"Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik" - Birinci vitse-prezident
- 11-02-2021, 14:38
- 630
Bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ICESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirdiyi tədbirdə videoformatda çıxış edərkən deyib.
"Hazırda dövlət qarşısında azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır. Biz bunun öhdəsindən gələcəyik. Biz dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik. Biz işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində ICESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu yüksək qiymətləndiririk. Eyni zamanda, ICESCO-nun Azərbaycanda regional nümayəndəlik təsis etməsi imkanının nəzərdən keçirilməsinə görə xüsusi minnətdarlığımızı bildiririk. Həmin nümayəndəlik digər sahələrlə yanaşı, qadınlar və qızların elmdə rolunun artırılmasına konkret diqqət yetirməklə elm sahəsində əməkdaşlığımızı gücləndirə bilər", - Mehriban Əliyeva bildirib.