SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » "Əliyev hətta bir çox siyasi rəqibləri üçün də qəhrəmana çevrildi” – Rusiya nəşri

"Əliyev hətta bir çox siyasi rəqibləri üçün də qəhrəmana çevrildi” – Rusiya nəşri

Tarix:

4-01-2021, 10:05

/ 634 dəfə oxundu.
"Əliyev hətta bir çox siyasi rəqibləri üçün də qəhrəmana çevrildi” – Rusiya nəşri

Rosbalt.ru Azərbaycan, Gürcüstan və Ermənistan üçün 2020-ci ilin yekunu və 2021-ci ildə bu üç ölkəni gözləyən problemləri təhlil edib.

Analitik məqalənin Azərbaycan və Ermənistana aid hissəsinin tərcüməsini təqdim edirika:

ERMƏNİSTAN

2020-ci il respublika üçün çox güclü hərbi-siyasi təlatümlər ili oldu. Birbaşa Azərbaycanla müharibə aparmasa da, Ermənistan praktik olaraq Dağlıq Qarabağı itirdi - 44 günlük müharibədən sonra Ermənistanın baş naziri Rusiya və Azərbaycan prezidentləri ilə birlikdə atəşkəs və işğal olunmuş ərazilərin yerdə qalanını Azərbaycana qaytarılması barədə 10 noyabr bəyanatını imzaladı.

Nikol Paşinyan tərəfindən təslimçi sənədin imzalanması, Türkiyənin güclü dəstək verdiyi Bakının zəfəri və Rusiya sülhməramlılarının Qarabağa daxil olması Ermənistanda güclü emosional partlayış yaratdı. Paşinyan indi bütün olan və olmayan bəlalarda günahkar bilinir. Onlardan ən başlıcası isə “vətənə xəyanət”dir. 17 siyasi partiya lap yaxınlaradək “inqilab qəhrəmanı” olan Nikol Paşinyanın dərhal istefasını və ona qarşı cinayət işinin başlanmasını tələb edir. Ancaq əsas iş görülüb - insanların həlak olması dayandırılıb, Azərbaycan öz ərazilərini geri qaytarıb.

Ermənistan hələ uzun müddət yas saxlayacaq, müəyyən mənada Azərbaycan da. Çünki onun da döyüşçüləri həlak olub. Hər iki tərəfdən həmçinin mülki itkilər var. Artıq Ermənistana qonşu Azərbaycan da daxil olmaqla, dinc həyata hazırlaşmaq lazımdır və bununla bağlı müəyyən dərk də mövcuddur. İrəvanda habelə bütün çılpaqlığı ilə anladılar ki, onun üçün qurtuluş yaxınlaradək nifrət edilən Rusiyanın simasında gəlib və başa düşdülər ki, ermənilərin gələcəyi indi yalnız qalib Bakının “ürəyi genişliyindən” yox, həm də Türkiyənin Cənubi Qafqazdakı hərbi-siyasi nüfuzunun güclənməsindən asılı olacaq. Həmçinin də Rusiyanın: Ermənistandakı bir çox siyasi qüvvələr Rusiya Federasiyası ilə daha güclü bir hərbi-siyasi ittifaq qurmağı təklif edir.

Pandemiya, müharibə, daxili siyasi çəkişmələr - bütün bunlar Ermənistan iqtisadiyyatına güclü təsir etdi. 2020-də iqtisadi kiçilmə 7%-dən çox oldu. Təzə ildə bu böyümə ilə əvəz ediləcəkmi? Bunu müharibəsonrakı şərtlərdə söyləmək mümkün deyil. Qarabağ iqtisadiyyatı kiçik olsa da, Ermənistan iqtisadiyyatı ilə sıx əlaqəli idi və indi artıq boşluqlar yaranıb. Azərbaycan tərəfindən azad edilmiş əraziləri tərk etməli olan insanlar öz bizneslərini itirdilər – hansı ki, prinsipcə, uğurla inkişaf edərək və iş yerləri yaradaraq erməni biznesi ilə (qanunsuz təbii ki – red.) çulğalaşmışdı.

İndi Ermənistan iqtisadiyyatı nəzəri olaraq bu itkiləri də ödəməli, eyni zamanda evsiz-eşiksiz qalan insanların mənzil və sosial problemlərini həll etməlidir. Habelə əkinçilik sahəsinə xüsusi diqqət yetirmək, xüsusən də “o tayda” qalmış əkin sahələri və otlaq sahələrinin itkisini kompensasiya etmək lazım gələcək. Odur ki, Ermənistan ya yekdil olacaq və iqtisadiyyatı dirçəldəcək – hansı ki, ciddi daxili siyasi çəkişmələr şəraitində çətin görünür - ya da iqtisadiyyatın üstündən tamamilə çarpaz xətt çəkməli olacaq.

