SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Sabiq raykom katibindən sensasion açıqlamalar-VİDEO

Sabiq raykom katibindən sensasion açıqlamalar-VİDEO

Tarix:

25-03-2017, 15:44

/ 5 095 dəfə oxundu.
Sabiq raykom katibindən sensasion açıqlamalar-VİDEO

Əjdər Əsədov: “Çardaxlı erməniləri mənim – Şamxorun katibinin otağında neçə illərdir neçə yerə dinləmə qurğusu-“juçoq”lar qoymuşdular”

Əjdər Əsədovla müsahibə almaq üçün Yasin bəy aradı məni. Tanımırdım. Heç Əjdər müəllimi də tanımırdım. Yasin bəy Əjdər Əsədovun 1983-1987-ci illərdə Şamxor (Şəmkir) Rayon Partiya Komitəsinin I katibi işlədiyini, bir çox önəmli fəaliyyətlər göstərdiyini dedi. “Qaynar Qazan”da onu qonaq edib-edə bilməyəcəyimlə maraqlandı və vaxt təyin edib görüşəsi olduq. Açığı, bir az da həvəssiz idim. Heç birini tanımırdım. Mövzunun nə olacağını bilmirdim. Keçmiş bir partiya işçisi nə danışa bilərdi axı.

Görüş yerində və görüş əsnasında Əjdər Əsədovla yaxından tanış olduq. Mənim müəyyən səbəblərdən Şamxorun keçmiş rəhbərlərindən tanıdığım adamlar olub. Ona görə də ortaq mövzularımız yarandı və Əjdər müəllimlə söhbət etdikcə, bu adamın dediklərinin bir an öncə çəkilib millətə təqdim olunmasına qərar verdim. Hətta birbaşa çəkilişə belə gələ bilərdim, əvvəlcədən mövzunu bilsəydim.

Əjdər Əsədov sovet dövrünün nümunəvi kadrıdır. O səliqə, o səhman, o dəqiqlik, o sadəlik və təvazökarlıq hər addımında hiss olunur. Danışığından geyiminə qədər öz dövrünün adamıdır. Son dərəcə dəqiq və ətraflı danışığı onun təcrübəsindən qaynaqlanır. Gördüyü işlər və danışdığı hadisələr çox maraqlıdır. Birbaşa tariximizi maraqlandıran və taleyimizə təsir edən işlərdən danışır Əjdər müəllim.

Yadıma gəlir. Hələ lap uşaqlıqdan bizim ellərdə Şamxorun Çardaxlı kəndinin ermənilərin “Böyük Ermənistan” xəstəliyində oynadığı rolundan bəhs edilən əfsanələr danışılardı. Təxminən hamı bu əfsanələri az qala əzbərləmişdi. Hamı Çardaxlı kəndinin “Böyük Ermənistan”ın paytaxtı olacağından, ermənilərin fəaliyyətə buradan başlayacağından danışırdı. Kəndin altının silah bazaları ilə dolu olduğu qorxulu nağıllarda olduğu kimi təsvir edilirdi. Bu kənddən Baqramyan və Babacanyan kimi erməni marşallarının çıxması, bir kəndin yüzlərlə general, polkovnik və digər zabit yetişdirməsi bu kəndi daha əsrarəngiz edirdi. Çardaxlıya haradasa kənd kimi yox, şəhər, önəmli strateji mərkəz kimi baxırdılar. Mən uşaq idim, amma atamın və başqa duyarlı insanların söhbətlərindən eşidirdim ki, ermənilər bu kəndə həyati əhəmiyyət verirlər.

Budur, Əjdər Əsədov bizim nağıl kimi eşitdiklərimizi indi bizə real danışır. Çardaxlı onun raykom katibliyinin dövrünə düşüb. Ermənilərin iç üzünü o görüb. Bir də baxıb ki, kənddə dövlət telefonu var və kəndin separatçıları dünyanın hər yeri ilə əlaqə saxlayırlar. Hətta katibəsi də erməni olan Birinci katib bir də baxır ki, illər əvvəldən onun kabinetinə dinləmə qurğuları quraşdırılıbmış. Ermənilər Çardaxlını əməlli-başlı mərkəz bilirlərmiş və bütün hücum oradan başlayacaqmış. Çardaxlının önəmi oradan da aydın görünür ki, buranın sovxoz sədri də, ikinci kilsəsinin keşişi də erməni katalikosu Vazgenin bacısı uşaqları olub. Diqqət o həddə olub yəni. Ayrıca, buranın ermənilərini qorumaq üçün onlara Yerevanda da vəzifə verirlərmiş. Burada onları ilişdirmək istəyəndə Yerevan onlara sahib çıxırmış.

O illərdə Çardaxlıda 3 böyük hadisə olub. 1987-ci ilin 24 aprelində ermənilər qondarma “soyqırımı” ilə bağlı tədbir keçirməyi planlaşdırıblar. Həmin ilin avqustun 25-də qulaqsız Andranikin, dekabrın 1-də isə Baqramyanın 90 illik yubileyinin keçirilməsini nəzərdə tutublar. Məlumatlar olub ki, bu hadisələri bəhanə edən ermənilər, hər 3 hadisədən də Azərbaycanın əleyhinə istifadə edəcəklər və dekabrın 1-dəki tədbirlə isə fəaliyyətə başlayacaqlar. Əjdər Əsədov və o zaman Şamxorun milis rəisi olan Hüseyn Allahyarovun səyləri nəticəsində bu 3 tədbirdən heç biri baş tutmur. Bütün həyatlarını riskə qoyaraq bu tədbirlərin qarşılarını alırlar.

