SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Vaqif Əsədov "dosta zəng" edən, "qırmızı"da keçən sürücülərdən DANIŞDI

Vaqif Əsədov "dosta zəng" edən, "qırmızı"da keçən sürücülərdən DANIŞDI

Tarix:

6-09-2019, 17:08

/ 2 047 dəfə oxundu.
Vaqif Əsədov "dosta zəng" edən, "qırmızı"da keçən sürücülərdən DANIŞDI

Yerli mediada, eləcə də gündəlik həyatımızda ölkədə, eləcə də Bakıda baş verən qəzalarla bağlı tez-tez məlumatlar əldə edirik.
Lent.az mövzunun aktuallığını nəzərə alaraq son dövrlər baş verən yol-nəqliyyat hadisələri ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla müsahibəni təqdim edir:
- Ötən illərlə müqayisədə bu il yol-qəzalarının sayında artma və ya azalma varmı?
- 1993-cü ildən başlayaraq yol-qəza hadisələrini təhlil etdikdə nəticələr, ölüm faktları, xəsarətlər ürək ağrıdırdı. Ancaq bu gün ölkədə, eləcə də Bakı şəhəri üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinə nəzər saldıqda 100-lərlə hadisənin, ölüm faktlarının və xəsarətlərin azalmasının şahidi oluruq. Qeyd edim ki, bu azalma paytaxt üzrə daha çox özünü göstərib. Yol-nəqliyyat hadisələri bütün göstəricilər üzrə müsbətə doğru hərəkət edir.
- Bəs qəzaların azalmasına əsas səbəb hansılardır?
- Baxmayaraq ki, hər il yolların məsafələri uzanır, avtomobillərin, sürücülərin, eləcə də yol kəsişmələrinin, yol birləşmələrinin, svetoforlarla tənzimlənən yol ayrıclarının, tunellərin, döngələrin və s. sayı artır, qeydə alınan qəzalar isə azalır. Çünki yol polisinin məqsədli və qabaqlayıcı tədbirləri, Yol hərəkəti haqqında Qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklər, eləcə də ölkəyə gətirilən təhlükəsizliyin təmini ilə bağlı yeni texnologiyalar, onların tətbiqi bu göstəriciləri əldə etməyə imkan verir.
- Əvvəlki illərə nisbətən əsasən nələr dəyişib?
- Bir vaxtlar ölkə bir il üzrə təxminən 1 200 - 1 300 ölüm faktı baş verirdi, indi isə bu rəqəm 800-ə enib. Bundan başqa əvvəllər “dosta zəng” prosesləri nəzərə alınırdı. İndi bu varmı? Təbii ki, yoxdur. Əvvəllər qırmızı işıqda keçmək “qəhrəmanlıq” sayılırdı, amma indi? Müsbətə doğru çox şeylər dəyişib.
- Baş verən qəzalarda sürət həddinin çox olması tez-tez vurğulanır. Ümumiyyətlə, baş verən hadisələrin neçə faizi sürət həddi səbəbindən olur?
- Vaxtı ilə sürət həddinin aşılması ilə bağlı baş verən hadisələr qəzaların 50 %-ni təşkil edirdi. Əvvəllər sürət həddini ölçən kamera yox idi, lakin indi bu var və sürət həddinə görə sürücülər cərimə edilir. Bundan başqa avtomatik və elektron qərarlar, eləcə də sürət həddinin aşılması ilə bağlı qaydalara edilən dəyişikliklər bu rəqəmi Bakı şəhəri üzrə 27 %-ə endirib.
Bu gün bizi ən çox piyadaların vurulması və onların nəticələri narahat edir. Ötən il piyadaların vurulması ümumi hadisələrin 69 %-ni təşkil edirdi. Hal-hazırda bu rəqəm ümumi hadisələrin təxminən 60 %-ni təşkil edir.
- Piyadalarla bağlı qəzalarda ən çox günah kimdə olur?
- Bildirim ki, əvvəllər Bakı şəhərində 9 yeraltı keçid var idi və onlardan demək olar ki, istifadə edilmirdi. İndi isə paytaxtda 80-dən çox yeraltı, yerüstü piyada keçidləri var, amma yenə də baş vermiş qəzaları təhlil etdikdə görürük ki, hadisələr daha çox piyada keçidlərinin yaxınlığında baş verir. Təəssüf ki, sözügedən qəza hadisələri piyada səhlənkarlığından və sürücü diqqətsizliyindən olur.
- Yol-nəqliyyat hadisələrinin azalması üçün BDYPİ tərəfindən hansı tədbirlər görülür?
- Hesab edirik ki, təbliğatı gücləndirmək, hərəkət iştirakçılarının şüur səviyyəsinə təsir edəcək qədər profilaktik tədbirlərin mütəmadi həyata keçirilməsi və eyni zamanda qəzalarla bağlı təsirli tədbirlər hadisələrin azalmasına səbəb olur. Biz bununla bağlı çox ciddi məşğuluq. Həmçinin media da bununla bağlı bizə çox dəstək olur.
Bu gün yol polisinin əməkdaşının fəaliyyətinə onun xidmət etdiyi ərazidə baş verən yol-nəqliyyat hadisələrinin sayına görə qərar verilir. Polis əməkdaşı daima hərəkəti təmin etməyə, təbliğatı gücləndirməyə və inzibati tənbeh tədbirləri görməklə hadisələrin sayını aşağı salmağa çalışır. Hadisələrin sayının azalması, polisin ugurlu fəaliyyətidir. Həmçinin vaxtaşırı profilaktik tədbirlərin keçirilməsi polis və vətəndaş münasibətlərinin müsbətə doğru dəyişməsinə təsir edir.
- Necə düşürsünüz, hazırda vətəndaş polisə güvənirmi?
- Bəli, bu gün artıq vətəndaş polisinə güvənir. Əhalinin sığındığı, güvəndiyi yer polis orqanlarıdır. Nəsə olduğu zaman ilk “902” və “102” telefon nömrələri yada düşür. Kimsə narahatçılıq, narazılıq keçirirsə, polisə zəng edir və polis şikayətə baxaraq, tələblərə uyğun çərçivədə hərəkət edir və vətəndaşların məmnunluğunu qazanır.

Şərhlər

XƏBƏR LENTİ