SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » AQTA-nın 1 MİLYONA BAŞA GƏLƏN ÇADIRLARI – Görəsən, hansı materialdan hazırlanıb? (FOTO)

AQTA-nın 1 MİLYONA BAŞA GƏLƏN ÇADIRLARI – Görəsən, hansı materialdan hazırlanıb? (FOTO)

Tarix:

25-07-2019, 18:48

/ 954 dəfə oxundu.
AQTA-nın 1 MİLYONA BAŞA GƏLƏN ÇADIRLARI – Görəsən, hansı materialdan hazırlanıb? (FOTO)

Azərbaycanda dövlət qurumları tərəfindən keçirilən tenderlərin böyük əksəriyyətinin korrupsiya mənbəyi olduğuna, bu yolla büdcə vəsaitlərinin mənimsənildiyinə və nəticədə biznes sahəsində azad rəqabət mühitinin məhv edildiyinə dair mətbuatda çoxsaylı faktlar dərc olunub. İş adamları, müstəqil iqtisadçılar və hətta bəzi deputatlar da bunun ölkə iqtisadiyyatına vurduğu ziyan barədə açıqlamalar veriblər. Lakin necə deyərlər, dəyirman öz işindədir…

Bu yaxınlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) tabe olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Qurban” bayramı ilə əlaqədar heyvan kəsimi üçün müvəqqəti çadır və avadanlıqlar aldığı barədə məlumat verilmişdi. Sözügedən qurumun bu məqsədlə 13 iyun 2019-cu il tarixində keçirilmiş tenderində heç kimin tanımadığı hansısa “Novotrend” MMC qalib elan edilib. Və nəticədə sözügedən şirkətə 802 min manat ödəniş edilib.

Həmin vaxt çadırların sayı barədə bir şey deyilmirdi. Ötən gün isə AQTA-nın yaydığı məlumatdan belə nəticə çıxarmaq olar ki, sözügedən çadırlar 30 yerdə quraşdırılacaq.Belə çıxır ki, 30 ədəd müvəqəti çadıra və onun avadanlıqlarına 1 milyon manata yaxın vəsait xərclənib. Deməli, hər çadır təxminən 30 min manata başa gəlib.

AQTA-nın yayımladığı məlumata və çadırların “məziyyətləri” barədə bəzəkli təqdimata rəğmən, nə qədər diqqətlə baxsaq da, bu çadırların və onların adi su kranı və ət asmaq üçün qarmaqlardan ibarət “avadanlıqlarının” 30 min manata başa gəldiyi heç cür inandırıcı görünmür. Yalnız bu “avadanlıqların” hansısa bahalı əlvan metaldan hazırlandığı, çadırın parçasının isə xalis “çin qumaşı” olduğu təqdirdə belə bir “sənət əsəri” ərsəyə gələ bilərdi. Görünür, tenderlərlə bağlı günümüzün reallığına çevrilən “şişirtmə metodu” burada da öz sözünü deyib…
Xatırladaq ki, AQTA qısa müddətdə bir neçə bu cür tender “möcüzəsi” yarada bilib. 800 minlik çadır tenderilə yanaşı AQTA 643 min manatlıq iki tenderin qalibi olaraq da “Medeks” MMC-ni elan edib. “Medeks” Agentliyə laborator sərf materialları satıb. 12 İyul 2019-cu il tarixində imzalanan müqavilənin məbləği 43 min 208 manatdır.

Həmçinin İyulun 7-də AQTA Qida Təhlükəsizliyi İnstitutu laboratoriyaları üçün ləvazimatların satın alınması üçün “Medeks” MMC ilə daha bir müqavilə imzalayıb. Bu müqavilənin məbləği isə 599 min 749 manatdır.

Maraqlıdır ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2008-2016-cı illərdə “Medeks” MMC-də baş direktor vəzifələrində çalışıb. Mətbuatda hazırda da bu şirkətin Qoşqar Təhməzliyə məxsus olduğu iddia edilir. “Medeks” MMC-nin saytında da Qoşqar Təhməzlinin şirkətin rəhbəri olduğu və “Ən yaxşı top-menecer” adına layiq görüldüyü qeyd edilib. Fikrimizcə, əlavə şərhlərə ehtiyac qalmır…

/azpolitika.info/
AQTA-nın 1 MİLYONA BAŞA GƏLƏN ÇADIRLARI – Görəsən, hansı materialdan hazırlanıb? (FOTO)
AQTA-nın 1 MİLYONA BAŞA GƏLƏN ÇADIRLARI – Görəsən, hansı materialdan hazırlanıb? (FOTO)
AQTA-nın 1 MİLYONA BAŞA GƏLƏN ÇADIRLARI – Görəsən, hansı materialdan hazırlanıb? (FOTO)

Şərhlər

XƏBƏR LENTİ