SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Azərbaycanda turizmin inkişafına nələr əngəl olur? - Turizm sahəsi üzrə tanınmış mütəxəssisdən ŞOK AÇIQLAMALAR

Azərbaycanda turizmin inkişafına nələr əngəl olur? - Turizm sahəsi üzrə tanınmış mütəxəssisdən ŞOK AÇIQLAMALAR

Tarix:

22-08-2019, 13:24

/ 2 761 dəfə oxundu.
Azərbaycanda turizmin inkişafına nələr əngəl olur? - Turizm sahəsi üzrə tanınmış mütəxəssisdən ŞOK AÇIQLAMALAR

"Dünyanın tanınmış aviaşirkətləri Azərbaycana gəlməkdən, ölkəmizlə əməkdaşlıqdan çəkinir"

9 iqlim zonası və əlverişli coğrafi mövqeyi, zəngin yeraltı və yerüstü sərvətləri, səfalı təbiəti, tarixi-memarlıq abidələri ilə tanınan Azərbaycanda nədən turizim inkişaf etmir? Ölkəmizdə bu sektorun inkişafına hansı amillər mane olur? Problemin həlli yolları nələrdir?

Bu və digər suallara Azərbaycanın turizm sahəsi üzrə azsaylı mütəxəssislərindən biri ilə söhbətləşdim. Müəyyən səbəblərdən həmsöhbətimin adını açıqlamasam da, onun dəyərli fikir və təklifləri ilə oxucularımızı tanış edirik:

(Əvvəli bu linkdə:

https://www.hurriyyet.org/xeber/azerbaycanda_turizmin_inkisafina_neler_engel_olur_-_turizm_sahesi_uzre_taninmis_mutexessisden_ok_aiqlamalar}

"Təyyarə biletlərinin qiymətinin belə yüksək olması inhisarçılıqla bağlıdır"

- Sizcə neft ölkəsi olan Azərbaycanda təyyarə biletlərinin qiyməti nəyə görə bu qədər bahadır?

- Qiymətlərin belə yüksək olması inhisarçılıqla bağlıdır. Bu gün Azərbaycanda bütün avioproseslər AZAL tərəfindən idarə olunur. Qiymətləri tənzimləmək üçün isə müxtəlif aviokompaniyalarla işləmək lazımdır. Yalnız o zaman sağlam rəqabət yaranar və qiymətlər aşağı düşər.

Ümumiyyətlə, istənilən ölkədə turizmin inkişafına təsir edən əsas və birinci amil aviobiletdir, otel və s. bundan sonra gəlir. Sevindiricidir ki, bu gün ölkəmizdəki otel biznesi artıq təkmilləşir, qiymətlər sabitləşir. Əksər dünya ölkələrində tanınmış otellərdə bir gün qalmaq 50-60 avro, yaxud 50-60 dollara başa gəlir, hazırda Azərbaycan otellərində də qiymətlər təxminən eynidir.

"AZAL heç də zərərə işləmir"

- AZAL zərərlə işlədiyini elan edir, buna görə də dövlət büdcəsindən hər il külli miqdarda dotasiya ödənilir. Belə olduğu halda AZAL biletlərin qiymətlərini necə endirə bilər?

- Buna yalnız aviasiya sahəsinin iş prinsipindən xəbərsiz olan insanlar inana bilər. AZAL heç də zərərə işləmir. Təsəvvür edin, 2-3 ay əvvəldən Parisdən Stokholma 1 avroya bilet alırsınız, əgər həmin bileti satan şirkət müflis olmursa, AZAL nədən zərərə işləməlidir? Şəxsən özüm Türk Hava Yolları ilə İstanbuldan Ankaraya, İstanbuldan Antalyaya 1 saatlıq yolu 15 dollara uçmuşam. Buna rəğmən, son 10 ildə Türk Hava Yolları Avropada 1-cilər sırasına çıxıb.

Hamımız bilirik ki, təyyarə kerosinlə (ağ neft) işləyir. Kerosin neft emalından alınır. Azərbaycan isə neft ölkəsidir. Türkiyə, Gürcüstan və digər nefti olmayan ölkələr neft və neft məhsullarını xaricdən aldığı halda, Azərbaycan dünyaya neft ixrac edir. Belə isə onların hava yolları zərərlə işləmədiyi halda, AZAL necə zərərlə işləyə bilər?

