XalqXəbər.Az

Daha bir strateji yol xəritəsi iflasa uğradı - banklarımız böhrandan çıxa bilməyib

yüklənir...
Daha bir strateji yol xəritəsi iflasa uğradı - banklarımız böhrandan çıxa bilməyib
3-07-2019, 18:31
yüklənir...

Azərbaycan bank sektoru cari ildə dünya banklarının aktivləri azalan ölkələr siyahısında ilk onluğa daxil edilib. Qaynarinfo-nun verdiyi xəbərə görə, bu, Böyük Britaniyanın nüfuzlu "The Banker” jurnalının təqdim etdiyi renkinq cədvəlində əksini tapıb. Dərc olunan materialda cari ildə Azərbaycan banklarının cəmi aktivləri 8,82% azalaraq 4,867 mlrd dollar təşkil etdiyi bildirilir. Halbuki ötən il bu rəqəm 5,338 mlrd dollar təşkil edib. Bununla da Azərbaycan siyahının 6-cı pilləsində qərarlaşıb.

Qeyd edək ki, 40 ölkənin adının düşdüyü siyahının ilk üçlüyündə Anqola, Argentinə və Türkiyə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” reallaşdırılır. Bu sənəd qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə edilən proseslərə çevik adaptasiya və postneft iqtisadi inkişaf modelinin dəstəklənməsi üçün maliyyə sektoru qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb. Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək strateji baxış və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Strateji Yol Xəritəsində müəyyən edilmiş məqsədlərə çatmaq üçün 2020-ci ilədək 5 strateji hədəf və 16 prioritet hazırlanıb.

Sənədə əsasən, müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün 115 milyon manat investisiya tələb olunur ki, nəticədə 2020-ci ildə iqtisadiyyatda təxminən 750 milyon manat əlavə dəyərin yaranması gözlənilir. "Bütövlükdə, müəyyən edilmiş kompleks tədbirlərin effektiv realizasiyası bütün müştəri qruplarını genişçeşidli maliyyə xidmətləri ilə təmin edən dayanıqlı, sağlam və tarazlaşmış maliyyə sisteminin formalaşdırılmasına zəmin yaradacaqdır” – deyə sənəddə bildirilir.

Sənədin icra müddətinin bitməsinə cəmi 1 ildən də az qaldığı bir müddətdə Azərbaycan banklarının durumu ilə bağlı yuxarıda təqdim edilən məlumat bankların böhrandan hələ də çıxa bilməməsinin sübutudur. Ekspertlər də belə düşünürlər.

"Bu məlumat yenilik deyil, bizə məlumdur ki, ölkə bankları böhrandan çıxa bilməyib” deyən bank-maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə, fərqli cəhət odur ki, vəziyyət pisləşmir: "Böhran əvvəlki illərə baxanda dərinləşmir, vəziyyət yavaş-yavaş pisləşir. Yəni məsələn, 2015-ci ildə daha sürətlə pisləşmə müşahidə edilirdi. İndiki məqam durğunluq dövrü hesab edilə bilər. Həm bank-nəzarəti orqanları səviyyəsində, həm bankların özünün durumunda. Məsələn, Maliyyə Bazarlarına Nəzarət Palatası faktiki olaraq heç nə etmir, edə də bilmir, bunun üçün qurumda bacarıqlı kadr da yoxdur, iradə də. Faktiki durum bundan ibarətdir ki, nə vəziyyəti pis olan bankları bağlayırlar, nə də onların sağlamlaşdırılması üçün real addımlar atırlar. Formal bank nəzarətini həyata keçirirlər. Buna görə də təbii olaraq bankların aktivi azalıb. Bu, sadə dildə o deməkdir ki, bankların pulları, əmlakları azalıb. Bu il ola bilsin ki, problemli kreditlərlə bağlı fərman nəticəsində vəziyyət bir qədər düzəlsin. Amma bu da müvəqqətidir”.

Ə.Həsənovun sözlərinə görə, bank sisteminin 50 faizini özündə cəmləşdirən Beynəlxalq Banka dövlət ötən illərdə kömək etməsəydi, vəziyyət daha acınacaqlı olardı: "Bu köməkdən sonra da Azərbaycanda bank aktivləri azalırsa, o deməkdir ki, bu kömək olmasaydı renkinqdə sonuncu yerdə qərarlaşacaqdıq. Amma bu cədvəldə mənim üçün nəsə yenilik yoxdur. Hərdən mən tənqid edəndə məni qınayırlar, deyirlər niyə bu qədər tənqid edirsən, işlər görülür, proqram reallaşdırılır. Hansı proqram reallaşdırılır? Bir nəfər çıxsın göstərsin mənə o proqramı. Dövlət başçısı 2016-cı ilin dekabrında "Maliyyə sektoru üzrə strateji yol xəritəsi”ni təsdiq edib, amma icra olunmur axı. Həmin xəritəyə görə, 2018-ci ildə sağlamlaşma bitməli idi. Hanı? Bankların şəffaflığı üzrə digər addımlar atılmalı idi, banklar şəffaflaşma tədbirləri atmalı idilər, amma banklar bu gün mövcud olan tələblərə 50 riayət etmirlər, o ki, ola yeni tədbirlər reallaşdıralar. O kəs şəffaf olur ki, vəziyyəti yaxşı olur. Banklar şəffaf deyillərsə, şəffaflığa meyl göstərmirlərsə deməli vəziyyətləri pisdir”.

Ekspertin fikrincə, bankların aktivlərinin azalmasının əsas səbəblərindən biri bank sahiblərinin özlərinin verdiyi böyük kreditlərdir, hansı ki, o kreditlərin verilməsində korrupsiya hallarına yol verilib: "Mərkəzi Bank da bunlara göz yumub. Mən artımdan danışmıram, heç olmasa bu aktivlərin yerinə qaytarılması üçün hüquq-mühafizə orqanları ciddi iş aparmalıdırlar. Maliyyə Bazarlarına Nəzarət Palatası, yaxud o ləğv olunub yerində başqa qurum yaradılsa həmin qurum bu məsələ ilə məşğul olmalıdır. Bu pulların yerini müəyyənləşdirmək, məsul şəxsləri cəlb etmək və vəsaitlərin geri qaytarılmasına nail olmaq lazımdır. Bunun üçün isə iradə, savad və dürüstlük lazımdır. Biz hələlik bu göstəriciləri nə hüquq-mühafizə orqanlarında, nə də palatada görürük”.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.