XalqXəbər.Az

“Qanunsuz yollarla mənə 11 il iş verdirdi…” – Dost olan iş adamları arasında ŞOK qalmaqal

yüklənir...
“Qanunsuz yollarla mənə 11 il iş verdirdi…” – Dost olan iş adamları arasında ŞOK qalmaqal
16-04-2019, 15:21
yüklənir...

İş adamı Arzuman İsa oğlu Əliyev, 12 oktyabr 1967-ci ildə Naxçıvan MR, Şərur rayonunun Sədərək kəndində anadan olub. Sədərək orta məktəbini bitirdikdən sonra 1986-cı ilədək doğulduğu kənddə inşaat sahəsində işləyib.
1986-1988-ci illərdə Sovet Silahlı Qüvvələrində xidmət edib.
1988-ci ildən Moskva şəhərinə köçüb, burda biznes fəaliyyətilə məşğul olaraq, qısa zamanda ciddi uğurlar qazanıb, müxtəlif kommersiya şirkətlərində rəhbər vəzifələrdə işləyib. 2004-cü ildə Azərbaycana qayıdaraq, "Fortuna” MTK-nın təsisçilərindən biri kimi tikinti sahəsində, həmçinin, neft-qaz sənayesinin təchizatı sahəsində biznes fəaliyyətinə başlayıb.



Tez bir zamanda illik dövriyyəsi 35 000 000 ABŞ dollar olan biznes qurub, dövriyyənin artması və işin çoxluğu ilə əlaqədar olaraq, təsisçi hüquqlu digər şəxslər, o cümlədən həmkəndlisi və qohumu Sərraf Məmmədzadə ilə şərikliyə başlayıb. Elə bu şəriklik də sonda onu həbsxanaya və hazırda isə axtarışda olduğundan ölkədən kənarda gizlənməyə aparıb çıxarıb. Belə ki, A.Əliyevə dələduzluq maddəsilə cinayət işi açılıb, barəsində 11 il həbs qərarı verilib. Lakin cinayət işində zərərçəkmiş kimi adı keçən şəxslərin zərəri ödənildikdən sonra 2016-cı ildə apelyasiya instansiyası tərəfindən sərbəst buraxılıb. Ancaq kasasiya şikayətindən sonra qərar dəyişdirilib və barəsində axtarış elan olunub.

Başına gələnlərə görə şəriki Sərraf Məmmədzadəni ittiham edən A.Əliyev saytımızla əlaqə saxlayaraq, ona qarşı cinayət təqibinin əsassız olduğunu bildirib, baş verənləri nəql edib.



- Arzuman müəllim, qeyd etdiniz ki, hazırda axtarışdasınız, Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə təqsirləndirilirsiniz. Sizə qarşı bu ittihamın motivi nədir?

- Ən başda onu bildirim ki, mən özümü günahkar hesab etmirəm. Belə ki, 2006-2007-ci illərdə mən, mənim uzaq qohumum Sərraf Məmmədzadə və bir neçə il çox yaxın olduğum bir dostum - üçümüz Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) bəzi malları satmaq üçün ortaq işə başladıq. Eyni zamanda, 2006-ci ildə mən öz əmlakımı banklarda girov qoyaraq cəlb etdiyim kredit vəsaitlərinin hesabına bir yaşayış binası tikintisinə başlamağı qərara aldıq. Belə bir razılığa gəldik: mən Sərraf Məmmədzadəni 47% bina tikintisi şirkətinə şərik edirəm, o da məni 50% ARDNŞ ilə işlərə şərik edir. Mən inşaat işini aparıram, o da ARDNŞ-ə boru və digər malların satışlarını təşkil edir.



- Bu dedikləriniz şifahi razılaşmalar idi, ya rəsmi sənədlərdə əks olunmuşdu?

- 47% - bu, sənədləşmişdi, dövlət qeydiyyatından keçmiş "Nicat+” MTK şəklində hüquqi forması olan bir sahibkarlıq fəaliyyəti idi. Bizim Sərraf Məmmədzadə ilə birgə ARDNŞ-də gördüyümüz işlər Carlex Technology, Silver Ford, Rikas Export, Nordwind Corporation şirkətləri üzərindən yerinə yetirilirdi. Əgər kimin şübhəsi varsa, gedib ARDNŞ-dən məlumat ala bilər, bu şirkətlərin bütün işlərini Sərraf Məmmədzadə və onun əlaltısı Abbas Qasımov adlı bir şəxs görürdü. Bütün pulları Abbas Qasımov qeyri-qanuni bank fəaliyyəti təşkil etmiş öz qohumları ilə nağdlaşdırırdı. Bu şirkətlərdə rəsmi olaraq nə mən, nə də Sərraf Məmmədzadə təsisçi və ya direktor deyildik. Olmağımız da nə mümkün, nə də lazım idi.