24 apreldə yolu kəsirlər, 25 avqustda maneə törədirlər, 1 dekabrdan bir gün əvvəl isə Çardaxlıya girib kəndi şumlayırlar. Bununla da ermənilərin dirənişi qırılır və Çardaxlı mifi darmadağın olur. Ermənilər artıq Çardaxlıdan başlaya bilməyəcəyini aydın dərk etdiklərinə görə, başqa bir yumşaq nahiyəyə – Stepanakertə (Xankəndinə) üz tuturlar. Və… başlayır…

Əjdər Əsədov bu tarixi xidmətləri demək olar ki, təkbaşına edir. Mərkəz – Kamran Bağırov başda olmaqla ermənilərə sanki əsir düşüb. Bir-birinin ardınca xəbərdarlıqlar gəlir, “ermənilərlə işin olmasın” deyirlər, amma Əjdər Əsədov heç nəyə baxmadan işinin başında olur. Çardaxlı yarasını da topla-tüfənglə yox, cəsur bir milis rəisinin köməkliyi ilə yalın əllə həll edir. Silahı da yığırlar – armaturlarla, vəssalam. Bax, Stepanakert də beləcə – armaturla həll olunacaq problem idi. Namuslu və fədakar başçılar olsaydı, bu millətin indi erməni problemi olmazdı.

Əjdər Əsədovun müsahibəsini “Azadlıq Salnaməsi”ndə götürdük. Tam “Azadlıq Salnaməsi”dir. Onun etdikləri dediyi kimidirsə və bu boyda ölkənin bu boyda problemini həqiqətən də dedikləri kimi həll ediblərsə, həm Əjdər Əsədova, həm də Hüseyn Allahyarova bu ölkənin ən yüksək mükafatları da təqdim olunsa azdır. Adamlar Milli Qəhrəmandırlar. Belə də bilinə…

Əsas isə odur ki, özünüz baxasınız, əziz tamaşaçılar. Bir daha bu müsahibənin fonunda sübut olunur ki, hər kəs öhdəsinə düşəni etsəydi, indi bu ölkənin heç bir problemi yox idi.

“Azadlıq Salaməsi”ndə Şamxor rayonunun 1983-1987-ci illərdə Rayon Partiya Komitəsinin I katibi işləyən, Andranikin yubileyinin, Baqramyanın 90 illiyinin qarşısını alan, 24 aprel saxta erməni "soyqırımı"nı keçirməyə qoymayan, məşhur "Çardaxlı əməliyyatı"nı keçirən Əjdər Əsədovun müsahibəsinin I hissəsidir. Çox maraqlı müsahibədir… Buyurun…

Əvəz Zeynallı, “Azadlıq Salnaməsi”

I hissə

Kamran Bağırov dedi ki, al telefonu Heydər Əliyevlə özün danış

– Bu gün “Azadlıq Salnaməsi”ndə çox önəmli bir dövrü müzakirə edəcəyik. 1983-87-ci illərdə Şamxor (Şəmkir) Rayon Partiya Komitəsinin I katibi işləmiş Əjdər Əsədovla söhbətdə indiyə qədər Azırbaycan cəmiyyətinə çox geniş açıqlanmayan və çox maraqlı, millətimizin taleyi üçün çox önəmli “Çardaxlı əməliyyatı”, o cümlədən ermənilərin “milli qəhrəman”ı Andranikin Çardaxlıda ad gününün qeyd olunması ilə bağlı keçirəcəkləri geniş tədbirin dağıdılması və Baqramyanın 90 illik yubileyinin qeyd olunması zamanı önəmli və böyük hadisələrdən bəhs edəcəyik. Əjdər müəllim, xoş gəlmisiniz.

– Çox sağ olun.

– Mən istəyirəm birbaşa sizin Şamxora (Şəmkir) – Rayon Partiya Komitəsinə I katib təyin olunmağınızdan da başlayaq. Siz o dövrdə Balakən RPK-nin I katibi işləmisiniz, eləmi?

– Bəli.

– Necə oldu ki, sizin təyinatınızı Şamxora dəyişdilər?

– O dövrdə artıq 5-6 il idi ki, Balakən RPK-də I katib işləyirdim. Məni Mərkəzi Komitəyə çağırıb dedlər ki, təyinatını artıq dəyişmək lazımdır. O vaxtlar 5 ildən bir katiblərin yerini dəyişirdilər. Mənim təyinatımı Şəkiyə verdilər. O vaxt Şəkinin I katibi Nurəddin Mustafayev idi. Onu Naxçıvana “obkom” (Komunist Partiyası Vilayət Komitəsi) göndərmişdilər və məni də onun yerinə təyin etmək istəyirdilər. Mən də razılıq verdim. Büroda da məsələyə baxdılar, razılaşdılar. Sabah yox, birisigün Şəkidə konfrans idi. Xanlar rayonunda heyvandarlıq üzrə müşavirə idi və bütün respublikaların – Ermənistan, Gürcüstan, Azərbaycanın rayon katibləri, nazirlər orada idilər. Xanlar rayonunda “Motel” deyilən yer var, orada olanda axşam zəng vurdular ki, sabah saat 9-da Mərkəzi Komitədə olun. Nəsə, nigaran oldum ki, axı sabah da müşavirədir. Nəsə, səhər saat 9-da gəlib Mərkəzi Komitəyə çatdım. Mənə dedilər ki, səni Ramiz Mehdiyev çağırır. Ramiz Mehdiyev o zaman “orqotdel”in – Mərkəzi Komitənin Təşkilat şöbəsinin müdiri idi. O, mənə dedi ki, “sənin təyinatını Şamxora dəyişirik”. Dedim, “axı niyə belə oldu? Mən Şamxora gedə bilmərəm. Orada üzümçülükdür, pambıqçılıq rayonudur. Mən digər kənd təsərrüfatı sahələrində ixtisaslaşmışam. Zaqatala, Balakən zonasına. Dedi, “o zaman mən heç nə deyə bilmərəm, get Konovalovun yanına”. Konovalov onda Mərkəzi Komitənin II katibi idi, getdim, onun yanına, dedim, “axı dünən o söhbət olub, büroda bu məsələ razılaşdırılıb”. Dedi ki, “до вчерашнего дня было так, а сегодня так…” Yəni bu gün sən artıq Şamxora getməlisən. Dedim, “Yox, mən Şamxora getmirəm”…

– Yəni bir səbəb də göstərmirlər?