Xaricdən investisiya axınına, hətta “hər şeyə qadir” diaspora stavka eləməyə dəymir: heç kim münaqişələrin daxildən didib parçaladığı ölkəyə investisiya qoymayacaq. Bəlkə də Rusiya kömək edər, amma o da müəyyən bir müddət gözlədikdən sonra. Xarici şirkətlər də vəziyyətin nisbi sabitləşməsi şərti ilə investisiyanı Gürcüstan və Azərbaycanı da əhatə edən qlobal və regional layihələrə yatırırlar. Hələliksə Ermənistan yoxsulluq içindədir və iş yerlərini itirir, mitinqlər keçirir, Paşinyanın müqavimətinə rəğmən onun getməsini tələb edir. Müxalifət hətta öz yeni “baş nazir”ini də “təyin edib” (Vahid namizəd Vazgen Manukyan nəzərdə tutulur – red.).

AZƏRBAYCAN

Qarabağ müharibəsinin qalibi olan ölkə - Azərbaycan da çətinliklər yaşayır. Ancaq bunlar Ermənistandan və hətta müharibə görməyən Gürcüstandan müqayisə olunmaz dərəcədə azdır. Azərbaycanda da insanlar öz əsgərlərinin itkisi üçün göz yaşı tökür. Eyni zamanda, orada sevinc göz yaşları var - ölkə işğal altındakı əraziləri demək olar ki, tamamilə azad edib. Prezident Əliyev hakimiyyətini möhkəmlədib və hətta ölkə daxilindəki bir çox siyasi rəqibləri üçün əsl qəhrəmana çevrilib. Düzdür, Azərbaycanın hüdudlarından kənarda o, özünə düşmənlər qazanıb, amma İlham Heydər oğlu görünür, bundan çox da narahat deyil.

Sanballı neft və qaz ehtiyatlarına malik Azərbaycan dünya bazarlarında qiymətlərin dəyişkənliyinə rəğmən (bu il Azərbaycan Respublikasının büdcəsində neftin qiyməti keçən il bir barel üçün 35 dollara qarşı 40 dollar olaraq götürülüb), özünün iqtisadi problemlərinin öhdəsindən qonşularına nisbətən daha sürətli gələcək və iqtisadiyyatı ayaq üstə qoyacaq. Bakı artıq azad edilmiş ərazilərin və dövlət sərhədlərinin bərpasına başlayıb - 2021-ci ildə müvafiq xərclər 2,2 milyard manat (1 dollar = 1,7 manat) təşkil edəcək. Müdafiə xərcləri milli valyutada 4.6 milyard olaraq təyin edilib. Yerli standartlara görə bu heç də az məbləğ deyil.

Bu fonda Mərkəzi Bankın sədri Elman Rüstəmov milli valyutanı devalvasiyanın gözləmədiyinə əmindir. Dövlət büdcəsi kəsirinə gəldikdə isə bu, ÜDM-ə nisbətdə 4% həcmində proqnozlaşdırılır. Bir sözlə, Azərbaycan sosial-iqtisadi baxımdan çətinlikləri Gürcüstandan daha sürətli adlayacaq, o ki ola Ermənistandan. Azərbaycanın daxili siyasi sabitliyini isə heç bir şey təhdid etmir - ölkənin ərazi bütövlüyünü bərpa etməklə Əliyev həm ölkəni, həm də özünü kəskin böhranlara qarşı uzun müddətə sığortalayıb.

YENİ İL – YENİ REALIQLAR

Cənubi Qafqaz 2021-ci ilə Rusiya sülhməramlılarının Qarabağa girməsi səbəbindən çox dəyişmiş bir geosiyasi “mənzərə” ilə girdi – harada ki, tonu indi Rusiya müəyyən edir. Bölgədə onun hərbi kontingentinin sayı 11 minə çatdı – hərbi texnika barədə susacağıq. Paralel surətdə işğal olunmuş rayonların qaytarılmasında Azərbaycana öz töhfəsini verən Türkiyənin mövqeyi gücləndi. Bütün bunlar İranın və Qərbin müəyyən hissəsinin böyük narazılığı deməkdir.

Beləliklə, 2021-ci ildə Cənubi Qafqazda xarici oyunçuların nüfuz uğrunda mübarizəsi daha da güclənəcək. (musavat.com)

Şərhlər

XƏBƏR LENTİ