SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Azərbaycanda şərab festivalı - dünya bazarlarına çıxmaq üçün nə etməli...

Azərbaycanda şərab festivalı - dünya bazarlarına çıxmaq üçün nə etməli...

Tarix:

29-08-2019, 09:05

/ 1 074 dəfə oxundu.
Azərbaycanda şərab festivalı - dünya bazarlarına çıxmaq üçün nə etməli...

Ciddi rəqabətdə uğur qazanmağın yeganə yolu istehlakçını cəlb edən yeni dad, yeni məhsul yaratmaq və bu məhsulun uğurlu təbliğatını qurmaqdır

Avqustun 30-31-də Azərbaycanda ilk dəfə Üzüm və Şərab Festivalı keçiriləcək. Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təssərüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Şamaxı rayonunun Meysəri kəndində “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində baş tutacaq.

Heydər Əliyev Fondunun yaydığı məlumata görə, festivalın təşkilində məqsəd yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.

Festival çərçivəsində ölkədə şərabçılıq sahəsində mövcud olan problemlər, inkişaf istiqamətləri və yerli şərab məhsullarının xarici bazarlara çıxışı mövzularında dəyirmi masa keçiriləcək. Tədbirdə yerli şərab istehsalçıları, müvafiq dövlət qurumlarının nümayəndələri və xarici ekspertlər iştirak edəcəklər.

Qeyd edək ki, ölkə rəhbərliyi Azərbaycanda şərab istehsalı və ixracını geniş təşviq edir. Prezident İlham Əliyevin sərəncamı ilə “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının məqsədi şərab və şərabçılıq məhsullarına tələbatın ortamüddətli perspektivdə yerli ehtiyac və ixracat imkanları nəzərə alınmaqla ödənilməsi, şərab istehsalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və müasir texnologiyalar əsasında qurulması, xammal təminatının yaxşılaşdırılması, şərabçılıq məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə üzümçülüyün və şərabçılığın inkişafını stimullaşdırmaqdan ibarətdir. Dövlət proqramının icrasından gözlənilən nəticələrə əsasən şərabçılıq müəssisələrinin istehsal potensialından maksimum səviyyədə istifadə etməklə ölkədə şərab ixracının 2025-ci ilədək 5 dəfə artırılması nəzərdə tutulur.

Sovet dövründə Azərbaycanda üzüm və şərab istehsalı sahəsində ciddi nəticələr əldə edib. Belə ki, keçən əsrin 80-ci illərində respublikada 210 şərab zavodu və şərabçılıq məntəqələri sistemində 151 mindən artıq fəhlə və mütəxəssis işləyir, 56 adda şərab, 10 adda konyak, 4 adda şampan şərabı və digər məhsullar istehsal edilirdi. Lakin 80-ci illərin ortalarında SSRİ rəhbərliyinin spirtli içkilərə qarşı başlatdığı mübarizə, həmçinin müstəqillik dövründə iqtisadi əlaqələrin qırılması nəticəsində bu sahədə ciddi tənəzzül baş verib.

2015-ci ildən üzüm və şərab istehsalının artırılması kənd təsərrüfatının əsas prioritet sahələrindən biri elan edilib. Həyata keçirilən tədbirlər nəticəsində şərab və şərabçılıq məhsullarının istehsalı 2017-ci ildə 1 milyon dekalitri ötüb ki, onun da 375 min dekalitri ixrac edilib. Belə ki, ölkəmizdən şərab məhsulları əsasən Rusiyaya (338 min dekalitr) və Çinə (27 min dekalitr) göndərilib.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2018-ci ildə Azərbaycanda 1,5 milyon dekalitr şərab məhsulları istehsal edilib. 2017-ci illə müqayisədə istehsal 48,9 faiz artıb. 2018-ci ildə Azərbaycandan xaricə 6 milyon 159,9 min dollarlıq 264,85 min dekalitr üzüm şərabı ixrac olunub. Bunun çox böyük hissəsi - 231 min dekalitri Rusiyaya, 14,31 min dekalitri isə Çinə satılıb. 2018-ci ildə şərab ixracının həcmi 2017-ci ilin göstəricisi ilə müqayisədə 75,4 faiz yüksək olub.

Rəsmi məlumatlara görə, hazırda ölkədə 16,1 min hektar üzüm bağı var. 2018-ci ildə 167 min ton üzüm, 15,7 min ton təbii üzüm şərabı və 0,6 min ton təzə üzümdən köpüklənən şərab olmaqla, cəmi 16,3 min ton şərab istehsal edilib. Bunun 6,6 min tonu ixrac edilib. Şərab ixracında yerli məhsulların rəqabət üstünlüklərini və potensial bazarlarda tələbatın yüksək olmasını nəzərə alaraq ölkədə mövcud olan şərab zavodlarının potensialından tam istifadə olunması növbəti illər üçün qarşıya məqsəd qoyulub.

