XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Hakimiyyətdən xainlərə sərt mesaj: - “Sizi tanıyırıq”

Hakimiyyətdən xainlərə sərt mesaj: - “Sizi tanıyırıq”

Hakimiyyətdən xainlərə sərt mesaj: - “Sizi tanıyırıq”
4-04-2018, 09:25

Ölkədə keçiriləcək prezident seçkisi ərəfəsində xaricdə yaşayan bir qrup azərbaycanlı mühacir sosial şəbəkələrdə videolar yayaraq, hakimiyyətin yüksək vəzifəli məmurlarının ünvanına söyüş, təhqir yağdırırlar. Onların seçdikləri bu cür mübarizə metodu cəmiyyətdə təkcə hakimiyyət nümayəndələrini deyil, eyni zamanda ziyalıları, deputatları, jurnalistləri və sadə vətəndaşları da narahat edir. Bunu sosial şəbəkələrdə, mətbuat səhifələrində bildirilən mövqelərdən də açıq şəkildə görmək olur.

Bildirilir ki, bir qrup azərbaycanlının bu formada söyüşlü videolar yayması, sadəcə olaraq, aysberqin görünən tərəfidir. Əslində isə proseslərin arxasında Azərbaycan dövlətinə, ölkədə mövcud olan sabitliyi pozmağa yönəlik və nəhayət, xalqımıza qarşı olan məkrli planlar durur. Hakimiyyətin yüksək çinli məmurları bildirirlər ki, bu oyunların arxasında duran Qərbin bəzi dairələri, Azərbaycanda sabitliyin əsas dayağı olan hakimiyyət komandasını sıradan çıxarmaq, bununla da ölkədə qarışıqlıq salıb, Azərbaycanı bir növ Suriyanın, Yaxın Şərqin qan gölünə dönən digər ölkələrinin gününə salmağa çalışırlar.

Qeyd olunur ki, bu oyunların arxasında duran “sapı özümüzdən olan baltalar” da aktiv fəaliyyətə keçiblər. Qərbin aləti rolunu oynayanların konkret olaraq adı çəkilməsə də indiyədək mətbuatda bir sıra şəxslərin ismi “Avropa hücumu”nun arxasında duran kimlik kimi hallanıb.

Ötən həftə Mətbuat Şurasının təşkilatçılığı ilə “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bu məsələ ilə bağlı geniş nitq söylədi. Azərbaycana qarşı məkrli plandan bəhs edən prezidentin köməkçisinin çıxışından belə aydın oldu ki, ölkəyə qarşı təxribat hazırlayanların arxasındakı şəxslərin kimliyindən hakimiyyət xəbərdardır. Ə.Həsənov çıxışında söylədi:

“Bu işin təşkilatçıları və icraçılarını Azərbaycanı suriyalaşdırmaq istəyən ”virtual İŞİD" adlandırmaqda haqlı olduğum indi həmin qüvvələrin “ağsaqqalları” tərəfindən dolayısı ilə etiraf olunur.

Əslində bu, yeni plan da deyil. Hələ Dağlıq Qarabağ münaqişəsi yeni başlayanda erməni lobbisi öz mənfur arzusuna çatmaq üçün Bakını Beyruta, Azərbaycanı Livana çevirmək istəyirdi və bunu gizlətmirdi. Həmin qüvvələr və “sapı özümüzdən olan baltalar” 2003 və 2008-ci illərdə ciddi cəhdlə buna çalışdılar. Lakin, o dövrdə Prezident İlham Əliyevin xalqla birliyinə və dəmir iradəsinə çırpılaraq geri çəkildilər. Belələri 2013-cü ildə yeni bir məkrli plan quraraq, xarici dairələrin köməyi ilə “ Milyarderlər İttifaqı” yaratdı və “aldanmış kəvakib”dən istifadə edərək hakimiyyəti ələ keçirməyə cəhd etdilər. Xoşbəxtlikdən hər dəfə də bu antimilli ünsürlər ölkə Prezidentinin dəmir iradəsi, onun sədaqətli silahdaşlarının yekdil mövqeyi və ən əsası, Azərbaycan xalqının keçilməz müqaviməti ilə üzləşərək necə gəlmişdilərsə, eləcə də rədd olub getdilər. Bu gün də onlar yatmayıb, sadəcə olaraq qəfil yaxalandıqları üçün hazırlıqsızdırlar. Odur ki, güman qalıb onların daimi bacardıqları işə - xəyanətə, hiyləyə və bir də söyüşə. Bu dəfə “livanlaşdırma” termini də dəyişib və “suriyalaşdırma” ilə əvəz olunub".

