SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » "Öz aktyorları ilə məhkəmələrdə ən çox didişən teatr direktoru ..."

"Öz aktyorları ilə məhkəmələrdə ən çox didişən teatr direktoru ..."

Tarix:

29-08-2019, 13:32

/ 1 245 dəfə oxundu.
"Öz aktyorları ilə məhkəmələrdə ən çox didişən teatr direktoru ..."

Hamiləliyinin pozulmasında teatr direktorunu günahlandıran İrəvan teatrının işdən qeyri-qanuni uzaqlaşdırılmış aktrisası Şəbnəm Cəbrayılova direktor İftixar Piriyevin mətbuatda gedən müsahibəsinə cavab verib.

Şəbnəm Cəbrayılovanın Qaynarinfo-ya daxil olan açıqlamasını olduğu kimi təqdim edirik:

"Yalan danışmaq insana yaraşmır. Amma bəzi adamlar, cəmiyyətin onları çox yaxşı tanıdığını bilsələr də, yalanlardan don geyinib özlərini cəmiyyətə mələk simasında təqdim etməkdən yorulmurlar. İrəvan teatrının direktoru İ.Piriyev Teleqraf.com-a verdiyi müsahibəsində məni nəzərdə tutaraq "Kimsəsiz olduğunu, yaxın qohumlarının da ondan imtina etdiyini biləndə ona valideyn qayğısı göstərmişəm.” deyərək özünü mələk simasında təqdim etmək istəyir.

Soruşuram, yaxın qohumlarım məndən imtina etmişdilərsə bəs məni kim böyüdüb? Siz hardan bilirsiniz ki, qohumlarım məndən imtina edib? Mənə əziz olan qohumlarıma böhtan atmaqla nə demək istəyirsiniz? "Valideyn qayğısı göstərmişəm, maddi yardım etmişəm” deyirsiniz. Hansı valideyn qayğısından danışırsınız? Sayənizdə başına bu iş gələndən sonra, 6 il bir yerdə işlədiyiniz aktrisaya, bir dəfə zəng edib halına yanıb, ürək-dirək vermisiniz? Müsahibənizdə heç olmasa, yalandan olsa da, uşağımı itirdiyimin sizə pis təsir etdiyini söyləyəydiniz. Bunu da bacarmadınız. Elə təkcə bu sizin mənə necə "Valideyn qayğısı” göstərdiyinizdən xəbər verir. Yalan ayaq tutar yeriməz. Yalanı yeritməyə çalışmayın. Hansı maddi yardımdan danışırsınız? Dövlətin mənə verdiyi əmək haqqından? Bəli, məhz dövlətin verdiyi əmək haqqından danışırsınız. Aldığımız maaşı həmişə öz adınıza çıxıb, "Sizi işə mən götürmüşəm, Sizə çörəyi mən verirəm” söyləyib boynumuza minnət qoyubsunuz.

İşdən çıxmaq haqqında dəfələrlə yox, bir dəfə ərizə yazmışam. Qanunsuz hərəkətlərinizə etiraz edən istedadlı, ləyaqətli aktyorları, saxta sənədlər tərtib edərək, o sənədlərə hamı kimi məni də "verdiyiniz çörəklə” qorxudub, məcburi imza atdırdığınıza etiraz olaraq ərizə yazmışdım. Bəs niyə məni o vaxt işdən azad etmədiniz? "Atalıq qayğısı” göstərdiniz? Əlbətdə yox. Çünki o vaxt mən sizə lazım idim. Teatrın yükü çiynimdə idi.

"Bilsəydik onu qastrollara məcburi göndərməzdik” deyirsiniz. Bununla etiraf edirsiniz ki, mənə şiddət göstərmisiniz. Məni məcbur etmisiniz. Ağasınız? Dublyorum ola-ola məni qastrola göndərib depressiyaya salmaqda məqsədiniz nə idi? (Məni saldığınız depressiya ağır nəticəsini verdi. Əlinizə xına qoyun.) Əgər mən qastrola getmək istəməmişəmsə demək səbəbi olub. Siz də o səbəbi bilirdiniz. Əgər bilmirdinizsə truppa üzrə köməkçi sizə məlumat verməyib. Günahı onun üstünə ata bilərsiniz. Onsuz da axırda onun üstünə atacaqsınız.

"Sonuncu dəfə qeyri-qanuni olaraq 15 gün işə gəlməyib”. Teatrda baş rollar ifaçısı, heç bir inzibati cəzası olmayan, demək həm də intizamlı aktrisanın birdən-birə 15 gün işə gəlmədiyi ilə "Dövlət statuslu teatrın direktoru” niyə maraqlanmayıb? Bəlkə ölmüşdüm. Maraqlanıbsa necə maraqlanıb? Fəxrlə dövlət statuslu teatra direktor olmağı söyləmək yox, o vəzifənin tələblərinə də əməl etmək lazımdır. Rəhbər olan adam, dövlətin möhüründən qılınc kimi istifadə edib aktyorları işsiz, maaşsız və çörəksiz qoymamalıdır. Məqsədiniz yalnız budur.

Həmin dövr ərzində animator kimi fəaliyyət göstərməyim barədə dedikləriniz isə ağ yalandır. Ümidvaram bu böhtan və yalanı məhkəmədə sübut edəcəksiniz.

"Qanundan kənar heç nə edə bilmərəm " deyirsiz.. Bu yalanınıza heç olmasa özünüz inanırsınız? Fəxr edə bilərsiniz, qanunları pozduğunuza görə Mədəniyyət Naziri Əbülfəs Qarayev tərəfindən töhmət almış yeganə teatr direktorusunuz. Kütləvi informasiya vasitələrində qanunsuz əməlləri haqqında qalaq-qalaq materiallar dərc olunmuş yeganə teatr direktorusunuz. Öz aktyorları ilə məhkəmələrdə ən çox didişən teatr direktoru da sizsiniz. Cəmiyyətin sizə olan münasibətindən xəbəriniz varmı?"

Şərhlər

XƏBƏR LENTİ