DSK-nın məlumatına görə, 2018-ci ildə ölkədə üzüm ehtiyatlarının cəmi miqdarı 186.1 min ton təşkil edib. Ehtiyatların 90.1 faizi və ya 167.6 min tonu ölkə daxilində istehsal olunub, 9.1 faizi və ya 16.9 min tonu idxal edilib. Ümumilikdə üzüm üzrə özünütəminetmə səviyyəsi 92.5 faiz təşkil edib. 2018-ci ildə ümumi üzüm ehtiyatlarının 41.1 faizi və ya 76.6 min tonu ərzaq məhsullarının istehsalı üçün istifadə edilib. İstehsal olunan üzümün bir hissəsi şərab istehsalına yönəldilib, qalan hissə isə kişmiş, şirə, sirkə və mürəbbə istehsalına sərf olunub. Emal edilmədən ərzaq məhsulu kimi istifadə olunmuş üzümün xüsusi çəkisi 54.0 faiz (100.5 min ton) təşkil edib. 2018-ci ildə adambaşına 10.2 kq üzüm istehlak edilib. İstehsal edilən üzümün yalnız 2 faizi (3.9 min ton) ixrac olunub.

Dünyanın ən çox sevilən içkilərindən birinin 8 min il yaşı var

Qeyd edək ki, şərab dünyada ən çox istehlak olunan içkilər arasında ön yerlərdədir. Bir çox meyvənin fermentasiyası nəticəsində istehsal edilən, spirtli içki olan şərab bir çox ölkələrdə istehlak edilməkdədir. Ən çox tanınan üzüm şərabı qlobal bazarda “su kimi” istifadə olunur. Şərab qırmızı, ağ və çəhrayı kimi rəngli və meyvələrə görə fərqlidir. Tərkibində saxladığı şəkər nisbətinə görə təsnifatlandırılan şərablar üzümdən istehsal edilmirsə ona meyvə şərabı deyilir.

İstehlakçıların sevimli içkisi olan şərab qədim tarixi ilə də maraq doğurur.

Son illər Gürcüstan arxeoloqlarının Avropa və Şimali Amerikalı tədqiqatçıları ilə birgə Tiflisdən 50 km cənubda yerləşən iki kənddə apardığı tədqiqatlarda aşkar edilmiş e.ə 6000-ci ilə aid olan küpələrdə dünyanın ilk şərab istehsalına aid sübutlar ortaya çıxıb. Bu tapıntı üzüm şərabının istehsalının məlum olduğundan min il əvvəl başladığını göstərir. Son kəşfə qədər dünyanın ən qədim şərab istehsalı 7 min il öncəyə hesablanırdı. 1968-ci ildə İraqın şimalındakı Zaqros dağlarında aşkar edilən 6 ədəd küpə üzərində aparılan kimyəvi analizlər nəticəsində keramikada şərab qalıqları aşkarlanmışdı. Gürcüstandakı yeni kəşf şərab istehsalını məlum tarixdən təxminən min il əvvələ aparır.
46 ölkənin, o cümlədən Azərbaycanın da üzv olduğu Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OİV) məlumatına görə, dünyada hər il 2,7 milyard dekalitrdən artıq üzüm şərabı istehsal edilir. Ən çox şərab istehsal edən ölkələr İtaliya, Fransa, İspaniya, ABŞ, Avstraliya, Argentina, Çin, CAR, Çili, Almaniya və Portuqaliyadır. Son dövrdə şərab istehsalında 1-2 faiz civarında azalma müşahidə edilir. Beynəlxalq tədqiqatların əksəriyyətində bunun səbəbi kimi dünyada baş verən kəskin iqlim dəyişiklikləri göstərilir. Dünya üzrə şərab və şərabçılıq məhsullarının ixracı təqribən 1 milyard dekalitr təşkil edir. Ən çox məhsul ixrac edən ölkələr isə İspaniya, İtaliya, Fransa, Çili, Avstraliya, CAR, ABŞ, Almaniya, Portuqaliya, Argentina, Yeni Zelandiya və Moldova hesab edilir. Eyni zamanda son onillikdə Almaniya, Böyük Britaniya, ABŞ, Fransa, Çin, Kanada, Rusiya, Niderland, Belçika, Yaponiya, İsveç və İsveçrə yüksək idxal həcmləri ilə seçilir.