Bir daha təkrar edirəm, əsas problem inhisarçılıqdır. Dünya aviaşirkətlərinin təyyarələri bura gəlməsə, Gürcüstana olan turist axınını, ora gələn imkanlı turistləri ölkəmizdə görə bilməyəcəyik. Odur ki, ən tez zamanda nəqliyyat problemi həll olunmalıdır. Onu da qeyd edim ki, bizim hava limanımızda da inhisarçılıq var. Dünyanın hər bir hava limanında ziyarətçilərə yerüstü xidmət göstərilir. Dünyanın heç bir ölkəsində həmin yerüstü xidmət yerli, yəni dövlət hava limanına tabe deyil. Təbii ki, mülkiyyət dövlətindir, amma aeroportun işlədilməsi bu işin peşəkarı olan digər tanınmış şirkətlərə həvalə edilir. Təbii ki, Azərbaycanda da bu cür şirkətlər yaradıla və yetişdirilə bilər. Burda da işinin peşəkarı olan kifayət qədər insan var. Onu da deyim ki, hava limanlarında yerüstü xidmət göstərən şirkətlər dünyanın istənilən ölkəsindən gələ bilər. Bizdə isə bu xidməti 1998-ci illərin sonunda yaradılan inhisar şirkət həyata keçirir.

Təbii ki, “Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsi hər hansı bir ölkəyə uçursa, həmin ölkənin eyni səviyyəli hava yollarının təyyarəsi də bizim ölkəmizə uça bilər. Müqavilə bağladığı şirkət tərəfindən( qeyd etdiyimiz kimi, bizdə bu işlə bircə şirkət məşğul olur) həmin təyyarəyə fiks paket verilir. Təyyarəyə texniki baxış, göyərtənin təmizlənməsi, bir sözlə, təyyarəyə ümumi xidmət bu paketə daxildir. Xidmət paketinin icraçısı isə yalnız bir şirkətdir, yəni, seçim yoxdur. Seçim olmayan yerdə isə, rəqqabət yoxdur. Rəqabət yoxdursa, demək yüksək keyfiyyətdən, qiymət müxtəlifliyindən də danışmağa dəyməz. Eyni xidmət, eyni keyfiyyət, yüksək qiymət - xarici avioşirkətlərin ölkəmizdə qarşılaşdığı mənzərə budur. Bütün inkişaf etmiş ölkələrdə isə ən azından 3 şirkət arasında seçim etmək imkanı olur, özü də hər bir şirkətin xüsusi bazası, öz trapı, perronu olur. Bizdə isə bunların heç biri yoxdur. Bu üzdən dünyanın tanınmış aviaşirkətləri Azərbaycana gəlməkdən, ölkəmizlə əməkdaşlıqdan çəkinir.

Təsəvvür edin ki, siz bir müştərisiniz. Dubaydan Bakıya səfər etmək istəyirsiniz və Bakıda 1 hətəyə nə qədər pul xərcləyəcəyinizi hesablayırsınız. Məlum olur ki, 1 nəfərin 1 həftə Bakıda qalması (nəqliyyat və otel daxil olmaq şərtilə) sizə 1000-1200 dollara başa gələcək. Mən hələ aviabiletləri demirəm. Ailəniz də 7-8 nəfərdən ibarətdir. Bakıya gəlmək istəyərsiniz? Təbii ki, istəməzsiniz. Ondansa gedib Tailandda istirahət edərsiniz. Çünki bu sizə daha ucuz başa gələcək.

Turizm sektorunda belə bir qayda var. Turizm şirkətləri əvvəlcədən təyyarədə bir neçə yer alır. O yerlərə bilet sata bilsə də, bilməsə də, qiymətini ödəməli olur. Dünyanın əksər ölkələrindən fərqli olaraq, bizdə həmin blok yerlər yerli şirkətlərə çox baha qiymətə başa gəlir, o üzdən həmin yerləri xarici dövlətlərə sata bilmirlər və ziyanda qalırlar.

"Ölkəyə turist axınını təmin etmək üçün turistlər üçün hər mənada lazımi şərait yaradılmalıdır"

- Bəs ölkəmizdə turistlərə göstərilən xidmət hansı səviyyədədir?

- Artıq qeyd etdiyim kimi, 3-4 il bundan əvvəl Azərbaycana əcnəbi qonaqların axını başladı, bu da sürətli otel inşasına təkan verdi. Əslində bunlara otel demək doğru olmazdı. Sadəcə müxtəlif məqsədlərlə inşa edilən binalar otel halına salındı. Yəni, otaqlar bölündü, otaqlara çarpayılar qoyuldu və s. Bu “otellər” satışa çıxarıldı, elə bütün problemlər də bundan başladı. O zaman mən həmin “otel”ləri erməni qəbirstanlığı adlandırırdım və deyirdim ki, vaxt gələcək, bu otel dedikləriniz hostel kimi çalışacaq. Çoxları mənim bu sözlərimə gülürdü. Amma zaman keçdi və mənim sözlərim öz təsdiqini tapdı.