- Belə çıxır ki, siz özünüz də qeyri-qanuni sahibkarlıqla məşğul olmusunuz və bütün bu qanunsuz fəaliyyətin tərkib hissəsi olmusunuz.

- Bəli, belə bir problem var. Mən də bilirəm bu problem var. Amma məni qeyri-qanuni sahibkarlıq fəaliyyətində təqsirləndirmirlər.

- Bəs necə oldu ki, bu işlər bir cinayət işinə çevrildi və siz də orada təqsirləndirilən şəxs oldunuz?

- Cinayət işində, prosessual dildə desək, dörd zərərçəkən var idi. Bunlardan ikisi məişət problemi idi və mən o problemləri qəbul etməsəm də, zərəri tam ödəməklə bağladım. O biri ikisi tam olaraq sahibkarlıq fəaliyyətindən yaranmış bir problem idi. O zamanlar Sərraf Məmmədzadəyə Bakıda heç "parkovşik” də salam vermirdi, heç kəs tanımırdı. Bütün iş görənlər mənim yanıma gəlir, bu və ya digər malları dövlət şirkətlərində yerləşdirməyi xahiş edirdilər. Belələrindən ikisi də Elbrus Məmmədov və Nazim Tahirov oldu. Mən də bizim öz aramızda razılaşdığımız əmək bölgüsü çərçivəsində onları Sərraf Məmmədzadəyə yönəltdim, biz Elbrus Məmmədov və Nazim Tahirov ilə görüşdük və Sərraf Məmmədzadə dedi ki, ARDNŞ ilə məsələlər onluqdur. Dedi, siz (yəni Elbrus Məmmədov və Nazim Tahirov) malı Arzumana verirsiniz, çünki onu tanıyırsınız, biz onsuz da şərik işləyirik, malların pula çevrilişinin cavabdehi mənəm (yəni Sərraf Məmmədzadə). Bu şəkildə mallar verildi ARDNŞ-ə. Sonra Sərraf Məmmədzadə dedi ki, malların qiyməti düşüb və ARDNŞ başqa qiymət ilə hesablaşacaq. Sərraf Məmmədzadə təchizat işlərini aparan adam ilə nə iş qurdusa, bilmirəm, Nazim Tahirovun malından 969 555 ABŞ dolları əskik pul əmələ gəldi. Buradan da Elbrus Məmmədov və Nazim Tahirovun iddiaları başladı və cinayət işi yarandı.



- İttiham etdiyiniz bəzi şəxslərin adını çəkmirsiniz. Bunun səbəbi maraqlıdır. Hazırda yüksək vəzifədə təmsil olunduqları üçün ad çəkmirsiniz? Bəs sənədlər nəyi göstərir, Elbrus Məmmədov və Nazim Tahirovun malları ARDNŞ-ə hansı qiymətə verilib, pulu hansı qiymətdən alınıb?

- Mənim heç kimdən qorxum yoxdur. Ona görə yox ki, mən hamıdan cəsarətliyəm. Ona görə ki, mən günahsız yerə 11 il 6 ay həbs cəzası ilə qarşı-qarşıyayam, bundan yuxarı faciə ölümdür. Yəni qorxacaq çox da bir şey qalmayıb. Ad verməməyimin səbəbi odur ki, o adamlar Sərraf Məmmədzadədən ən böyük zərər görənlərdir. Hələ onlar Sərraf Məmmədzadə ilə ortaq işlərini bir təftiş etsinlər, ondan sonra gəlib mənim əlimdən öpəcəklər. Hələ də ortaq işləri var, onların sənədləşmiş sübutları bizim əlimizdədir.

Elbrus Məmmədov və Nazim Tahirovun mallarının mənə verilməsi haqqında heç bir sənəd yoxdur, o malların Elbrus Məmmədov və Nazim Tahirovun mülkiyyətində olması haqqında da heç bir sənəd yoxdur, o malların dəyəri haqqında da heç bir sənəd yoxdur, Elbrus Məmmədov və Nazim Tahirov sahibkarlıq subyekti ola bilməz, cinayət işində mənim əldə etməkdə təqsirləndiyim mallar şəxsi əşya da ola bilməz, nəyin əsasında Elbrus Məmmədov və Nazim Tahirov zərərçəkən şəxs elan olunub, bununla bağlı da sənəd yoxdur. Bu malların hansı sahibkarlıq subyektinin mülkiyyətində olması və oradan qeyri-qanuni əldə edilməsi haqqında da sübut yoxdur. Zərər dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin nə olduğu göstərilir, yəni gözlənilən gəlir dələduzluq obyekti də ola bilməz, mənim ittiham olunduğum məbləğin hansı hissəsinin real zərər, hansı hissəsinin əldən çıxmış fayda olduğunu göstərən sənəd yoxdur, mənim o mallar üzərində heç bir vaxt sərəncam vermə, istifadə və yiyəlik səlahiyyətim olmayıb, mallar birbaşa Sərraf Məmmədzadənin sərəncamı ilə ARDNŞ-ə verilib, o halda 178-ci maddənin ən təməl əlaməti olan "əldə etmək” əlaməti necə yaranır, işdə bu barədə bir söz belə yoxdur, pulları ARDNŞ kimə, nə vaxt, nə cür verib, sənəd yoxdur, bu malları ARDNŞ hansı müqavilə əsasında alıb, o da yoxdur.