Şərabın orta qiyməti, mənşə ölkəsindən asılı olaraq, kifayət qədər fərqlidir. Belə ki, dünyanın əsas şərab ixracatçısı olan Fransadan ixrac edilmiş 1 ton şərabın (HS 2204) orta FOB qiyməti təqribən 6,3 min dollar, İtaliyada 3 min dollar, İspaniyada 1,3 min, Çilidə 2 minr, Avstraliyadan 1,7 min, ABŞ-da 4,1 min , habelə Gürcüstanda 3 min, Moldovada 0,8 min, Türkiyədə 2,4 min, Rusiyada 1,1 min, Belarusda 1,9 min və Qazaxıstanda 3,2 min dollar təşkil edir. Azərbaycandan ixracda bu göstərici 1,2 min dollardır.

Azərbaycan şərabının əsas bazarda rəqibi çoxdur

Azərbaycanın şərab ixracatını genişləndirməsi üçün ciddi çalışmalara ehtiyac var. Çünki ölkəmizin qonşuları olan Gürcüstan və Türkiyə şərab ixracını genişləndirmək üçün mühüm addımlar atırlar. Məsələn, ötən il Gürcüstan 86 milyon 200 min şüşə (1 ədəd - 0,75 litr) şərab ixrac edib. Bu ixrac 53 ölkəyə olmaqla, gürcülərə 203 milyon dollar gəlir gətirib. Gürcüstanın şərab ixrac etdiyi ölkələr sırasında ilk beşlikdə Rusiya, Ukrayna, Çin, Qazaxıstan və Polşa qərarlaşıb.

Bu ilin birinci yarısına dair statistik məlumatlar göstərir ki, Azərbaycan şərabının əsas alıcısı Rusiya olaraq qalsa da, bu ölkəyə ixracda ciddi azalma var. Belə ki, 2019-cu ilin 1-ci yarısında xaricə 2 milyon 988 min dollar dəyərində 231,330 min dekalitr şərab və üzüm suslosu ixrac edilib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 27,3 faiz, dəyər ifadəsində 25,2 faiz azalıb. Hesabat dövründə ixracın əsas həcmi Rusiyanın payına düşüb. Belə ki, 6 ay ərzində bu ölkəyə 2 milyon 448 min dollar dəyərində (azalma 30,8 faiz) 217,480 min dekalitr (azalma 23,5 faiz) şərab ixrac edilib.

Maraqlıdır ki, bu azalma dövlətin şərab ixracına hərtərəfli dəstəyi şəraitində qeydə alınıb. Belə ki, İqtisadiyyat Nazirliyinin yaxından iştirakı ilə Azərbaycanın Rusiya və Çində şərab evləri açılıb. İqtisadiyyat naziri Şahin Mustafayevin dediyinə görə, cari ildə Rusiyanın 3 şəhərində Azərbaycan ticarət və şərab evlərinin açılması gözlənilir. Belə ki, bu il Rusiyanın Moskva, Sankt-Peterburq və Yekaterinburq şəhərlərində “Azərbaycan Ticarət Evi” və şərab evlərinin açılması nəzərdə tutulur. Nazir qeyd edib ki, gələcəkdə Rusiyanın digər şəhərlərində də ticarət və şərab evlərinin açılması planlaşdırılır.

Bundan əlavə, dövlət şərab ixracatçılarına ixrac olunan məhsulun dəyərinin 3 faizi həcmində ixrac təşviqi ödəyir. İndiyədək ixracatçılara ödənilən ixrac təşviqinin 45 faizi məhz şərab və digər spirtli içki ixracatçılarının payına düşüb.

Bədnam ermənilər də Rusiya bazarına böyük həcmdə şərab çıxarırlar. Bu şəraitdə Azərbaycanın öz məhsulunu bu bazara ixracı sahəsində ciddi rəqabətlə üzləşdiyini söyləmək olar. Belə rəqabət şəraitində uğur qazanmağın yeganə yolu istehlakçını cəlb edən yeni dad, yeni məhsul yaratmaq və bu məhsulun uğurlu təbliğatını qurmaqdır. Şamaxıda təşkil olunan festival belə təbliğat üsullarından biridir.

Bu sahədə geciksək də, təşkilatçılıq yüksək səviyyədə olarsa, yaxın illərdə Azərbaycandakı şərab festivallarına çoxsaylı xarici ölkələrin təmsilçilərini cəlb etməklə, məhsulumuzu dünyaya tanıda bilərik.

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