Azərbaycan doğrudan da dünyanı özünə cəlb edən bir ölkədir. İstər təbiətimiz, istər mətbəximiz, istər zəngin mədəniyyətimiz əcnəbilər üçün son dərəcə maraqlıdır. Amma bununla iş bitmir. Ölkəyə turist axınını təmin etmək üçün turistlər üçün hər mənada lazımi şərait yaradılmalıdır. O cümlədən otellər hökmən dünya standartlarına cavab verməlidir.

Otel tikintisində ən böyük problem nədədir? Otel sahibi olmaq istəyən və bu işə milyonlarla sərmayə yatıran iş adamları ilkin olaraq dizayner axtarır ki, otelin görünüşü gözəl və cəlbedici olsun. Amma bir məsələni unudurlar. Unudurlar ki, hər bir işin öz peşəkarı var. Otel işi isə böyük dəqiqlik tələb edir. Oteldə hər şey son dərəcə dəqiqliklə ölçülüb biçilməlidir. Siz otel otağını bəlli bir zaman üçün turistə kirayə verirsiniz, turist həmin məkanda özünü rahat hiss etməli, bütün ehtiyacları ən yüksək səviyyədə ödənməlidir. Otelin daxili elə işlənməlidir ki, heç kəs özünü narahat, naqolay hiss etməsin. Personal üçün nəzərdə tutulan otaqlarla, otel nömrələri bir-birindən uzaqda olmalıdır. Ümumiyyətlə, otel əməkdaşları ayrıca, sırf onlar üçün nəzərdə tutulmuş qapıdan daxil olmalıdırlar. Amma təəssüf ki, otellərin əksəriyyətində bu nüanslara diqqət yetirilmir.

"Azərbaycanın dünyada tanınan heç bir otel markası yoxdur"

Başqa məqsədlər üçün inşa edilən binalarda ən çox müşahidə olunan mənzərə: lift yeri, yanğın öilləkəni və geniş, boş məkan. Otel mütəxəssisi olmayan yerli dizaynerlərin əksəriyyəti eyni işi görür, yəni yaşayış binasının dizaynını otelə tətbiq edirlər. Personal üçün harda gəldi yer düzəldirlər, ziyarətçi otaqlarının, sanitar qovşaqlarının yerini də düzgün müəyyən etmirlər. Hətta əksər otellərdə personal üçün duş kabinələri belə yoxdur. Bu da bəzən personalla yaxın təmasda olan turistlərə, eləcə də otel əməkdaşlarına xoşagəlməz anlar yaşadır. O üzdən bir daha təkrar etmək istəyirəm ki, oteli yalnız otel işini bilən, otel sisteminin necə işlədiyindən hali olan mütəxəssislə planlaşdırmaq lazımdır. Otelə yanaşma tam fərqli, özəl olmalıdır. Oteli yaşayış binası ilə qarışdırmaq olmaz. Yaşayış binasındakı mənzillərdə eyni insanlar yaşayır, otellərdə isə müxtəlif ölkələrdən gələn, fərqli mədəniyyətlərin təmsilçiləri, müxtəlif xarakterli insanlar yaşayır. O üzdən otellər həm son dərəcə rahat, modern, gözəl, həm də dözümlü olmalıdır. Bu tələblərə cavab verməyən otellərə tələbat demək olar ki, yoxdur. Həmin otellərdə bir neçə il bundan əvvəl günü 100-150 dollara təklif olunan otaqlar bu gün hindlilərə, ərəblərə 30-35 manata verilir, özü də əsasən bir gecəlik istifadə olunur. Amma bu gün ölkəmizdə həqiqətən bütün tələblərə cavab verən otellər inşa edilir. Həmin otellərdən birinin layihə rəhbəri də mənəm. Onu da deyim ki, bu gün xarici dövlətlərdə otel işini məndən qat-qat yaxşı bilən soydaşlarımız işləyir. Odur ki, iş adamlarına tövsiyəm, otelin inşasına başlamazdan öncə məhz bu cür mütəxəssislərə müraciət etsinlər və otel tam hazır olub istifadəyə verilənədək o insanlarla əlaqəni kəsməsinlər. Mütəxəssisə verilən pul batmır, əksinə keyfiyyətli iş 5 qat artıq gəlir gətirir. Yolun başlanğıcında simiclik edib 200-300 min manata qənaət edən iş adamı yolun sonunda milyonlar itirir.

