SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Bir nəfərin əlində cəmləşən siqaret bazarı

Bir nəfərin əlində cəmləşən siqaret bazarı

Tarix:

1-03-2017, 18:10

/ 2 973 dəfə oxundu.
Bir nəfərin əlində cəmləşən siqaret bazarı

Bahalı siqaretlərin bazarı "ölüb"

Nazirlər Kabineti cari ilin yanvarın 1-dən etibarən spirtli içki və tütün məmulatlarının satışının bank hesabları vasitəsilə həyata keçirilməsi ilə bağlı verdiyi qərardan sonra marketlərdə siqaret qıtlığı müşahidə olundu. Bu qərarla bank hesabı olmayan sahibkarların firmalardan birbaşa mal almasına da maneə yarandı. Yeni qaydalarda göstərilirdi ki, tütün məhsullarının pərakəndə satışı istisna olmaqla, onların alqı-satqısı yalnız nağdsız şəkildə təşkil oluna bilər.

Bunun üçün istənilən dükanın bank hesabı olmalıdır. Nağd satış qadağan olunduqdan sonra bazarda arzuolunmaz qiymət mənzərəsi yarandı. Piştaxtalarda leqal siqaretləri qaçaqmal yolu ilə gətirilən, büdcəyə vergi və rüsumu ödənilməyən, mənşəyi belə bilinməyən məhsullar əvəzlədi. Bütün bu amillər dükan sahiblərinin biznesinə də mənfi təsir edib. Nəticədə, siqaretlərin marketlərə, piştaxtalara axını üçün vasitəçi “işbazlar” ortaya çıxaraq ciblərini doldurmağa başladı. Bir müddət öncə İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev Cebhe.info-ya açıqlamasında bildirdi ki, siqaretin qiyməti dövlət tərəfindən tənzimlənmir. A.Əliyev siqaretin qiymətində artım olması barədə məlumatları da təkzib edib. A.Əliyevin sözlərinə görə, İqtisadiyyat Nazirliyi süni qiymət artımına qarşı tədbirləri həyata keçirir, monitorinqlər aparır: “Siqaretlə bağlı hansısa qiymət artımı ilə rastlaşmamışam. Siqaretin qiyməti bazarın iqtisadi prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşıb”. Siqaretin qiyməti Tarif Şurası tərəfindən tənzimlənmədiyi üçün bu sahədə özbaşınalıq baş alıb gedir. Bununla yanaşı, bazarda rəqabət mühitinin olmaması, bu biznesin yalnız bir inhisarçının əlində cəmləşməsi qiymətlərin artmasına dəlalət verir. Son bir ayda manatın dollar münasibətdə nisbətən bahalaşması fonunda siqaretin qiyməti aşağı düşmədi, əksinə qalxdı. Bu gün siqaret bazarında qiymətlər qalxdığı üçün daha bahalı belə tütün məhsullarının alıcılıq qabiliyyəti aşağı düşüb. Alıcı Fərhad Əliyev də bu qənaətdədir. O deyir ki, bir müddət öncə 2 manata aldığı siqaret "Kent 8"i hazırda ən yaxşı halda 2 manat 80 qəpiyə almalı olur. Bu məhsulun qiyməti 2.80 - 3 manat arasında dəyişir. Bu səbəbdən alıcılar daha ucuz siqaret məhsulları almağa maraqlıdır. F.Əliyev də "Kent 8"-i "LD kompakt"-a dəyişib. Bu siqaret digərləri ilə müqayisədə daha ucuz, 2 manat 40 qəpiyədir.

Bəs görəsən, siqaretlərin qiymətinin qalxması bahalı siqaretlərin bazarını çökdürəcəkmi?

Mövcud mənzərə bunu deməyə əsas verir. İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, siqaret bazarı bir inhisarçının əlində cəmləşdiyindən burada rəqabətlilik mühiti yoxdur. Bu sahədə inhisarçılıq nəzarətə götürüldüyü üçün meydana bir neçə rəqibin atılması da mümkünsüzdür. Buna şərait yaradılmır.

N.Cəfərlinin sözlərinə görə, siqaret bazarında qiymətlər bazar qaydalarına uyğun tənzimlənmir:

“Bu gün bazarın tənzimlənməsində də ciddi problemlər var. Siqaretin satışı ilə bağlı bir neçə dəfə qərar verildi. Həm topdansatış, həm də pərakəndə satışın nəğdsiz olması ilə bağlı qərar qəbul edildi. Bəlli oldu ki, pərakəndə satışda bu mümkünsüzdür. Bu səbəbdən yalnız topdansatışla bağlı qərar qüvvədə qaldı”.

