Baş Prokurorluğun nümayəndə heyəti Ukraynada səfərdə olub - FOTO
- 13-10-2017, 11:23
- 90 110
xalqxeber.az-a Baş Prokurorluqdan daxil olan məlumatda deyilir ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti Ukrayna Baş prokurorunun müavini Yevgeniy Yeninlə görüşmüşdür. Y.Yenin ölkələrimiz arasında bütün sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, o cümlədən hüquq mühafizə orqanları ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirmişdir.
Səmimi qəbula görə minnətdarlığını bildirən Beynəlxalq əlaqələr idarəsinin rəisi E.Əlixanov Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun salamlarını çatdıraraq Ukraynanın Baş prokuroru Yuriy Lutsenkonun cari ilin fevralında ölkəmizə səfərinin qarşılıqlı işgüzar münasibətlərin inkişafına yeni təkan verdiyini xüsusi vurğulamışdır.
Görüş zamanı cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və digər sahələrdə mövcud vəziyyət, konkret işlər və gələcək əməkdaşlığın perspektivləri geniş müzakirə edilmişdir.
Səfər çərçivəsində Ukrayna Baş Prokurorluğunun Xüsusi Antikorrupsiya Prokurorluğunda görüşlər keçirilməklə korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.