlılar konkret cinayət hərəkətlərinə görə saxlanılıblar, müharibə dövründə əsir götürülməyiblər. Azərbaycan beynəlxalq konvensiyalara görə üzərinə götürdüyü öhdəliyi tamamilə yerinə yetirib - 10 noyabr üçtərəfli bəyanatı imzalanan ana qədər müharibə dövründə ələ keçirilmiş hərbi əsirlərin hamısını Ermənistana qaytarıb. Hətta Azərbaycan həmin dövrdə əsir götürülmüş Suriyadan olan snayperçi qadını da Ermənistana qaytarıb. 10 noyabrdan sonra Azərbaycan ərazisində müharibə dayanıb və o zamandan indiyə qədər Azərbaycan ərazisinə silahlı daxil olan şəxslər konkret cinayət əməllərini törətdikləri üçün cinayətkardırlar, hərbi əsir deyillər. İndi onlar haqqında istintaq hərəkəti gedir. Onların işi məhkəməyə göndəriləcək. Onlar hərbi əsir deyillər, Azərbaycan qanunlarını pozublar, cinayətkardırlar. ”Avropa Xalq Partiyası" və digər fraksiyaların məqsədi bu cinayətkarların təzyiq yolu ilə azad edilməsidir. Azərbaycan Prezidenti də bu məsələ barədə sözünü deyib. Onlar qanun qarşısında cavab verməlidirlər və verəcəklər. Azərbaycan Prezidentinin əfv etmək kimi müstəsna hüququ var. Məhz məhkəmə hökmündən sonra nə zamansa Prezident özü həmin ermənilərin məsələsinə baxa da bilər, baxmaya da bilər. İndiki dönəmdə isə hansısa erməni oyuncağı olan fraksiyaların məktubları və ya təzyiqləri ilə heç nə dəyişməyəcək. Biz haqlı qalibik və qaliblər mühakimə olunmur".