SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Bakıda ev qıtlığı başlayacaq - Bazara yeni "kirayə ordusu" daxil olub

Bakıda ev qıtlığı başlayacaq - Bazara yeni "kirayə ordusu" daxil olub

Tarix:

2-10-2019, 17:36

/ 1 348 dəfə oxundu.
Bakıda ev qıtlığı başlayacaq - Bazara yeni "kirayə ordusu" daxil olub

Hər il avqust-sentyabr aylarında yeni tədris ilinin başlaması ilə əlaqədar paytaxtda kirayə evlər bahalaşır.

Bu il avqust ayı ərzində Bakı şəhəri üzrə kirayə mənzillərin orta qiymətində 5.75 faiz artım müşahidə edilib. Qiymət artımı daha çox metrostansiyalar, xüsusən də təhsil ocaqlarına yaxın ərazilərdə yerləşən mənzillərdə olub.

Belə ki, həmin ərazilərdə artım 12.56 faiz təşkil edib.

Maraqlıdır, avqustda başlayan artım hələ də davam edir, yoxsa kirayə mənzil bazarında stabilləşmə yaranıb?

“Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında bildirib ki, oktyabrın ortalarına qədər stabilləşmə mümkün olmayacaq:

“Bazar hələ də stabilləşməyib. Oktyabr ayının ortalarından etibarən stabilləşmə baş verəcək. Prosesin uzanma səbəblərindən biri kirayə mənzil bazarında təklif həcminin azalması ilə bağlıdır. Təklif aşağı olduğuna görə tələbi qarşılamır. Nəticədə kirayə evə ehtiyacı olan insanlar ev tapmaqda çətinlik çəkirlər. Xüsusilə də yeni tədris ilinə başlamış tələbə gənclərin əksəriyyəti hələ də ev axtarışındadır”.

Ramil Osmanlı bazarda təklifin az olma səbəbini paytaxtda şəhərsalma ilə bağlı söküntülərin çoxluğu ilə əlaqələndirib. Həmsöhbətimiz qeyd edib ki, təklifin tələbi qarşılaması üçün yeganə çıxış yolu yataqxana tipli obyektlərin inşa edilməsidir:

“Son illərdə paytaxtın müxtəlif ərazilərində şəhərsalma ilə bağlı söküntü işləri artdı və nəticədə həm təklifə çıxarılan kirayə mənzil bazarındakı mənzillərin sayı azaldı, həm də pilot layihələrin icrası ilə əlaqədar bazara yeni "kirayə ordusu" daxil oldu. Məsələn, eyni vaxtda 200-250 ailə təqribən iki illik müddətə mənzilləri kirayə götürdülər. Bu səbəblər bazarda təklifin azalmasına gətirib çıxardı və bu proses hələ də davam edir. Əgər hökumət bu istiqamətdə müəyyən addımlar atmasa, yataqxana tipli obyektlərin inşası həyata keçirilməsə, vəziyyət növbəti illərdə bir qədər də mürəkkəbləşəcək. Şəhər mərkəzindən kənarda fərdi yaşayış evləri inşa olunur, lakin sökülən evlərlə müqayisədə çox azdır. Şəhər mərkəzində yeni tikilən mənzillərin faktiki olaraq kirayə bazarına hansısa müsbət təsir edəcəyini düşünmək isə düzgün yanaşma olmaz, çünki şəhər mərkəzindəki təzə tikilən binaların əksəriyyətində 1-2 otaqlı mənzillər yoxdur. Orada mənzillər 3 otaqdan başlayır və qiymətlər 1000 manatın üstündədir. Qiymətləri tənzimləmək üçün yalnız və yalnız ucuz yataqxana tipli obyektlər inşa edilməlidir”.

Ekspert eyni zamanda mənzillərin hazırkı qiymətini də diqqətə çatdırıb:

““Neftçilər”, “Qara Qarayev”, “Əhmədli” , “Xalqlar dostluğu” , “Həzi Aslanov” kimi metrostansiyalar yaxınlığında bir otaqlı və əşyasız mənzillər 250 manatdan başlayır. Əşyalılar isə 300-350 manat civarındadır. 2 otaqlı boş mənzillər 350-400, əşyalılar 450, 3 otaqlı mənzillər isə 500 manatdan başlayır. Fərdi yaşayış evlərində isə qiymət bina evləri ilə müqayisədə bir qədər aşağıdır. Məsələn , bir otaqlı ev 2-3 tələbəyə 200-250 manata kirayə verilir. “Elmlər Akademiyası”, “28 May”, “Nizami” stansiyaları ətrafındakı ərazilərdə isə evlər bahadır. Bu ərazilərdə iki otaqlı, əşyasız mənzillərin minimum qiyməti 500 manatdan başlayır. Bir otaqlı evlər isə minimum 350 manatdır. Mərkəzə yaxınlaşdıqca evlər daha da bahalaşır”.

Şərhlər

XƏBƏR LENTİ