– Hələ demirlər… Dedim, “mən onda I katib işləmək istəmirəm. Elmi işçiyəm də, gedib elmi işimlə məşğul olaram, dədəm-babam I katib olmayıb ki…” Aşağı düşdüm, milisioner məni qapıdan buraxmadı. Dedi ki, “Əjdər müəllim, sizi yuxarıda gözləyirlər. Kamran Bağırov sizi gözləyir.” Təzədən apardılar Kamran Bağırovun yanına. Kamran Bağırov da Mərkəzi Komitənin katibi idi və əvvəldən də onunla tanış idik. Sumqayıtda I katib olanda da münasibətlərimiz çox yaxşı olmuşdu. Dedi, “niyə getmirsən?” Dedim, “Kamran Mamedoviç, mən axı pambıq bilmirəm, üzüm bilmirəm, ora qərb zonasıdır, ayrı zonadır. Mən Zaqatala-Şəki zonasında böyümüşəm, oraları yaxşı bilirəm”. Dedi, “yox, ora getmə”. Mən də dedim ki, “yox, mən ora getməyəcəm, inciməyin-filan”. Dedi, “getmirsən?”, dedim, “yox”. Telefonu yığdı, dedi, “al, danış, denən getmirəm. Danış, denən ki, getmirəm”. Soruşdum ki, “axı, bu kimdir, kimə nə deyim?” Onda dedi ki, “Heydər Əliyeviçdir”.

– Onda da Heydər Əliyev artıq Moskvada idi.

– Moskvada idi. Təəccübləndim ki, “bu, nə deməkdir? Heydər Əliyeviç niyə?” Onda dedi ki, “bəli, dünənə qədər sənin təyinatın Şəkiyə idi, amma dünən Heydər Əliyeviç zəng vurub tapşırdı ki, Əjdər Əsədoviçi göndərin Şamxora”. Onun sözünü yerə salmadım.

Heydər Əliyevin kabinetindən qaçmaq istədim, dilim tutuldu

– Əjdər müəllim, Heydər Əliyev Moskvada otura-otura Azərbaycandakı bütün hadisələrə təsir edir, yəni “raykom”ların yerini dəyişdirə bilirdi?

– Yox, yox, mən deyə bilmərəm ki, dəyişdirirdi. Nəsə, mənimlə əlaqədar səbəbini də deyəcəm ki, o, nə üçün bunu elədi. Mən həmişə Heydər Əliyevə sadiq adam olmuşam. Həmişə sadiq adam olmuşam, indən sonra da olacam. Amma o vaxt bu işlərə çox qarışmırdı. Kamran Bağırov çox işləri həll edirdi. Mən şahidəm ki, Şamxorda işləyəndə Konovalov gəlib mənə dedi ki, “Xanlar rayonuna bir yaxşı namizəd de”. Həmin rayonun II katibi var idi – Qərib İsgəndərov. Mən dedim, “elə II katib işləyir də, onu I katib təyin edin” . O vaxtlar bilirsiniz belə söz-söhbətlər, pul və s. şeylər olmayıb.

– Bəlkə Heydər Əliyevin özü sizi elə bu erməni məsələsinə görə ora göndərirdi?

– İndi deyəcəm, amma o vaxt mən bilmirdim ki, nəyə görədir. Hə, onda mən Kamran Bağırova dedim ki, “Mən Heydər Əliyeviçə heç nə deyə bilmərəm”. Dedi, “bax, görürsən, ondan qorxursan, məndən qorxmursan”. Dedim, “a kişi, səndən də qorxuram e… Amma mən Heydər Əliyeviçə deyə bilmərəm ki, gedə bilmərəm. O, ölümə göndərsə, deyəcəm ki, gedirəm”. Nəsə, razılaşdıq və mən Şamxora təyin olundum.

– Yəni artıq Heydər Əliyevlə danışmadınız?

– Yox, yox, heç danışa da bilməzdim. Mən I katib təyin olunan ərəfədə onun kabinetinə gedəndə, əvvəl üzünə baxdım. Mənə demişdilər ki, bir az özünü “boevoy” (mübariz) göstər. Heydər Əliyev demişdi ki, “bu, müəllimə oxşayır, bundan katib olar?” Mənim də saçım-zadım bir az çox idi, qalstuk-malstuk… Birinci dəfə qəbulunda içəri “boevoy” girdim. Gördüm, belə baxır, çox pis baxır. Məni vahimə tutdu, dayandım. Gördüm, yenə elə pis baxır. İnanın, həqiqi sözümdür, özümə dedim ki, axı sənin nə işin var, bura gəlirsən? Katib-filan nədir? Dala-dala qaçanda dedi, “ты куда? Ты куда? Стой!!!” (Sən hara? Sən hara? Dayan!!!) Dayandım. Əliylə çağırdı. Geri qayıtdım. Birinci yeri göstərdi, dedi “Садись!” Gedib, üçüncü yerdə oturdum. Soruşdu ki, “hara gedirdin?” Nitqim tutuldu, danışa bilmədim. Ona baxmaq belə mümkün deyildi. Onda elə bir qüvvə var idi ki, həqiqi sözümdür, ona yalan danışmaq mümkün deyildi. Yalandan kimsə nəsə deyə bilməzdi. İndi nə qədər istəyirsən, yalan danış. Vəzirovun vaxtında nə qədər istəyirdin, yalan danış. Onunla elə söhbət yox idi. Ona yalan danışmaq mümkün olan şey deyildi. Hər şeyi özün açıb tökürdün. Onda görüşdüyüm üçün onun zəhmini bilirdim. Dedim, “yaxşı, gedirəm, gedirəm”. Nəsə, gəldik, seçkini elədik. Mən gedəndən 2-3 ay sonra Moskvadan ora ruslar gəldilər. Əvvəl 4-5 nəfər gəldilər.