Oteldə hər şey ən xırda dəqiqliklə ziyarətçilərin rahatlığına hesablanmalıdır. Çünki oteldə qalan insanları əhəmiyyətsiz məqamlar belə qıcıqlandıra bilir. Əcnəbi ölkəni gəzib dolaşmağa gələn insanlar oteldə rahatlanmaq, ödədikləri pulun qarşılığı olaraq hər bir istəklərinin qarşılanmağını istəyirlər. Vətənlərinə qayıtdıqdan sonra isə təəssüratlarını bölüşürlər, bu da ölkəmiz haqda rəy formalaşdırır.

Bir məqamı da xüsusi qeyd etmək istəyirəm. Azərbaycanın dünyada tanınan heç bir otel markası yoxdur. Otellər üçün müəyyən olunan ulduzlar isə sadəcə kimlərinsə zövqünə əsasən müəyyən olunur və xüsusi önəm kəsb etmir. Bu gün Azərbaycanı dünyada tanıda bilən, müxtəlif ölkələrdə fəaliyyət göstərəcək otel markası yaradılmalıdır. Dediyim odur ki, hər bir otelçi müştəri kimi düşünməyi, müştərinin tələb və istəklərini hiss edib duymalı və işini buna uyğun qurmağı bacarmalıdır. Əks halda heç bir uğurdan danışmağa dəyməz. Təbii ki, otellərin şəhərdəki yeri də önəmlidir. Bu gün otelçiliklə bağlı dövlət proqramına ehtiyac var. Otellərin dəniz kənarı boyu tikilməsi çox gözəl nəticə verər. Bu gün dəniz kənarında demək olar ki, otel yoxdur. Əsasən əyləncə mərkəzləri, restoranlar və s. tikilib. Bakıya gələn turistlərin əksəriyyəti 2-3 gün şəhərdə qalıb rayonlara, təbiət qoynuna yola düşür. Amma otellər dəniz kənarında olsa, dənizin cazibəsi onları Bakıya bağlayar, üstəlik otellərin qiymətləri də stabilləşər, bunun sayəsində burda daha çox turist qalar.

Bütün inkişaf etmiş ölkələrdə turizm şirkətləri öz müştərilərini hava limanında qarşılayır. Hər bir şirkətin öz stendi, özünəməxsus geyimi var. Bizdə isə çox təəssüf bu praktika yoxdur. Kim nə istəyir, necə istəyir, elə də geyinir. Üstəlik, otel personalının turistlərlə davranışı da lazımi səviyyədə deyil. Çox vaxt nəzakət qaydalarına əməl olunmur, turistlərin çamadanları etinasızlıqla yerə atılır və s. Bütün bunlar isə təbii ki, əcnəbi qonaqların narazılığına səbəb olur. Ümumiyyətlə, ölkəmizdə turizmdən xəbəri olan və olmayan hər kəs bu sahə ilə məşğul olur. Ən böyük problemimiz isə taksilərlə bağlıdır. Özlərini otelçi hesab edən işbazlar taksi sürücülərini pulla şirnikləndirib ələ alır. Hər müştəri üçün bəlli bir məbləğ alan taksi sürücüləri hava limanında turistləri “ovlayır” və onları həmin otelçilərin otellərinə aparır. Əvvəlcədən turizm agentliyi, yaxud xüsusi sistem vasitəsi ilə yerli otellərdən birində otaq kirayələyən turistin şəhəri tanımamasından istifadə edən fırıldaqçı sürücü həmin oteli pisləyir, əslində şəhərin mərkəzində yerləşən otelin şəhər kənarında yerləşdiyini söyləyərək onu daha “əlverişli”, daha “komfortlu” otelə aparır. Otağı əvvəlcədən kirayələnən otel sahibi isə müştərisini gözləyə-gözləyə qalır. Sonucda bütün fırıldaqlar kimi, bu fırıldağın da üstü açılır, bu da ölkəmizin imicinə çox ağır zərbə vurmuş olur.

Göründüyü kimi, ölkəmizdə turizm sahəsi ilə bağlı həllini gözləyən məsələlər, problemlər çoxdur. Bunların ən tez zamanda həll olunması üçün isə artıq qeyd etdiyim kimi, ilk növbədə dövlət proqramı qəbul olunmalı və icrasına başlanmalıdır.

- Gərəkli söhbətə görə təşəkkür edirəm.

- Sağ olun.

Hurriyyet.org

Şərhlər

XƏBƏR LENTİ