SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » "Saatlının başçısını 11 km kənara göndərməyi də islahat adlandırırlar…”

"Saatlının başçısını 11 km kənara göndərməyi də islahat adlandırırlar…”

Tarix:

14-07-2019, 15:06

/ 1 928 dəfə oxundu.
"Saatlının başçısını 11 km kənara göndərməyi də islahat adlandırırlar…”

Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun Ovqat.com-a müsahibəsini ixtisarla təqdim edir:

- Prezident İlham Əliyevin son kadr dəyişikliyinə münasibətiniz necədir? Necə hesab edirsiniz, bu dəyişiklikləri bir müddət əvvəl elan olan kadr islahatı kimi qiymətləndirmək olarmı?

- Açığını desəm, ölkə başçısının son kadr dəyişikliklərində hansısa qüsur görmədim. İstər Daxili İşlər Nazirliyində, istərsə də DTX-da aparılan dəyişikliklər qanunun tələblərinə və formalaşmış ənənələrə uyğun idi. Yeni təyin olunan Daxili İşlər naziri uzun illər eyni strukturda ikinci şəxs qismində təmsil olunurdu. Dolayısıyla indiyədək yürüdülən siyasətləri bilir, nazir müavini kimi ciddi təcrübələr qazanıb. Onun nazir təyin olunması tamamilə normaldır.

DTX-nın yeni sədri barədə də bənzər fikirlər söyləmək olar. Düzdür, o, bir müddət öz doğma kollektivindən uzaqlaşdırılmış, korrupsiya ilə mübarizə aparan bir qurumda yüksək vəzifəyə təyin olunmuşdur. Buna baxmayaraq, Əli Nağıyevin ondan əvvəl yenə keçmiş MTN-də I müavin işləməsi də bəllidir. Keçmiş MTN rəhbərləri, bu strukturda yüksək vəzifələrdə çalışmış şəxslər yeni nazirin iş qabiliyyəti, savadı, təcrübəsi barədə xoş sözlər dedilər. Təyinata münasibət bildirən hər kəs DTX-nin indi professional və daha əmin əllərdə olduğunu dilə gətirdilər. Sözsüz ki, peşəkarların bu fikirlərini təkzib etmək üçün bizim əlimizdə hər hansı əsas yoxdur. Könül istərdi ki, istər Vilayət Eyvazov, istərsə də Əli Nağıyev cəmiyyətimizin onlara bəslədiyi etimadı doğrultsun, ancaq və ancaq qanunun tələblərinə qulluq etsin.

- Bu təyinata fərqli aspektdən yanaşanlar da var. Bəzi mülahizələrə görə, təyinatların əsas səbəbi hökumətin öz təhülkəsizlik kəmərini bərkitmək ehtiyacından doğub. Yeni kadrların əvvəlkilərlə müqayisədə daha sərt üsullarla cəmiyyəti susduracaqlarından ehtiyat edilir.

- İstənilən qərar barədə müxatəlif fikirlər səsləndirmək olar. Yaşanmamış hadisənin necə olacağını isə zaman göstərəcək. Düşünürəm ki, yeni kadrların fəaliyyətinə yalnız icraatlarından sonra dəqiq qiymət verilə bilər. Ona görə də proqnoz verməyə tələsməyək. Hər şey bir müddət sonra bəlli olacaq və mən onda bu barədə öz fikirlərimi deyəcəyəm.

Uzun illərin təcrübəsi məndə fakta əsaslanmadan danışmamağı öyrədib. Yeni nazirlərin əməli fəaliyyətini şübhə altına almaq üçün isə hazırda hər hansı fakt yoxdur. Amma onu da gizlətməyim ki, sizin təbirinizlə desək, hakimiyyətin şəxsi mənfəətləri və təhülkəsizlik kəmərini bərkitməsi üçün köhnə kadrları yeniləri ilə əvəz etməsinə inanmıram. Çünki bu işi köhnələr də pis bacarmırdılar. Xüsusilə sabiq Daxili İşlər naziri Ramil Usubovun bu sahədə uzun illərə söykənən təcrübəsi var idi. DTX-nın sabiq sədri də ondan geri qalmırdı. Hətta bu bacarığına görə milli qəhrəman adına layiq görülmüşdü.