İnanmasanız da, vəziyyət belədir. Mən indi gecə-gündüz qanunları oxuyuram, özümü müdafiə etməliyəm. Bu uğurlu olarsa, Azərbaycan məhkəmə sisteminin qüruruna da xələl gəlməz. Əks təqdirdə, məhkəmə sistemi bir peşəkar fırıldaqçının sifarişini yerinə yetirdiyi şübhəsi altında olacaq.

- Əgər Elbrus Məmmədov və Nazim Tahirovun mallarının pulu sizdə deyilsə, bəs kimdədir?

- Sərraf Məmmədzadədə, çünki ARDNŞ ilə bütün işləri o aparırdı.

- Elbrus Məmmədov və Nazim Tahirov ilə müqavilə hansı şirkətlər üzərindən bağlanıb?

- Dediyim, kimi, heç bir müqavilə nəinki cinayət işinin materiallarında, heç bir yerdə yoxdur. Ona görə ki, o zamanlar Azərbaycanda ölkə iqtisadiyyatının çox böyük hissəsi qeyri-rəsmi halda idi, mənim sənədləşmiş tam qanuni halda işləməyim mümkün deyildi. Bir də bir şeyi təkrar demək istəyirəm. Bizim əmək bölgümüz belə idi: mən tikintiyə rəhbərlik edirəm, Sərraf Məmmədzadə ARDNŞ ilə olan işlərə. O müqavilənin olmaması, Sərraf Məmmədzadə və Abbas Qasımovun qeyri-qanuni bank fəaliyyəti ilə məşğul olması mənim məsuliyyətim deyil.

Müqavilə yoxdursa, faktiki olaraq bu malları kim ARDNŞ-ə verib? Bu işləri Abbas Qasımov yaxşı bilər. O malların sərəncam vermə hüququ Elbrus Məmmədov və Nazim Tahirovdan birbaşa Sərraf Məmmədzadəyə keçib. Mənim asılmağıma belə razı olan Tahirlə Nazimdən də soruşa bilərsiniz.
Amma burada bir mühüm məsələ var. Müqavilə yoxdursa, başqa bir sənəd yoxdursa, bir neçə vaqon malın sərəncam vermə hüquqi mənə necə keçdi, müqavilə və mülkiyyət hüququ verən başqa sənəd yoxdursa, bu işdə 178-ci maddənin əlamətləri də yoxdur, oğurluq (177-ci maddə) ola bilər. Oğurluq isə gizli talan etmə deməkdir. Yəni xəlvət gedib vaqonları başqa bir lokomotivə qoşub aparmaq. Buna inanmaq üçün də uzunqulaq olmaq lazımdır. Bu suallara cavab verməyən məhkəmə hökmünə mən necə hörmət edim?



Mən Elbrus Məmmədov və Nazim Tahirova dəyən ziyanı da ödəmək istəyirdim ki, üzərimdəki saxta ittiham götürülsün. Amma Sərraf Məmmədzadə ARDNŞ-dən Elbrus Məmmədov və Nazim Tahirovun mallarının pulunu aldı və 47% "Nicat +”MTK-da formal şərikliyindən istifadə edib tikilmiş binanı ələ keçirdi. Mənim hazırda Elbrus Məmmədov və Nazim Tahirova ödəyəcək pulum yoxdur.

- Bəs, sizin tikinti şirkətindəki 53% hissəniz necə oldu?

- "Nicat” MTK-da mənim də hissəm 47% idi, qalan 6% iki başqa şəxsə aid idi. Onlar nominal şəxslər idi, faktiki olaraq 50/50 idi – mən və Sərraf Məmmədzadə. Sərraf Məmmədzadə mənə dedi ki, sən öz payını mənə ver, mən də Nazim Tahirovun və Elbrus Məmmədovun borcunu bağlayacam. Əgər siz Nazim Tahirovdan və ya Elbrus Məmmədovdan soruşsanız, onlar da bu borcun bütün məsuliyyətinin Sərraf Məmmədzadədə olduğunu etiraf edərlər. Mən 47% və o iki şəxsin 6%-ni də alıb bütün hissələri verdim Sərraf Məmmədzadəyə. O da, "demişəm, deməmiş olaram”, deyib aradan çıxdı.

