"Ölkədə gözdən əlillər üçün heç bir şərait yoxdur"

"Ölkədə gözdən əlillər üçün heç bir şərait yoxdur" Gözümüzü bağlayaraq bizə məlum olan bir yerdə gəzməyə çalışsaq, bir neçə dəfə haraya ilişərik və yaxud yıxılarıq. Görməyə alışmış insan üçün görməmək hər şeyin sonu hesab olunur.

Görmə məhdudiyyətli insanlar üçün isə hər şey fərqlidir. Onlar bir çox şeyi görmədən edir. Görmək bizim üçün öyrənmək, yaddaş, hiss etmək, təsəvvür etməkdir və s. Bir stəkan çay içmək bizdən hər hansı bir bacarıq və ya öyrənmək tələb etmir. Çünki bunu necə etməli olduğumuzu görmüşük. Amma onlar bunu etmək üçün əvvəlcə öyrənməlidir. Və bir çoxlarımız onların özlərini sərbəst idarə etməsini "möcüzə" belə adlandırırıq. Bu təbii ki, bizim zəifliyimizdir.

Ümumiyyətlə, görmə məhdudiyyətli insanların bütün bunları necə bacardığını heç düşünmüsünüzmü?

Tələbəlik illərində görmə məhdudiyyətli tələbələrlə bu mövzu ilə bağlı danışmaq istəmişdim, amma əlaqə qurduğum şəxs həmin tələbələrin kompleksi olduğunu və bu barədə danışmaq istəmədiyini demişdi. Amma bu dəfə istəyimə nail oldum.

Ülvi və Azər Bakı Dövlət Universitetinin “Tarix müəllimliyi” ixtisasını bitirib. Ülvi bu il, Azər isə keçən il məzun olub. Hər ikisi ölkədə yeganə olan görmə məhdudiyyətlilər üçün nəzərdə tutulmuş Bakıdakı orta məktəbdə oxuyublar.

Universitetə qəbul imtahanı zamanı onlara sualları oxumaq üçün oxucular ayrılır. Universitet imtahanları zamanı da eyni qayda tətbiq olunur.

Ülvi və Azərə “kitab qurdu” deyə bilərik. Mütailəni çox sevirlər. Lakin problemlə qarşılaşırlar.

Ülvi kitab sevgisini belə izah edir: “Brayl əlifbalı kitablar bizdə çox azdır. Gözdən əlillər üçün kitabxana isə məktəbdən tək gedə bilməyəcəyim qədər aralıda yerləşirdi. Orada kitabların səsləndirilməsi keyfiyyətsiz idi. 2010-a qədər kiminsə bizim üçün kitab oxumağına məhkum idik. Ondan sonra elektron kitablara əlimiz çatdı. Telefonumda və komputerimdə olan oxuma proqramları vasitəsi ilə mənim üçün dünyaya yeni pəncərə açıldı deyə bilərəm. Təəssüf ki, Azərbaycan dilində kitabların elektron formasına hələ də əlimiz çatmır. Ona görə də daha çox türkcə oxuyuruq. Dünya praktikasında gözdən əlillər üçün bir çox kitabların elektron formasına pulsuz çıxış var. Həmin şəxslər görmə məhdudiyyətli olduğunu təsdiqləyən sənədi təqdim edərək gözdən əlillər üçün olan sayıtlarda qeydiyyatdan keçərək kitablardan istifadə hüququ əldə edirlər. Xidmətdən yalnız həmin ölkənin vətəndaşları yararlana bilir. Bizdə isə bu yoxdur. Bu şəraiti yaratmaq mənim istəklərimdən biridir. Etiraf edim ki, illeqal olsa da, Türkiyədə olan bu cür sayta çıxış əldə etmişəm".

- Oxuduğunuz məktəb görmə əngəlli uşaqlar üçün olduğu halda universitet bu cəhətdən fərqli idi. Nə kimi uyğunlaşma problemləri yaşadınız?

Ülvi: “Məktəbdə aktiv olmuşam. Amma universitetə gələnədə gördüm ki, mühit fərqlidir, mənim isə təcrübəm yoxdur. Burada artıq diqqətdən kənar qalırdım. İlk iki il daha çox əziyyət çəkmişəm. Elə olub ki, uşaqlar dərsdən sonra harasa gedəndə mənə deməyiblər, buna görə sıxılmışam. Bunun görmə problemindən irəli gəldiyini düşünürəm. Çünki, məktəbdə çəkingən uşaqlar vardı, amma mən elə deyildim. Universitetdə bizim sosiallaşmağa, tələbələrin bizi öz çevrəsinə daxil etməsinə ehtiyacımız vardı.