– Siz Şəmkirə təyin olunandan sonra?

– Hə, Şəmkirə təyin olunub işləyirdim. 4-5 ay keçmişdi, ruslar gəldilər ki, “biz burada yoxlama aparmalıyıq”. Soruşdum ki, nə yoxlama? Dedilər ki, bəs məsələ belədir, tapşırıq var. Həmin vaxt artıq Qorbaçovun Heydər Əliyevə namərdlik elədiyi vaxtlardı.

Kamran Bağırovun xəyanətkar olduğunu hiss elədim

– 1985-ci ildə?

– 1984-cü ilin axırları, 1985-ci ildə artıq Qorbaçov başlamışdı. Onda rusların birinci sözü mənə o oldu ki, “sən Heydər Əliyeviçin kadrısan”. Dedim, “bəli, mən fəxr edirəm ki, onun kadrıyam. Milisionerin nə işi var kadr məsələsiylə?” Mən onlarla sərt danışırdım. Dedilər ki, “biz yoxlama aparacağıq”. Mən də dedim ki, qoymayacam. Qoymadım, buraxmadım. Dedim, “çıxın rayondan, mən bura təzə gəlmişəm. İndi də camaat deyəcək ki, katib bura gəlib bizi yoxlatmağa. Özü də Moskvadan…” Bunlar Bakıya gəlib, Kamran Bağırova şikayət elədilər ki, “bizi I katib yoxlama aparmağa buraxmır”. Məni Bakıya çağırdılar ki, “sən bunları niyə buraxmırsan?” Dedim, “əşşi, mən bunları niyə buraxmalıyam e? Tanımıram, bilmirəm. Deyir, mən gəlmişəm, səndə, rayonda yoxlama aparmağa”. Kamran Bağırovun yanında rəhmətlik Sabir Hüseynov da var idi, dedilər ki, yox, bunlar Moskvadan gəlib. “Kommunist Partiyası Mərkəzi Komitəsindən göndəriliblər-filan. Belə olmaz…” Kamran Bağırovun o cür münasibəti düzü, mənim xoşuma gəlmədi. Hiss elədim ki, burada nəsə bir xəyanətkarlıq hiss olunur. Dedim, “artıq qərar vermisiniz, etirazım yoxdur. Amma siz məni Şamxora zorla I katib göndərəndə mənə söz vermişdiniz ki, 1 ildən sonra sənin təyinatını dəyişəcəm. Bir ilə az qalıb, indi komissiya göndərirsən ora? Özü də Moskvadan olan komissiyanı?” Bu 3-4 nəfər bir azdan oldu 5-10 nəfər, 50 nəfər, 100 nəfər, 200 nəfər, 300 nəfər…

– Həmin Moskvadan gələn komissiyanın tərkibi?

– Hə. SSRİ-nin hər yerindən gəldilər – “obxss”-lər, müstəntiqlər, cinayət axtarışı işçiləri tökülüşdülər Şamxora. Mehmanxanada yerlər tutuldu. Kirayə evlər tutdular. Gəncədə qalanlar oldu…

Qorbaçovun qəti tapşırığı idi: “Biz Azərbaycanı məhv eləməliyik!”

– Allah.. Allah… O qədər adam?

– 400-500 adam tökülüşüb gəldilər. Nəfəs almaq olmurdu. Mərkəzi Komitə məndən əlini üzdü. Mərkəzi Komitədə Şamxor adlı rayon, heç olmasa, bunlara bir zəng eləyək, maraqlanaq. Heç kəsdən xəbər yoxdur. Ora gəlməyə belə qorxurdular. Ruslar burada işləyirdi, qorxurdular ki, tutacaqlar. Tək qaldım onlarla vuruşa-vuruşa. Bunların da məqsədləri çox pis idi. Azərbaycanı pis günə qoymaq idi niyyətləri. Birbaşa Qorbaçovun tapşırığı idi ki, bu yoxlamanı Şamxor rayonundan başlayın, o biri rayonlara da keçin. “Biz Azərbaycanı məhv eləməliyik”. Onların başçısı mənə demişdi ki, “SSRİ-nin bütün pullarını bir Rəşidov alıb yeyib, bir də Heydər Əliyev alıb yeyib. Burada bu qədər zavod, fabriklər tikmisiniz. SSRİ-nin bütün qazancını BrejnevAzərbaycana qoyub”. O biri tərəfdən də Rəşidova görə, Qdlyan pambıq yoxlaması aparırıdı. Orada da tuthatut var idi.

– Eyni dövrdə?

– Eyni dövrdə. Bizə yoxlamaya gələnlər, SSRİ DİN işçiləri də Qdlyanın tələbələri idi. O zaman rayonda milis rəisinin müavini var idi, Hüseyn Allahyarov – o sənədlərdə də adı var – həm tarix müəllimi idi, həm DİN Akademiyasını bitirmişdi, müəllim də işləmişdi. Çox bilikli, çox səriştəli bir adam idi. Gördüm ki, onların işini yaxşı bilir. Mənə yalnız o kömək edirdi. Qalan camaat da qorxurdu. Gündə yalan olmasın, bəlkə də 1000-1500 adamı dindirməyə çağırırlar ki, pambığı sən yığmısan, sovqanı sən yığmısan. Bunların da çoxunu hədələyib qorxudurlar. İki nəfər sovxoz direktorunu səfərbər eləmişdilər – “verbovat” eləmişdilər, belə deyək. Bunlar guya respublika rəhbərlərinin üzünə duracaqdılar. Mənim yanıma gələndə, bildim ki, onların cibinə diktafon qoyublar ki, mənə qulaq assınlar.