Əli Həsənovdan sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov APA-ya müsahibəsində açıq şəkildə bildirib ki, bu qrupun havadarlarının kim olmasını bilirlər. N.İbrahimov da vurğulayıb ki, məqsəd Azərbaycanı içəridən çalxalamaq, xaos yaratmaq və gələcəkdə Azərbaycanda Suriya, Liviya kimi ölkələrin düşdüyü vəziyyəti yaratmaqdır. N.İbrahimovun açıqlamasından belə görünür ki, hakimiyyət həmin mühacirlərin şəxsi həyatları ilə bağlı da geniş bilgiyə sahibdir: “Bu gün söyüş və təhqir metodu ilə guya siyasi mübarizə apardıqlarını zənn edənlərin sayı 4-5 nəfərdir, onların da ətrafında birləşənlərin sayı bütün Avropa üzrə maksimum 30-40 nəfər olar, ya olmaz. Hər yerdə də eyni adamlardır. Biz araşdırmışıq ki, bunların əksəriyyəti heç yerdə işləmir, demək ki, haradansa maliyyələşirlər. Əlbəttə ki, havadarları var, onlara vəsait verən konkret qruplar var, yəni onları Azərbaycan dövlətini sevməyən dairələr maliyyələşdirir. Eyni zamanda müəyyən aldanmış insanlar da var. İndi ad çəkməyəcəyəm. Amma burda onlara mesajımızı çatdıracağam. Azərbaycanın daxilində və xaricində kim onlara havadarlıq edirsə, Suriyanı və Liviyanı görüb xalq qarşısında məsuliyyətlərini dərk etsinlər. Əgər Allah eləməsin, sabah Azərbaycanda həmin ölkələrdəki vəziyyət təkrarlanarsa, bu, heç kimdən yan keçməyəcək. Belə bir söz var ki, inqilab birinci öz uşaqlarını yeyir. Allah bunu bizə göstərməsin, əgər bu ölkədə xaos yaranarsa, bəlkə də birinci zərbəsi elə onlara dəstək verənlərə dəyəcək. Mən indi bu qrupun havadarlarının adını çəkmirəm, ancaq bilsinlər ki, kim olduqlarını bilirik. Artıq yavaş-yavaş konturları bəlli olur. Qulaqlarını açıb eşitsinlər ki, Azərbaycanın prezidenti çox güclüdür, güclü komandası var və ölkənin idarəetmə sükanı çox möhkəm əllərdədir”.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu proseslərlə bağlı indiyə qədər ölkə mətbuatında bəzi şəxslərin adları çəkilib.

Məsələn, xaricdəki məlum mühacirləri maliyyələşdirənlər arasında sabiq nazir Eldar Mahmudovun adı tez-tez hallanır. Prezidentliyə namizəd Hafiz Hacıyev də İctimai Televiziyada namizədlər üçün təşkil olunan debatda iddia etmişdi ki, bu şəxsləri məhz Eldar Mahmudov maliyyələşdirir. Məlumat üçün qeyd edək ki, Eldar Mahmudov 11 ilə yaxın MTN naziri vəzifəsində olub. Bu isə onu deməyə əsas verir ki, Mahmudov böyük dövlət sirlərindən xəbərdardır və hakimiyyətin daxilindəki proseslərdən də məlumatlıdır.

Mühacirlərə yön verənlər sırasında baş nazirin sabiq birinci müavini, hazırda xaricdə yaşayan Abbas Abbasovun da adı hallanır. İndiyə qədər də rəsmi şəxslərin dilindən Abbas Abbasovla bağlı fikirlər səsləndirilib, onun dövlətimizə qarşı olan əməllərindən danışılıb. Xüsusilə də 2013-cü ildə hakimiyyətə qarşı yaradılmış “Milyarderlər ittifaqı”nda Abbasovun da önəmli rolunun olması kimsəyə sirr deyil.

“Avropanın hücumu”nun arxasındakı sirli kimlik kimi yuxarıda qeyd etdiyimiz şəxslərdən başqa sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun, Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş, hazırda xaricdə yaşayan Elşad Abdullayevin, Almaniyada mühacir həyatı yaşayan Hüseyn Abdullayevin də adları çəkilir.

Bəzi iddialara görə, bu prosesdə Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfir, keçmiş baş prokuror Eldar Həsənv da bu və ya digər formada iştirak edir. Düzdür, E.Həsənov dəfələrlə bildirib ki, o, bu hakimiyyətə sadiqdir, prezident vəfalıdı, amma onun adı vaxtaşırı müəyyən kombinasiyalarda, iqtidara qarşı oyunlarda hallanır. Eldar Həsənovun bu iddialarla bağlı hər hansı mövqeyi, açıqlaması olarsa, onu çap etməyə hazırıq.

Artıq prezident seçkisinə çox qısa bir zaman qalıb. Ehtimal olunur ki, seçkidən sonra hakimiyyət nümayəndələri konkret faktlarla “gizli əllər”in de-şifrə olunmuş planını ictimaiyyətə açıqlayacaqlar. Nəticədə bu projenin arxasında duran sirli kimliklər də hər kəsə məlum olacaq.
“Yeni Müsavat”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.