Məncə, bu kadr dəyişikliyinin iki səbəbi var. Biri, yaşlanmış bir kadrı daha dinamik şəxslə əvəz etmək idi ki, bunu DİN-dəki dəyişikliyə şamil etmək olar. Digəri dövlətin təhlükəsizliyini daha peşəkar insanlara tapşırmaq idi. Xüsusilə indiki kritik zamanda DTX-da bu cür dəyişikliyə ehtiyac yaranmışdı.

Bilirsiniz ki, Rusiya və ABŞ arasındakı geopolitik mübarizə artıq Cənubi Qafqaza qədər yaxınlaşıb. Cənubda isə ABŞ-İran gərginliyi getdikcə artır və rəsmi Tehran onu gözləyən hər hansı zərbəyə ABŞ-ın maraq dairəsində olan dövlətlərdə cavab verəcəyini gizlətmir. Azərbaycan da ABŞ-ın qlobal neft-qaz strategiyalarının marşrutu üzərində yerləşir. TANAP, TAP, Cənubi Qaz Dəhlizi və Bakı-Ceyhan boru xətlərinin başladığı bu məkanın təhlükəsizliyi daha peşəkar adamlara tapşırılmalı idi. Məncə, DTX-dakı dəyişikliyin əsas sirri bu həqiqətdə axtarılmalıdır. Amma yenə deyirəm, yeni nazirlər öz iş fəaliyyətlərini hansısa şəxslərə yox, qanuna qulluq əsasında qurmalıdırlar.

- Bəs bu dəyişiklikləri Prezidentin bir müddət əvvəl vəd etdiyi kadr islahatı kimi alqılamaq olarmı?

- Doğrusu, kadr islahatları deyəndə nəyin nəzərdə tutulduğunu bilmirəm. Bəzən Saatlının isra başçısını 11 km aralıda yerləşən Sabirabada, Sabirabadın icra başçısını isə Saatlıya göndərməyi belə, az qala kadr islahatı kimi təqdim edirlər. Halbuki, hər dəyişikliyi islahat adlandırmaq mümkün deyil. İslahat, bildiyiniz kimi, islah sözündən əmələ gəlib. Məntiqlə, istənilən dəyişiklik o zaman islahat adlandırıla bilər ki, nəticə etibarilə cəmiyyətin hansısa neqativ halını islah etsin, düzəltsin. Eyni sözlər kadr islahatlarına da aiddir. Kadr islahatı aparılacaqsa, ilk öncə bəzi zərərli tendensiyadan uzaqlaşılmalıdır. Dövlət idarəçiliyi bu işi bacaran insanlara həvalə edilməlidir. Sadəcə nazirlərin yerini dəyişməklə kadr islahatı aparmaq olmaz.

Mənim fikrimcə, islahatlar kompleks şəkildə həyata keçirilməlidir. Çünki bir çox neqativ halları digər bir neqativ hal yaradır. Məsələn, yerliçilik, qohumbazlıq kimi amillər idarəçi kadrların psixologiyasında qanunlardan və milli maraqlardan daha çox klana bağlılıq şüuru yaradır. Bu da öz növbəsində onların xalq, dövlət və qanun qarşısında məsuliyyət hissini öldürür. Öz milli dəyərlərinə yad ünsür kimi formalaşmasına yol açır. Beləcə bu zəncirvarı neqativliklər korrupsiyanın çiçəklənməsilə nəticələnir. Siyasi iradə əgər islahatlara başlayacaqsa, bütün bu neqativlikləri eyni anda aradan qaldırmağa çalışmalıdır. Yoxsa kadrların bir vəzifədən başqa vəzifəyə keçirmək, sözün həqiqi mənasında kadr dəyişikliyi sayılmır. Bu, olsa-olsa adi bir vəzifə dəyişikliyidir.

Əsl islahatlara necə başlamaq barədə partiyamızın və mənim mövqeyimi isə dəfələrlə dövrü mətbuatda bəyan etmişəm. Yenidən bu məsələyə qayıdıb təkrarçılıq etmək istəmirəm. Sadəcə onu deməklə kifayətlənirəm ki, Azərbaycan hakimiyyəti hələ də real islahat aparmaq niyyətindən uzaqdır və bəzi deklorativ tədbirlərlə manipulyasiya edir.

Şərhlər

XƏBƏR LENTİ