Həmçinin müəllimlərin də bizdən gözləntisi az olurdu. Bir suallarına cavab verəndə bu sanki möcüzəymiş kimi davranırdılar. Müəllimlərimdən biri əlimdəki dəftərə baxıb ingilis dili oxuğumu görüb təəccüblənmişdi. Sonra da demişdi ki, “Uşaqlar, bu uşağa baxın, dərs götürün”. Yəni "bunun yaşama sevincinə bax ki, Ülvi də ingilis dili oxuyur" demək kimi bir şey idi.

Azər: “Məktəbdə hamı bizim kimi idi. Ailədə isə yenə hər kəs bilirdi. Amma universitetdə bəlkə də hamı ilk dəfə bu vəziyyətlə qarşılaşırdı. Onlar da bizim kimilərlə ünsiyyət qurmaqda təcrübəsiz idilər, biz də onlarla. Münasibətlərimiz dərs çərçivəsində olub, dərsdən sonra hər hansı planlarına daxil etməyiblər. Demək olar ki, indi universitet uşaqlarından münasibətdə olduqlarımız bu bariyeri aşdıqlarımızdır".

- İndi daha təcrübəlisiniz deyə bilərik. Yenə bu cür problemlərlə qarşılaşardınız?

Ülvi: “Mən hələ də formalaşmamışam. Azərlə danışanda deyirəm ki, əgər magistraturaya qəbul olsaydım, bu problemlərin əksəriyyətini yenidən yaşayardım”.

Azər: “Məncə, çox yaşamazdım.”

- Sizcə, qarşılaşdığınız problemlərin səbəbi nələrdir?

Ülvi: “İlkin səbəblərdən biri bizim qapalı mühitdə olmağımızdır. Məktəb vaxtı cəmiyyətdən kənarda ancaq özümüz kimilərin ətrafında olmuşuq. Valideynlər, müəllimlər “Universitetə gedəndə problem yaşayacaqsınız” deyirdi. Sanki, belə də olmalıdır. Bizi buna hazırlamaq, problemi həll etmək üçün heç nə etməyiblər.
Məktəb vaxtı məsafənin istiqamətləndirilməsi kimi dərslər olub, amma bu dərslərdə heç nə keçməmişik. O dərs keçilsəydi bizim tək gəzməyimiz asanlaşardı. Düz xətt üzərində yeriməyin özü belə dərsdir. Bunu sonradan özüm öyrənmişəm. Unversitetə qədər tək gəzə bilmirdim. Amma bir dəfə uşaqlar narazı şəkildə “aşağı düşəcəyik yenə?!” dediklərini eşitdim. Əsəbiləşərək özüm düşəcəm dedim ve getdim. Ondan sonra artıq özüm tək getməyə başladım. Buna uşaq vaxtından başlasaydım, özümə daha faydalı olardım. Məsələn, uşaq vaxtı hər şeyə həvəsim vardı, bəlkə də idmançı olardım. İdman müəllimim valideynlərimdən məni idmana aparmaqlarını xahiş edirdi. Anam cəmi bir dəfə apardı. Çünki, Paralimpiya mərkəzi Sumqayıtdadır. Mənsə köhnə Günəşlidə qalıram”.

Azər: “Problem hər iki tərəfdədir. Onlar da bizimlə ilk dəfədir qarşılaşır, biz də onlarla. Nəticədə hər iki tərəf də nə edəcəyini bilmirdi".

- Gələcək planlarınız nədir?

Azər: “Hazırda ingilis dilini öyrənirik. Artıq ingilis dili xarici dil olaraq görülmür. Bunu başa düşmüşük və bunun üçün öyrənirik. Həm də kitab oxumaq üçün ingilis dilində vəsait çoxdur. Həmçinin İELTS imtahanı verib xaricdə magistr təhsili almaq istəyirik. Mənə elə gəlir ki, xaricdə fürsətlər daha çox olar. Ölkəyə qayıtdıqdan sonra isə gözdən əlillər üçün olan uşaqların tədris sistemində dəyişikliklər etmək istərdim. Onların komputer bacarıqlarına yiyələnməsinə çalışardım. Çünki, bu bacarıq onlar üçün üstünlükdür. Əgər bunu bacarırsansa, özünü inkişaf etdirə bilərsən. Ölkədə bizim üçün şərait yoxdur, amma komputerdən istifadə edə bilmək bizə özümüzü öyrətməyə imkan verir”.