– Həmin sovxoz sədrləri?

– Hə. Birinin adı Nəriman idi, o biri də Sarıyev Mamed idi. Gördüm ki, Nərimanın gözləri oynayır. Mən də təcrübəli adamam, uşaq deyiləm ki… Adam baxanda başa düşür. Mən buna sual verdim ki, “de görüm, sən hökumətin pulunu yemisən?” Diktafon da cibindədir, yazır. Dedi, yox. Dedim, denən görüm, sən pambıqdan-zaddan oğurluq eləmisən? Dedi, yox. Dedim, yaxşı, denən görüm, səni birdən-ikidən I katib çağırıb başına tapança dirəyib ki, sən pambıqdan “perepiska” elə? Dedi, yox. Dedim, sənin briqadirlərindən kimsə şuluq salıb eləyibmi, sən də şikayət eləmisənmi ki, mənim briqadirlərim hesabı-filan düzgün aparmır? Dedi, yox. Elə mən sual verirəm, verdikcə də bu deyir, yox. Dedim, bütün bunlar yoxdursa, o zaman sən nədən qorxursan ki? Bunu Sarıyev Mamedə də dedim. O da dedi, yox, elə şey yoxdur. Amma bunları yanıma öyrədib göndəriblər. Mən bunları çaşdırdım da. Başa düşmədilər ki, mən sualı niyə verirəm. Bunlar elə bilirlər ki, hələ bundan sonra bunlar özləri nəsə deyəcəklər. Luskovdur familiyası. İndi bu onu öyrədəni deyir, yoldaş Əsədov, deyin görüm, əgər mənə desələr ki, sənə Heydər Əliyev göstəriş verib, I katib göstəriş verib ki, “perepiska” elə, oğurluq elə, mən nə cavab verim? Dedim, eləmisən oğurluq, bəs, səhərdən “yox” deyirsən. Dedi, yox, oğurluq eləməmişəm. Dedim, nə eləmisən, onu denən də. İkisi də qulaq asır. Dedim, indi gedin, cibinizə o diktafonu qoyan adama deyin ki, mənim topuğum onun başından çox bilir. Özünü ağıllı sayıb eləməsin və bir də sizi bura gön dərməsin. Özü də sabah sizin ikinizi də tutduracam. Səhər prokurorluqdan adam çağırdım. Yoxlama elətdirdim. Öz işlədiyim 7-8 ay müddətini yoxlatdırdım. Çoxlu nöqsan və cinayətlər tapdım, büronun qərarı ilə tutdurdum. Dedim, indi gedin. Sonra da ruslar gəlib, mənə deyirlər ki, onların işini ver bizə. Dedim, heç cürə olmaz. “Bunları prokurorluğa büronun qərarı ilə vermişəm, prokurorluq onları yoxlayır da…” Mən bunları tutdurandan sonra onları türməyə salmışdılar. İpək yorğan-döşək, plov, dolma, otaqlarına televizor vermişdilər. Allahyarov Hüseyn də milis rəisi idi…

Fərman Salmanovun qohumunu həbsdən qurtardım

– Türmədə?

– Hə, türmədə. O da gəlib, bütün bunları görmüşdü, hamısını çölə tullamışdı ki, türmənin öz instruksiyası var. İnstruksiyadan kənara çıxmaq olmaz. Onları ruslar çox istədilər ki, oradan çıxarsınlar, mən qoymadım. Bununla da onların planı pozuldu. Amma bir şey var idi, onu mən bilirdim. Öyrəndim ki, bunlar kimləri tutmaq istəyirlər. Briqadiri, aqronomu tutacaqlar. Onların hamısını ya qaçırdırdım, ya da kənd sovetinə deputat seçdirirdim ki, tutanda bilim. Deputatı tutmaq üçün, əvvəlcə deputatlıqdan çıxarmaq lazımdır axı. Nəzifə Cəfərova var idi, Sosialist Əməyi Qəhrəmanı idi. Uzun illər onu Moskvaya apardılar ki, dindirsinlər. İstəyirdilər desin ki, “mən Sosialist Əməyi Qəhrəmanı adını saxta almışam” . Neftçi Fərman Salmanov var idi, onun qohumu idi. Nəzifəni öyrətdim-öyrətdim, başa saldım. Nəsə, sonuncu dəfə deputat seçiləndə qoymurdular seçməyə. Tutmaq istəyirdilər ki, boynuna alsın. Mən də II katib Konovalova zəng elədim ki, çox bacarıqlı, qəhrəman bir qadın var – əvvəlcə deputat olduğunu da demirəm – o qadının SSRİ Ali Sovetinə deputatlığına namizədliyini verək. O da dedi ver. Bunu seçdirəndən sonra Mərkəzi Komitədən üstümə düşdülər ki, nə üçün Nəzifəni seçdin. Axı, bu, tutulmalıdır. Dedim, “mən Konovalova zəng elədim axı. Siz də razılıq verdiniz də.” Düzdür, 3-4 ildən sonra onu SSRİ Ali Sovetinin deputatlığından geri çağırdılar.

– Həmin Nəzifəni?

– Hə, geri çağırdılar ki, tutulmalıdır guya. Gələn yoxlama komissiyasının içində ermənilər də var idi. Ermənilər də çox idilər. Ermənilər də əsasən aprel ayının ortasında partkom bir erməni qızı var idi – Kasparyan Kuarik – bundan eşitdim ki, ermənilər hansısa bir tədbiri keçirməyi planlayırlar. Bunu çağırıb, soruşdum ki, “Kuarik, bu nə tədbirdir?” Dedi ki, “мы упоминаем своих погибших” (Biz ölənlərimizi yad edəcəyik) Guya aprel genosidini…

– Hə… Aprelin 24-də…

– Məlumat da buraxıblar. Dedim ki, “sən mənə düzünü danış. Axı, sən partkomsan, partiya komitəsinin işçisisən. Mən də rayonun I katibiyəm. Gərək sən məndən heç nəyi gizlətməyəsən”. Bu, hər şeyi danışdı ki, hazırlıq görülüb. Hətta Stepanakertdən silah da gəlibdir. Stepanakert bu işə rəhbərlik eləyir. O vaxt Stepanakertin qızıl maqazinindən 1 milyon rubldan çox qızıl məmulatı oğurlanmışdı. “Azərittifaq”ın rəisi Mövsümov Arif var idi. İndi qardaşı Mövsümov Hüseyn nazirlikdə işləyir. Deputat Aqiyə var…

– Aqiyə Naxçıvanlı?

