XalqXəbər.Az

4 nazirliyə iş tapşırıldı

yüklənir...
4 nazirliyə iş tapşırıldı
20-02-2017, 23:00
yüklənir...

Prezident İlham Əliyev "Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Xalqxeber.AZ xəbər verir ki, fərmanda qeyd olunur ki, Nazirlər Kabineti Azərbaycan Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin; bu Fərmanla təsdiq edilmiş Qaydanın 5.4-cü bəndinə əsasən, elektron vergi hesab-fakturasının vahid formasını on beş gün müddətində təsdiq etsin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Vergilər Nazirliyinə tapşırılır ki, fərmanla təsdiq edilmiş Qaydanın 2.0.10-cu yarımbəndində nəzərdə tutulan müvəkkil bankı (bankları) Mədəniyyət və Turizm Nazirliyinin rəyini nəzərə almaqla və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırmaqla on beş gün müddətində müəyyən etsin; ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycanda tətbiqi məqsədilə həmin Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun vergi orqanının və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını ilk ticarət festivalından əvvəl vergi orqanlarının büdcədənkənar fondu hesabına təmin etsin; vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini təmin etsin; risklərin azaldılması və əlavə dəyər vergisinin qaytarılması ilə bağlı prosedurların asanlaşdırılması məqsədilə malların fiziki yoxlanmasının həmin Qaydanın tələblərinə uyğun olaraq risk qiymətləndirmə sistemi əsasında həyata keçirilməsini təmin etsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Mədəniyyət və Turizm Nazirliyinə tapşırılır ki, Vergilər Nazirliyi ilə birlikdə ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycanda tətbiqi ilə bağlı təbliğat, təşviqat və məlumatlandırma tədbirlərini, o cümlədən kütləvi informasiya vasitələrində və sistemə qoşulacaq ticarət obyektlərində videoçarxların yayımlanmasını təmin etsin; bu Fərmanla təsdiq edilmiş Qaydanın 2.0.5-ci yarımbəndində nəzərdə tutulan stikerin formasını və tətbiqi qaydasını müəyyən etsin; festivalların yüksək səviyyədə keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin ticarət festivallarında əlavə dəyər vergisinin qaytarılması prosesində iştirak edən əməkdaşlarına təlimlər keçilməsini və onların maarifləndirilməsini təmin etsin.

Maliyyə Nazirliyinə tapşırılır ki, ticarət festivalları dövründə alıcı tərəfindən ödənilmiş əlavə dəyər vergisinin, bu Fərmanla təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan əlavə dəyər vergisi üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasını təmin etsin; həmin Qaydanın 6.10-cu bəndində nəzərdə tutulan rəyin formasını Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin; həmin Qaydanın məqsədləri üçün müvəkkil banka avans şəklində köçürüləcək minimum məbləği iki ay müddətində müəyyən edib, həmin məbləğin bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilməsini təmin etsin.

Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına tapşırılır ki, bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Vergilər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə və digər səlahiyyətli dövlət qurumlarına kömək göstərilməsini təmin etsinlər.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.