Ülvi: “Mənim də məqsədim xaricdə magistr təhsili almaqdır. Burada oxumaq istəmirəm. Bərabər mübarizə apara bilmək şansı əldə etmək istəyirəm. Daha sonra isə öz məktəbimizin direktoru olmaq, gözdən əlil şəxslərin vəziyyətini asanlaşdırmaq məqsədilə QHT qurmaq istərdim”.

- Bəs şəhərdə sizin hərəkətinizi məhdudlaşdıran nə kimi maneələrlə qarşılaşırsınız?

Ülvi: “Yolda gedərkən qarşılaşdığım insanları nəzərdə tutursunuzsa. onlar çox rəngarəngdir. İnsanlarımızı sevirəm, çoxu yaxşıdır. Amma mənə ən qəribə gələn insanların kömək etməyi səhv anlamasıdır. Kimdənsə xahiş edəndə ki, məni metroya apar. Aparır, amma öz metro kartı ilə keçirdir. Metroya qədər gətirdin nə gözəl, bəs niyə öz kartınla keçirirsən? Bunu başa düşmürəm. Yaxşılığı maddiyyatla ölçürlər. Digər problem isə bizimlə davranış qaydalarını bilmədikləri üçün hərəkətimizə mane olurlar. Məsələn, normalda görməyən yanındakının qoluna girir və yarım addım ondan geridə irəliləyir. Beləliklə, istiqamətləri deməyə ehtiyac qalmır. Orta sürətlə getmək lazımdır. Şəxsin hərəkətlərinə görə biz irəliləyə bilirik. Ən azından gündəlik davranışlarımıza kömək edəcək qaydalarla bağlı insanlara təlim keçmək istərdim. Təəssüf ki, hazırda bunu edə bilmirəm. Çünki maddi olaraq yaşayış standartıma uyğun gəlirim yoxdur. İş isə tapa bilmirik. Buna görə də ilkin ehtiyaclarımızı ödəyə bilmədiyimiz üçün əlavə nəsə etməyə də həvəs qalmır".

Azər: “Əslində bunu edən özü də fikirləşmir ki, niyə edir. Faydasız yardımdır. 20 qəpiyin bizə faydası yoxdur".

- İşdən söz düşmüşkən, harada işləmək istərdiniz və bununla bağlı hansı problemlərlə qarşılaşırsınız?

Azər: “Hər kəs kimi müxtəlif sahələrdə işləyə bilərik. Bizə ən çox deyilən öz məktəbimizdə müəllim işləməkdir. Amma problem budur ki, məktəb bir dənədir və müraciət edənlər çoxdur. Bir müddət əvvəl qatıldığımız televiziya proqramlarından birində Qənirə Paşayeva bu mövzu ilə bağlı Təhsil Nazirliyinə müraciət edəcəyini bildirmişdi. Amma xəbər çıxmadı”.

- Deyirlər ki, görmə məhdudiyyətli şəxslər yuxu görmür. Doğrudur?

Azər: “Yuxu da real həyatdakı kimidir. Həyatda necə görmürük, təsəvvür ediriksə, yuxuda da real nəsnələr o cür canlanır. Beynimdə stəkanı necə təsəvvür edirəmsə, yuxudada o stəkan elə görünür. Bu normal təsvirdən fərqli olsa da. Nə vaxtsa görə bilənlər yuxuda həmin dövrdə yadlarında qalan kimi görürlər. Heç vaxt görə bilməyənlər isə öz təsəvvürlərinə uyğun”.

Ülvi: “Joze Saramagonun “Korluq” əsərində belə bir cümlə var: “Görməyənlər əslində həyatı görənlər kimi yaşayırlar.” Bizim öz gözəllik anlayışımız yoxdur. Görən birisi gözəli necə təsvir edibsə, biz də ona uyğunlaşmışıq. Bizim gözəllik təsəvvürümüz görənlərin qəlibləridir”.

- Nəyi necə etməyinizlə bağlı sualları tez-tez eşidirsiniz. Belə suallar sizi yormur?

Ülvi: “Yox, əksinə soruşsunlar. Qrupa təzə gələndə əksəriyyəti brayl əlifbası üçün istifadə etdiyim əşyaya təəccüblənirdi. Amma bunun nə olduğunu çoxu soruşmurdu. Bunu soruşmaqlarını, lazım olanı izah etmək istərdim. Onlar bizi vəziyyətimizə görə həmişə depresiyada olmalıyıq kimi düşünürlər. Belə olmadığımızı görəndə isə dahiləşdirməyə çalışırlar. İnsanlar bizə görə çox narahat olurlar. Mən də istəyirəm ki, az narahat olsunlar”.
Geri qayıt