– Hə, Aqiyə Naxçıvanlının həm xalası oğlu idi, həm də ərinin qardaşı oğlu idi. Hüseynin qardaşı idi. Mövsümov Arif orada yoxlama aparmışdı, 1 milyon rubldan artıq qızıl çatışmazlığı aşkar edilmişdi. O, mənimlə görüşəndə bunu dedi. O zaman Stepanakertin I katibi Gevorkov idi. Bu Konovalov bu işi ört-basdır eləyir ki, guya elə-belə bir işdir. O vaxt 100 manat əskiyi olanı tuturdular. 50 manat əskiyi olanı tutub iş kəsirdilər, 2 qəpiyə iş kəsirdilər.

– Bəli.

– Milyonlarla oğurluq olmuşdu – onun puluna da silah almışdılar Stepanakertdə. Mən durdum dedim ki, “Коновалов, можно да высказатся?”

– Bu, neçənci ildə olmuşdu?

– 1984-cü ildə.

– Söhbət hələ 1984-cü ildən gedir?

– Yox, 1985-ci ildən gedir. Mən dedim ki, “можна да вопрос задать?” Dedi, «А что вы хотите?» Dedim, “bu qədər milyonla pul yeyilib, bu pul hara gedib, onu bilmək lazımdır”.

– Yəni o zaman artıq hamı bilirdi ki, burada belə bir yeyinti olub?

– Hə, Mərkəzi Komitənin büro iclasıdır, adam da çoxdur. Katiblər var, Mərkəzi Komitənin büro üzvlərinin hamısı oturub, susurlar. Heç kəs də dillənmir. Dedim, “axı, bu pul hara gedib? Bunun mənbəyini bilmək lazımdır. Bir mağazada 5 manat yeyinti olanda soruşurlar ki, hara gedib. Burada isə, milyonlarla dəyəri olan qızılın pulu yeyilib. Mənim də eşitdiyimə görə, həmin pula silah alınıb”. Soruşdu ki, “haradan eşitmisən?” Dedim, “Şamxorda 50-yə yaxın erməni var ki, Stepanakertdə Pedaqoji İnstitutda oxuyurlar. Onlar mənə danışıblar”.

Yerevanda hər gün yığışıb Çardaxlı üçün plan tuturdular

– Bütün bunları da büroda deyirsiniz…

– Büroda deyirəm. Konovalov da qayıtdı ki, “сами разберутся…” (özləri aydınlaşdıracaqlar) Gevorkov da çox bic adam idi. Büronun üzvü idi, amma özünü elə aparırdı ki, elə bil böyük bir şəxsiyyətdir. Onun qayınatası, səhv eləmirəmsə, azərbaycanlı idi. Onun da üstünü elə ört-basdır elədilər. Stepanakertdə rəhbərlik elə idi, sonradan keçdi Ermənistana. Yerevanda “Azadlıq” meydanında Marksizm-Leninizm İnstitutu vardı – Tarix İnstitutu. Orada hər gün axşam bütün alimlər yığılırdılar, Çardaxlı üçün plan tuturdular ki, kim nə eləməlidir. Planda yazılırdı, “Aşot sabah saat 9-da filan yerə getməlidir, Voskan da filan yerə getməlidir”. Onların proqramının hamısı məndə var idi. O proqram verilirdi buradakı ermənilərə. Bunlar axşam müzakirə eləyirdilər və tapşırıqlarını da verirdilər ki, kim nə eləməlidir. Səhər də işlərini görürdülər. Şamxorda 4 telefon var idi – götürən kimi cavab verən.

– Dövlət telefonu…

– Dövlət telefonu. Onun biri məndə idi. Belə olmalı idi. Biri icra katibində, biri hərbi komitədə…

– Biri də polisdə…

– Biri də polisdə olmalıdır. Başqa heç kəsdə olmamalıdır. Hətta prokurorluqda da olmamalıdır. Bizdə bu telefondan 5-i olub. Amma biri yox idi. Gəncədə bu işə baxan Konev var idi. Mən onu çağırıb soruşdum ki, “Konev, bizdə neçə telefon var?” Dedi, 5. Soruşdum ki, bəs, 5-ci hanı? Bu belə üzümə baxdı-baxdı, dedi ki, bir saata mən sizə deyərəm. Bu getdi. Gəncə ilə də Şamxorun arası yaxındır. Oradan zəng elədi ki, “Аждар Садыхович, пятый тедефон находится в Чардахли”. Sən demə, neçə ildir bu telefon Çardaxlıda imiş.

Çardaxlıda 5-ci dövlət telefonu vardı

– Kim verib onlara?

– Aparıb Çardaxlıya qoydurublar da… Oradan da istifadə eləyirlər. Mən bizim poçtun müdirini çağırdım, tapşırdım ki, yaxşı rabitəçilər götürsün. Getdik Çardaxlıya. Çardaxlıda, sizin bu otaqdan 2-3 dəfə böyük (təxminən 100 m2) onların texniki rabitə evi var idi. Böyük. Mən içəri girəndə məəttəl qaldım ki, ölkədə belə aparatlar yoxdur. Bu işçilərə də tapşırdım ki, onların telefonlarını ümumiyyətlə, xarab eləyin.