İqtisadçının sözlərinə görə, insanların alıcılıq qabiliyyəti aşağı düşdüyündən bahalı siqaretlərin bazarında durğunluq yaranıb. Bahalı siqaretlərin bazarındakı durğunluğun aradan qaldırılması üçün müəyyən mexanizmlərin işlənib hazırlanmasına ehtiyac var:

“Bazara nəzarət edən şəxslər, kommersiya qurumları bu haqda düşünməlidir. Optimal qiymət mexanizmi hazırlanması çox vacib nüanslardan biridir”. Bu gün piştaxtalarda Gürcüstandan gətirilən siqaret məhsulları daha çox üstünlük təşkil edir. Bu siqaret məhsullarının qaçaqmalçılıq yolu ilə yerli bazara yol açması onu göstərir ki, ölkəmizdən fərqli olaraq Gürcüstanda siqaretin qiyməti aşağıdır. Siqaret bazarında müəyyən tənzimlənmələrin aparılması, rəqabətlilik mühitinin olması bu bazrada qiymətlərin sabit olmasına səbəb olur. Azərbaycandan fərqli olaraq Gürcüstanda hər qiymətə olan siqaretin alıcılıq qabiliyyəti var. Azərbaycanda isə yalnız müəyyən qism şəxslər, məmur təbəqəsi bahalı siqaret ala bilir. N.Cəfərli daxili bazarda siqaretə tələbatdan danışıb: “Demək olar ki, gömrük orqanları hər gün siqaretlə bağlı məlumatlar yayır. Deməli, daxili bazarda buna tələbat var. Bu səbəbdən də xaricdən ucuz siqaretlər piştaxtalara axışır”.

İqtisadçı hesab edir ki, Azərbaycanla müqayisədə Türkiyə və Gürcüstanda siqaretin qiyməti daha aşağıdır. Məhz, bu səbəbdən də Gürcüstandan ölkəmizə siqaret gətirilir:

“Bazarda bahalaşmaya səbəb olan bu səbəbləri araşdırmaq üçün işçi qrup yaradılmalıdır. Hətta, sərhədyanı rayonların böyük əksəriyyəti tələblərini ödəmək üçün Gürcüstan bazarına müraciət edirlər. Bildiyimə görə, Gürcüstanda siqaret bazarı bir inhisarçının əlində cəmləşməyib, bir neçə biznesmen siqaret biznesi ilə məşğul olur. Azərbaycandan fərqli olaraq burada rəqabətlilik mühitin olması qiymətlərin aşağı olmasına səbəb olur. Çünki hər bir biznesmen istəyir ki, məhsulu satılsın. Burada müxtəlif iqtisadi mexanizmlərlə qiymətlərin kəskin artmasının qarşısı alınır. Azərbaycanda da qiymətlərin kəskin artmasının qarşısını almaq üçün Gürcüstan təcrübəsindən yararlanmağa ehtiyac var”.

N.Cəfərlinin sözlərinə görə, siqaret bazarında gərgin vəziyyəti aradan qaldırmaq üçün qanunvericiliyə müəyyən dəyişikliklər edilməlidir:

“İnzibati yollarla bunun qarşısını almaqdansa, qanunvericilikdə müəyyən dəyişiklik etmək lazımdır. Siqaretin ölkəyə axınını təmin etmək, vergi, aksizin ödənilməsi ilə məhsulun bazara çıxarılması təmin olunmalıdır. Yalnız bu zaman qiymətlərdə müəyyən tənzimlənmə ola bilər. Nəticə etibarı ilə də qiymətlərin daha da aşağı düşməsini görə bilərik. Təəssüflər olsun ki, indiki şərait çərçivəsində qiymətlərin aşağı düşməsi ehtimalı çox aşağıdır. Görünür, manatın bahalaşması fonunda qiymətlərdə enmə müşahidə edilməyəcək. Vaxtında lazımi addımın atılmaması bahalı siqaretlərin bazarını çökdürəcək: “Bazara nəzarət edən şəxslər, o cümlədən də kommersiya qurumları bu haqda düşünməlidirlər. Çünki satışların həcmi azaldıqca onların gəlirləri də azalacaq”.

cebhe.info

Şərhlər

XƏBƏR LENTİ