XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Milli Məclis bu il vacib qanunlar qəbul etdi… - SİYAHI

Milli Məclis bu il vacib qanunlar qəbul etdi… - SİYAHI

Milli Məclis bu il vacib qanunlar qəbul etdi… - SİYAHI
8-12-2017, 13:11

2017-ci ilin bitməsinə bir neçə gün qalıb. Geridə qoyduğumuz bu dövr ərzində Milli Məclisdə bir sıra qanunlar qəbul edildi, bəzi sənədlərə əlavə və dəyişikliklər edildi.
2017-ci ildə Milli Məclisdə qəbul edilmiş yeni qanun layihələrini təqdim edirik.
Parlamentin 2017-ci ildə qəbul etdiyi yeni qanunlardan biri “Hərbi vəziyyət haqqında” qanundur. Qanun 5 fəsil 27 maddədən ibarətdir. Bu Qanun Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.
“Məktəbəqədər təhsil haqqında” qanun da ən vacib sənədlərdən biridir. Qanun 5 fəsil 24 maddədən ibarətdir. Qanuna görə, məktəbəqədər təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycanın hüquqi şəxsləri və vətəndaşları ola bilərlər. Məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir. Bu təhsil müəssisələrinə yalnız ali təhsilli və bu sahədə ən azı 5 il təcrübəsi olan şəxslər rəhbər təyin oluna bilərlər. Qanun məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək.
Sənəddə bildirilir ki, məktəbəqədər təhsil sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartlarının tələbləri yerinə yetirilmədikdə onların lisenziyası ləğv edilir. Qanuna əsasən, məktəbəqədər yaşda uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyən edilib.
Parlamentin bu il qəbul etdiyi ən vacib qanunların siyahısında “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun da var. Qanun 13 maddədən ibarətdir. Sənəd Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 7-ci bəndinə, 94-cü maddəsinin I hissəsinin 1-ci və 3-cü bəndlərinə uyğun olaraq, Milli Məclis deputatının etik davranış qaydalarını, habelə həmin qaydalara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Bu qanun yalnız deputat statusu olan şəxslərə şamil edilir. Hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq, bu qanunun müddəalarına əməl etməyə borcludur. Qanunda etik davranış qaydalarını kobud surətdə pozan deputatların mandatdan məhrum edilməsi, deputatların təhqiramiz sözlərdən istifadə etməsinə qadağa qoyulması, eləcə də deputatların həmkarlarının sözünü kəsməsi qadağan edilir.
“Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun dab u il parlamentdə qəbul edilən sənədlər sırasındadır. Qanun 3 fəsil, 17 maddədən ibarətdir. Yeni qanun yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə üzvlərinə etimadının yüksəldilməsi, yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, yerli özünüidarə orqanlarında korrupsiyanın və bələdiyyə üzvlərinin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması, bələdiyyə üzvləri tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, bələdiyyə üzvlərindən gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması, yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsi məqsədlərini daşıyır.
2017-ci ildə geniş müzakirə predimenti olan sənədlərdən biri də "Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər oldu. Belə ki, qanunun 47 maddəsindən 22-ə 98 adda dəyişiklik edilib. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərində dəyişikliyə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il yanvarın 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılır. Lakin bu müddət mərhələli şəkildə tətbiq olunacaq. Kişilər üçün nəzərdə tutulan 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılacaq.
“İşsizlikdən sığorta haqqında” qanun. 4 fəsil, 26 maddədən ibarət qanunun məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Parlamentdə 2017-ci ildə “Daşınar əmlakın yüklülüyü haqqında” qanun da qəbul edilib. Daşınar əmlakın yüklülüyü dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür. Qanunda daşınar əmlakın yüklülük sahiblərinin tələblərinin ödənilməsi, yüklülük predmetinin özgəninkiləşdirilməsi, yüklülük predmetinin satış üsulları, əldə olunan gəlirin bölüşdürülməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestri və yüklülüyün qeydə alınması qaydaları əksini tapıb.
2017-ci ildə geniş müzakirə predmeti olan sənədlərdən biri də Cinayət Məcəlləsinə 300-ə yaxın edilmiş dəyişikliklər oldu. Məcəllədən bir sıra maddələr çıxarılıb. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bu əməllər dekriminalaşdırılıb. Belə əməllərin sayı 15-dir. Bunlar əsasən mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir. Bundan başqa, bir sıra cinayət əməllərinə görə cinayət məsuliyyəti yaradan həddin artırılması ilə həmin əməlləri dekriminalaşdırılır. Bu əməllərə görə məsuliyyət həddi 5 dəfə artırılır. Məcəlləyə “azadlığın məhdudlaşdırılması” cəzası da əlavə edilir. Azadlığın məhdudlaşdırılması və digər bu kimi cəzalar bütövlükdə 152 maddənin sanksiyasına daxil edilib. Dəyişikliklə 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük cinayətlər törətməyən kateqoriyaya, eyni zamanda 4 cinayət ağır kateqoriyadan azağır kateqoriyaya keçirilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.