– O avadanlıqları haradan alıblar, o zaman?

– Aparaturanın hamısını Yerevandan alıb gətirmişdilər ora. Hər yerlə əlaqə saxlaya bilirlər. Bir sputnikləri çatışmırdı. Bu işçilər telefonların hamısını xarab elədilər. Roza Sakanyan adlı deputat qadın var idi. Mənim xatirimi də çox istəyirdi. Yaşlı qadın idi. O gəldi mənə dedi ki, “Yoldaş Asadov, sən bu kabinetdə nə danışırsansa, 10 dəqiqədən sonra orada hamısını bilirlər. Çardaxlıda hamısı onu bilir”. Mən də fikirləşirəm ki, 10 dəqiqədən sonra kim necə bilər, haradan bilər? Ha fikirləşirəm, ha fikirləşirəm, tapa bilmirəm. Katibəyə deyirəm ki, sənin anan ermənidir. Bəlkə sən xəbər aparırsan. Dedi, yox, vallah yox, canım üçün yox. Nə isə, tapa bilmirəm. Sən demə, bunlar mənim otağımda neçə yerə dinləmə qurğusu – “juçoq”lar qoyublar. Katibin otağıdır və neçə illərdir ki, bu dinləmə qurğularını ora yerləşdiriblər.

– Allah… Allah…

– Bizimkilər gedir, onların telefonlarını xarab eləyib, gəlirlər. Bu tərəfə çönməmiş telefonları yenə işləyir. Sakanyan da deyir ki, onların telefonları yenə işləyir. Bizimkilər 5-6 dəfə gedib xarab eləyəndən sonra, axırda otaqdan çıxanda onları çağırıb deyirlər ki, “ara, musulman bura gəl. Hara ilə danışmaq istəyirsən? Tel-Avivlə danışmaq istyirsən? Gəl bura. Xarabladın getdin də… Narahat olma, ala bu da Tel-Aviv. İstəyirsən İranla danış. İstəyirsən Moskva ilə danış. Əəə… Özünüzü yırtmayın, heç nə eləyə bilməyəssiniz. Bu telefon bizimkidir.” Yerevanda Marksizm-Leninizm İnstitutunda bütün erməni alimləri yığılır. Bunlar Azərbaycanın 100 il bundan əvvəlki tarixinin mənfi-müsbət cəhətlərini öyrənirlər. Eyni zamanda da Şamxorda kimə hücum eləməlidirlər, kiminlə nə danışmalıdırlar, hamısının proqramını tutub göndərirlər. Səhər bu proqramda olanlar yerinə yetirilir. Axşam yenidən toplaşıb, həmin proqramın yekununu dəyərləndirib göndərirlər.

– Hər gün bunu edirlər?

– Hər gün, hər gün. Ora göndərirlər, ardınca təzə proqram tərtib olunub, bunlara göndərilir.

– Çardaxlı o qədərmi əhəmiyyətli yer idi?

– Çox əhəmiyyətli yer idi. Birincisi Çardaxlıdan iki marşal var idi – Baqramyan və Babacanyan. Onların min nəfərə yaxın zabitləri var idi. Çardaxlıdan müharibəyə gedənlərin hamısı zabit olub qayıtmışdılar. Bütün müharibəyə gedənlər. Özü də hücum Çardaxlıdan başlamalı idi əslində, Stepanakertdən yox.

Baqramyanın adını muzeyin adından çıxartdırdı

– Hə, hadisələr oradan başlamalı idi…

– Bəli, Çardaxlıdan başlamalı idi. Ora – Çardaxlıya transporantlar, plakatlar gətirmişdilər. Bağçanın həyətində, çardaqda, zirzəmidə gizlətmişdilər. Mənə yoldaşlardan biri dedi ki, sən orada, onların sovxozlarında 1-2 yaxşı iş gör. Bunların hamamı neçə illər idi işləmirdi. Dedim, neçə ildir işləmir? Dedilər ki, heç vaxt işləməyib. Hamamı təmir etdirdim, əlavə ştat verdirdim. Məktəblərini, xəstəxanalarını təmir elətdirdim. Sularının olmasına baxmayaraq, təzədən ayrı su da çəkdirdim. Amma “Музей имени Баграмяна” sözünü mən oradan gedəndən bir qədər sonra iclas çağırdım və dedim ki, bu rayonda “Əmək və Şöhrət muzeyi” yoxdur. Çardaxlı da bizimdir də… Ora niyə yazmayaq ki, muzey “Əmək və Şöhrət Muzeyi”dir? Beləcə də yazaq, “Музей боевой славы и труда”. Bunu belə də yazdırdım. Baqramyanın adını hələlik pozmadım. Bir müddət saxladım, sonra da Baqramyanın adını muzeyin adından çıxartdırdım. Yuxarılara qədər yazıb şikayət eləməyə başladılar. Moskvadan-zaddan tökülüşüb gəldilər. Baxdılar, dedim, ay qardaş, “Музей боевой славы и труда” da Baqramyanın adınadır da… Sonra bunu da götürdüm. Bir də şikayət yazdılar, daha gələn olmadı. Adicə öz suyumuzu azərbaycanlılar yaşayan tərəfə vermirdilər. Özlərini elə aparırdılar. Deməli, Yerevanın Respublika prokuroru Şəki ermənilərindən idi. Rabitə naziri də Çardaxlı kəndindən idi. Bunlar yay aylarında bura gəlirdilər, qış aylarında da hamısı, təxminən 80 faizi Yerevana gedirdilər. Orada işləri-zadları var idi. Oranın sovxozuna gətirib bir direktor qoydular. Əvvəlki sovxoz direktorunu cinayət üstündə işdən çıxarmışdıq.

Çardaxlının sovxoz direktoru və keşişi Vazgenin bacısı oğlanları idi

– Suren…

– Suren Yegiyan.

