SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Vergilər naziri sahibkarlarla vacib görüş keçirəcək

Vergilər naziri sahibkarlarla vacib görüş keçirəcək

Tarix:

29-01-2018, 17:36

/ 1 709 dəfə oxundu.
Vergilər naziri sahibkarlarla vacib görüş keçirəcək

Bu gün bəzi KİV-lərdə yer alan məlumatlarda Vergilər Nazirliyinin biznes sektorunda yoxlamaları tamamilə dayandırdığı bildirilib.
Məlumatda qeyd olunur ki, yoxlamaların dayandırılması nazirlikdəki rəhbər dəyişikliyindən sonra aparılan struktur və kadr islahatları ilə bağlıdır. Kadr dəyişikliyi vergi yoxlamalarını aparan şəxslərə də təsir edib. Hazırda vergi yoxlamalarına kurasiya nazirin müavini İlkin Vəliyevə keçib. Bununla belə, kurator olmasına baxmayaraq, heç bir yoxlama aparılmır.
Məsələ ilə bağlı müraciət etdiyimiz Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumatı dəqiqləşdirmək üçün Vergilər Nazirliyinin rəhbər şəxslərilə əlaqə saxlayıb.
Deputatın saytımıza verdiyi məlumata görə, sözügedən məlumat təsdiqini tapmayıb:
“Bununla belə, fevral ayının əvvəlində nazir Mikayıl Cabbarov sahibkarlarla görüş keçirəcək. Görüşdə hansı islahatların həyata keçiriləcəyi, hansı dəyişikliklərin olacağını açıqlayacaq”.

V.Əhmədov bildirib ki, nazir həmin görüşdə bütün cavabsız suallara aydınlıq gətirəcək.

Mikayıl Cabbarov ölkə başçısının 2017-ci il 5 dekabr tarixli sərəncamı ilə vergilər naziri təyin edilib. Yeni nazirin gəlişindən sonra vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb.
Nazirliyin strukturunun yenidən təşkili, eyni zamanda, onun fəaliyyətini müəyyənləşdirən institusional dəyişikliklərin aparılmasına istiqamətlənən islahatlar ölkədə sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, biznesin inkişafında süni maneələrin aradan qaldırılması, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması, partnyorluq münasibətlərinin tərkib hissəsi olaraq vergi ödəyicilərinin öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi məqsədi daşıyır.
Bununla əlaqədar olaraq, vergilər nazirinin müvafiq əmrləri ilə 64 nəfər vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilərək nazirliyin sərəncamına götürülüb ki, onların arasında nazir müşavirləri, struktur bölmə rəhbərləri və digər vəzifəli şəxslər var.

Şərhlər

XƏBƏR LENTİ