- Sərraf Məmmədzadə şərik olduğunu tikinti şirkətinə nə qədər maliyyə yatırmışdı?

- 0 manat! Məni o zaman aldadıb dedi ki, Avropadan bir adam ona borc verib, 1 000 000 dollar. Onu qoyur bu tikintiyə. Sonra iş işdən keçəndən sonra aydın oldu ki, həmin binada 1000 m² bir qeyri-yaşayış yerini satıb, o 1 000 000 dollar onun puludur. Yəni mənim pulumla tikilən binanın satışından xəlvət ələ keçirdiyi pulu mənə investisiya kimi qələmə verib. Bu da sizə 178-ci maddənin tam və ideal əlamətləri. Necə deyərlər, namuslu bir müstəntiq çatmır, hər şey göz qabağındadır.
Mən Cənab Prezidentin islahatlarına və göydə Allaha ümid edirəm. Əgər ilahi ədalət və yerdə dövlət ədaləti deyilən bir şey varsa, Sərraf Məmmədzadə həbsxanada islah olunmalıdır.

- İndi Sərraf Məmmədzadə ilə danışırsınızmı? O nə iş ilə məşğuldur?



- Mən birinci apelyasiya məhkəməsinin qərarı ilə həbsxanadan çıxanda onunla görüşmüşəm. Mənə dedi ki, heç kəsə bir qəpik zərər ödəməyəcək, çünki istintaq orqanlarına xərci çıxıb. Adbaad kimə nə verib, hamısını mənə dedi. Bunu burada deməyəcəyəm. O ki qaldı "nə işə baxır” sualına, İstanbulda 15 milyon dollara bir neçə bina alıb kirayəyə verib kefini sürür. Sərraf Məmmədzadə kimiləri zaman yox, əmək islah sistemi dəyişə bilər, o da dediyim kimi, ilahi ədalətin və dövlət ədalətinin birgə işindən asılıdır.

- İddia etdiyiniz kimi, təkcə icarədə 15 milyon dollarlıq mal varlığına sahib Sərraf Məmmədzadə, Tahirov Nazim və Elbrus Məmmədovun qismən də olsa, pulunu ödəyə bilməzmi? Siz bunu ona təklif etdinizmi?

- Əlbəttə, dönə-dönə xahiş etdim. Deyir, o əmlaklar tək onun deyil, ARDNŞ-in bir məsul işçisi ilə şərikdir, guya o ARDNŞ-in məsul işçisi icazə vermir.

- Sizin tikdiyiniz binanın müqəddəratı necə oldu?

- Sərraf Məmmədzadə o binanı ələ keçirdikdən sonra dörd mənzili əlaltısı Abbas Qasımova bağışladı, 2 mənzil bir dövlət şirkətində idarə rəisi olan adama bağışlayıb, 17 mənzili satıb Bakının Çobanzadə küçəsində 5 mərtəbəli bir bina alıb, qalan mənzilləri satıb, puluna 28 may küçəsindəki "Piramida plaza”da 2 ədəd 5 otaqlı mənzil alıb bir gənc qadına bağışlayıb, 1000 kvadrat metrlik bir qeyri-yaşayış yerini icarəyə verib, qalan mənzilləri satıb və ya dəyişib başqa mənzillərə. Məsələn, 10 mənzili satıb Üzeyir Hacıbəyov küçəsi 57 ünvanında iki lüks mənzil alıb. Saymaqla bitməz.

- Könüllü şəkildə ölkəyə qayıdıb, məhkəmədə günahsızlığınızı sübut etməyə çalışacaqsınızmı?

- Əlbəttə, gəlib məhkəmədə öz müdafiəmi təmin edəcəm. Amma mənim bəzi dəlilləri toplamağım lazımdır, yoxsa bu gün üçün məhkəmənin obyektivliyinə inamım kafi deyil, istintaq orqanlarına inamım isə Sərraf Məmmədzadənin özünün etirafı ilə yox oldu. Vaxt gələr xalq öz "qəhrəmanlarını” tanıyar...

Qeyd edək ki, keçmiş şərikinin bu ittihamları ilə bağlı Sərraf Məmmədzadə ilə əlaqə yaratmaq, onun da fikirlərini öyrənmək cəhdimiz baş tutmadı.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.