– Suren Yegiyan da erməni katalikosu Vazgenin bacısı oğlu olub, eləmi?

– Bəli, bəli, bəli… Vazgen katalikosun bacısı oğludur. Vazgen bir bacısı oğlunu da ora keşiş göndərmişdi.

– Çardaxlıya?

– Çardaxlıya. Orada bir kilsə var idi, ikincisini də tikdilər. Qağnixaç adlı bir yerdə. Yerin adı Qağnixaç idi. Meşənin içində tuf daşlarından gətirib tikdilər. Həmin o bacısı oğlunu da kilsəyə müdir gətirib, keşiş təyin elədilər. Bunların məqsədləri tamam başqa şeylərdi. Biz də bilirsinizmi, hər şeyə belə barmaqarası baxan millətik.

Kamran Bağırov Telman Orucovdan xəbər göndərdi ki, ermənilərlə işi olmasın

– Əjdər müəllim, siz bütün bunlar haqqında mərkəzi məlumatlandırırdınızmı?

– Orasını da deyəcəm. Bir gün Telman Orucov Bakıdan mənə zəng elədi. Onda da artıq mənim ermənilərlə münasibətim böyüyüb şişmişdi – belə deyək. Artıq aramızda düşmənçilik əmələ gəlmişdi. Hər yerə də bu haqda xəbər çatır. O zaman da Telman Orucov Mərkəzi Komitənin katibi idi. Mənə zəng elədi ki, sən gəl Goranboya. Goranboyda səninlə söhbət eləyək. Mən gəldim Goranboya – Qasım İsmayılov rayonuna. Oranın Qonaq Evində oturmuşduq. Dedi ki, məni Kamran Bağırov sənin yanına göndərib. Deyir ki, mən Əjdəri itirmək istəmirəm, yaxşı işçidir-filandır. Ona görə də itirmək istəmirəm, amma ermənilərlə işi olmasın.

– Kamran Bağırov deyib bunu?

– Hə, “Çardaxlıda ermənilərlə işi olmasın, yoxsa mən onu orada saxlaya bilməyəcəyəm. Ona kömək edə bilməyəcəm” deyib. Dedim, Telman Xəliloviç, mən sizinlə razı. Mən buna vəziyyəti olduğu kimi danışdım. Telman Orucov sarışın adam idi, mən danışdıqca, bir az da rəngi saraldı ki, «неужели? Не ужели?» Dedim, “Telman Xəliloviç, vallah şişirtmirəm, olan şeyləri sizə danışıram. Hələ mən olanları sizə qısa deyirəm. İndi siz mənə deyin, I katib qalım deyə, bütün bu işlərə göz yummalıyam? Mənə elə I katiblik lazım deyil. Sabah adım ləkələnər. Deyərlər ki, bu Əjdər elə yalandan atlanıb-düşür. Qorxağın biri imiş ki…” Dedi ki, gəl belə danışaq, mən gedirəm Bakıya, sən sabah gəl, səni salacam Kamran Bağırovun qəbuluna, sən də bütün bunları danış. Səhər gəldim. Kamran Bağırov məni qəbul elədi. Mən də bütün bunları ona danışdım.

Bayaq dediyimin davamı indi yadıma düşdü. Həmin o Yegiyanı özləri təmtəraqla gətirib sovxoz direktoru təyin elədilər. Mən də soruşdum ki, “Kimsən? Nəçisən? Əvvəl hansı vəzifələrdə işləmisən?” Dedi, “я во многих местах работал. Я военный человек. В полиции работал”. Mən də fikirləşdim ki, milisdə işləyibsə, lap yaxşı da. Sən demə bu, əməlli-başlı Mərkəzi Kəşfiyyat İdarəsinin üzvüdür. Elə-belə, təsadüfi adam deyil. Bu, çox böyük bir kəşfiyyatçıdır.

– Bu, həm də Yerevanda vəzifədə olub, eləmi?

– Demək, Yerevanda 26 Komissar – 26 Bakı Komissarı yox ha… – 26 Komissar rayonunun milis rəisidir.

– Həm orada milis rəisidir, həm də Çardaxlıya sovxoz sədri təyin ediblər?

– Bəli, bəli… Eyni zamanda iki vəzifədə işləyir. Deməli, Çardaxlının hərbi komissarı ermənistanlı idi. Mehman Mansurov adlı oğlandı. Sonra Bakıda 26-larda hərbi komissar işlədi. Çox savadlı, bacarıqlı, enlikürək oğlandı. Mən ona dedim ki, “Mehman, mənim bu Yegiyandan nəsə gözüm su içmir. Bir get gör, nə məsələdir”. Bu da ermənicə təmiz bilir. Bu getdi Yerevana. Orada da bunu tanıyırlar. İki gündən sonra qayıtdı, gəldi ki, “Əjdər müəllim, o, həm də orada 26 Komissar rayonunun milis rəisidir. Hər ay da maaşı əmanət bankına keçirilir. O, həm də Çardaxlının sovxoz direktorudur.” Bunlar ayrı cür millətdirlər e… Həmin sovxozun da adı “Çardaxlı” idi. Mən bir gün Bakıya iclasa gələndə, mehmanxanada Satur (soyadı yadımdan çıxıb) adlı Baytarlıq İnstitutunun əməkdaşı məni gözləyir. Dedi ki, “mən camaatın adından gəlmişəm. Bəs, incimə, biz ərizə yazacağıq Moskvaya, hər yerə ki, sovxozun adını Baqramyan qoyduracağıq”.

– Demək adı da dəyişmək istəyirdilər?

– Dəyişmək istəyirlər. Dedim, “Satur, “Şəfəq” sovxozu var. Dedim o, Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun kəndidir. İsrafil Məmmədov o kənddə anadan olub.

– Biz onun adını dəyişə bilmirdik?

Şərhlər

XƏBƏR LENTİ