Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü hazırlanır

Siyasət

Hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü hazırlayırlar.

Bunu amerikalı həmsədr Endryu Şeffer bəyan edib.

“Ermənistan və Azərbaycan prezidentlərinin oktyabrın 16-da Cenevrədə keçirilən görüşü, onların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in Minsk qrupu ilə konstruktiv işə hazır olmaları müsbət işarədir”, deyə E.Şeffer qeyd edib.

Onun sözlərinə görə, ABŞ həmsədr ölkə olaraq Minsk prosesinə sadiq olaraq qalır: “ABŞ tərəfləri atəşkəs rejiminə hörmət etməyə və danışıqları ən yüksək səviyyədə davam etdirməyə çağırır. Həmsədrlər yaxın həftələrdə gözlənilən görüşün tarixini aydınlaşdırmaq üçün Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə təmasdadırlar”.