Bakıda ilk dəfə TDT ölkələrinin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçirilir
- 24-11-2025, 12:15
- 517
Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir.
Bu gün işə başlayacaq forum çərçivəsində 2 panel müzakirəsi keçiriləcək. "Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü" adlı paneldə Zəngəzur dəhlizinin açılmasından sonrakı yeni vəziyyətə hazırlıq, bu istiqamətdə Türk dünyasının vətəndaş cəmiyyəti təsisatlarının təşəbbüsləri müzakirə olunacaq.
İkinci panel isə "Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu" olacaq.
Sabah isə forum işini Naxçıvan şəhərində davam etdiriləcək.
Naxçıvanda sabah forum çərçivəsində "WUF13-ə doğru - Türk dünyasında ilk" adlı panel müzakirələri də təşkil olunacaq. Panel müzakirələrində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı nəhəng quruculuq və bərpa işlərinin miqyasının və sürətinin dünyanın post-münaqişə bölgələri üçün nümunə olması diqqət mərkəzində olacaq. Bundan başqa, Türk dünyası QHT-ləri 2026-cı ildə Azərbaycanda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumunda fəal iştiraka dəvət olunacaq. Türk Dövlətləri Təşkilatının tarixinə 2009-cu il tarixli "Naxçıvan Sazişi" ilə düşmüş, təşkilat üçün böyük rəmzi və mənəvi məna daşıyan Naxçıvan şəhərində təşkilata üzv ölkələrin QHT-lərinin Platformasının təsis olunması gözlənilir. Bu, forumun mühüm qalıcı irsinə çevriləcək. Platformaya rəhbərliyi Türk Dövlətləri Təşkilatının hazırki sədri kimi Azərbaycan edəcək. Platformada 8 ölkədən QHT-lər birləşəcək.
Forumda birgə bəyanatın qəbulu gözlənilir.