SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » İnam Kərimov inhisarçılar qarşısında ağ bayraq qaldırıb... - İran kartofu Gədəbəydə lotuluq edirsə...

İnam Kərimov inhisarçılar qarşısında ağ bayraq qaldırıb... - İran kartofu Gədəbəydə lotuluq edirsə...

Tarix:

15-07-2019, 12:34

/ 979 dəfə oxundu.
İnam Kərimov inhisarçılar qarşısında ağ bayraq qaldırıb... - İran kartofu Gədəbəydə lotuluq edirsə...

Son günlərin əsas müzakirə mövzusu kənd təsərrüfatı məhsullarının bahalaşmasıdır. Doğrudan da yayın ən qızğın dövrü olmasına baxmayaraq mövsüm meyvə və tərəvəzlərinə əl vurmaq mümkün deyil. Qiymətlərinin ən ucuz olması gərəkən meyvə-tərəvəzlərin qiymətləri qışın oğlan çağından fərqlənmir. Adi pomidor-xiyar almaq sadə vətəndaş üçün əlçatmaz olub. Digər məhsullarda da vəziyyət eynidir. Bazarlarda həm qiymət,həm də keyfiyyət problemi hökm sürür.
Sonuncu maaş və pensiya artımlarından sonra binəva vətəndaş heç düz-əməlli sevinməmiş soğanın qiyməti elə həddə çatdı ki, adamın yeməmiş də içi göynəyir. Kartofdan isə danışmağa dəyməz. Artıq ikinci ildir ki, qarpız bazarlarda az qala avtoritetlik edir. Vətəndaş isə bazarlardan əli boş üzü qara geri dönməyə məcbur olur. Qiymətlər hər gün qalxır-necə deyərlər sürətlə inkişaf edir.
Məlumdur ki, bizim istənilən məmurdan, bu sahəyə cavabdeh olan ən böyük vəzifə sahibi İnam müəllimdən bunların səbəblərini soruşsaq, havadan başlayıb suda qurtaracaq, Rusiyanı İrana, İranı Türkiyəyə qatacaq, xiyarın biqeyrətliliyindən, qarpızın satqınlığından, soğanın acı taleyindən danışacaq. Amma heç kimi inandıra bilməyəcək, adamın adının İnam olması da köməyə gəlmir bu zaman. Çünki, hər gün bazardan boş torba ilə evinə gəlib televizorda “qarpız kəsdim bal kimi” mahnısını eşidəndə “yalançının...” deyərək kanalı dəyişən vətəndaşın bu sözlərə qarnı toxdur. Görün nə günə qalmışıq ki, Rusiya gömrüyü Azərbaycanın pomidor xiyarını bəyənməyib geriyə qaytaranda sevinirik ki, bazarlarda qiymətlər bir az ucuzlaşacaq. Baxmayaraq ki, urus qağaların bəyənmədiyi o pomidor-xiyarın hansı keyfiyyətdə olması, sağlamlığımıza necə təsir göstərməsini heç fikirləşən də olmur. Çünki, biz yeyib-içən xalq olduğumuz üçün belə şeylərə çox da fikir vermirik. Ümumiyyətlə əvvəllər lağ obyekti olan, bir-birinə sataşmaq üçün istifadə edilən “xiyar” sözü artıq bəy tərifinə çevrilməkdədir. Qiymətlər bir az da qeyrət eləsə xiyar müəllimin şəninə dastanlar, mahnılar belə yazıla bilər.
İndi pomidor-yumurta üzünə həsrət qalan, gecələr yemişin xəyalına sarılaraq yatan sadə insanlardan biri İnam müəllimdən soruşsa ki, bəs dövlətin illərdir kənd təsərrüfatına sərf etdiyi milyardlar hara getdi, görəsən nazirimiz nə cavab verər? Ümumiyyətlə təzə nazirimizin gəlişindən sonra hamı sevincək olmuşdu. Xüsusilə onun quzu ilə şəkil çəkdirməsindən sonra bir sıra tənqidçilər əməlli-başlı quzuya dönmüşdülər. Amma quzuların səssizliyi çox çəkmədi. Nazirlə selfidən sonra quzu ətinin qiymətləri kosmik sürətlə artmağa başladı. Beləcə nazirin qucağında quzu kimi uanan heyvancığaz tədriclə and yerinə, sitayiş obyektinə çevrildi. Yazını çapa hazırlayarkən İnam müəllimin yeni şəkillərini axtardıq ki, bəlkə bilməyib pomidor-xiyarla,yemiş-qarpızla da şəkil çəkdirib. Yoxsa bunlara birdən nə oldu ki, özlərini belə yuxarıdan aparmağa, bəzi məmur balaları kimi harınlıq etməyə başladılar. Şükürlər olsun ki, belə selfiyə rastt gəlmədik. Odur ki, son qiymət artımlarında kənd təsərrüfatı nazirimizin günahkar olması, düzgün iş prinsipi qura bilməməsi haqqında söylənilən iddialar özünü doğrultmadı. Nədən ki, ortada şəkil sübut yoxdur. Ol səbəbdən bu hadisələrdən təxribat iyinin gəlməsi daha inandırıcıdır. Yoxsa ki, İnam müəllim neyləsin ki, bütün kənd təsərrüfatı sahəsi inhisardadır. Bir inhisarçı başqasının xiyarına qətiyyən toxuna , onun dediyi qiymətə şəkk gətirə bilməz. Yazıq kəndli əkdiyini-biçdiyini bazarlara çıxara bilmirsə, İran kartofu Gədəbəydə lotuluq edirsə burda cənab nazirin nə günahı? Dövlət hər il milyonlarla subsidiya ayırdığı halda məhsuldarlıq ildən-ilə aşağı düşürsə İnam müəllimi qınamaq insafsızlıqdır. Odur ki, bazara gedəndə imkan edib pomidor-xiyarla, yemiş-qarpızla bir selfi çəkin. Gələcəkdə nəvə-nəticələrin yanında basıb-bağlamaq üçün!

rublika.az

Şərhlər

XƏBƏR LENTİ