“Oğlanlarıma demişəm ki, kişi öpüşməz” - Lamiyə

“Oğlanlarıma demişəm ki, kişi öpüşməz” - Lamiyə Teleaparıcı Lamiyə Ələkbərovanın müsahibəsi:

- Sizinlə indi həm Lider TV-nin direktor müavini, həm də teleaparıcı kimi görüşürəm. Elə müsahibəyə kanalla bağlı bir neçə sual verməklə başlamaq istəyirəm. Əvvəl “Lider”in məşhur simaları var idi, hər kəs onları tanıyırdı. Sizcə, hazırda TV-nin simaları kimlərdir?

- Bunu tamaşaçı deyə bilər. Kim hansı aparıcını bəyənirsə, onu əsas sima hesab edir. Kanal çalışmır ki, çox tanınmış olan şəxsləri efirə çıxarsın. İşə savadlı simaları cəlb edirik. Aparıcıların səs tembri, danışıq tərzi, duruşu çox vacibdir. Bu mövsüm iki simanı efirə cəlb etmişik. “Səda”ya Vüsalə Əyyubqızı, “Tezdən oyan”a Gövhər xanım gəlib. Yoldan keçən, məşhur olan, instaqramda fenomen olan, lakin dil qaydalarına riayyət etməyən şəxslər bizə lazım deyil. Sima savadlı olmalıdır, savadsız simadan sima olmaz. Biz artıq yay mövsümünə hazırıq. Üç anons hazırlamışıq. Elə həmin anonsların quruluşçu rejissoru Aynurə Səmədovadır. Çox fərqli və maraqlı işlər ortaya çıxıb, tamaşaçılar bunun şahidi olacaq.

- “Lider”də reytinq cədvəlləri də aradan qaldırılıb. Səbəb nədir?

- Çoxdan yığışdırılıb. Reytinq nədir? Necə ölçüllər? 40 evə aparatlar qurlaşdırılaraq? 22 ildir ki, efirdəyəm. Tamaşaçı məni təkcə Azərbaycanda yox, başqa ölkələrdə tanıyırsa, bu reytinq deyil? Bizim kanalın çox yüksək səviyyəli və düşüncəli tamaşaçıları var.

- Hər bir kanal özünə deviz seçir, “Ən reytinqli”, “ən baxımlı” kimi sözlərdən istifadə edərək insanların beyninə psixoloji olaraq təsir edirlər.

- Qoyun etsinlər, bizim devizimiz var: “Doğma kanal”. Lider olmağı hər kəs arzulayır, hər kəs lider olmaq istəyir. Mənə bundan artıq deviz lazımdır? Bizim devizimiz adımızdır. Hər bir kanal dostumuzdur, necə istəyirlərsə, elə də deviz seçsinlər.

- Mediada ən çox müzakirə olunan mövzulardan biri də kanalların məşhurlara qoyduğu “zapret”lərdir.

- “Zapret”i biz yox, onların özləri özlərinə edir. Kanal rəhbərlərinin heç bir günahı yoxdur. Məsələn, səhər verilişinin canlı yayımına qonaq çağırırıq. Həmin şəxs efirə gəlib çıxmır. Sabah yenidən çağıraq ki, yenə efirə gəlməsin? Müğənnilər, aktyorlar hardan məşhurlaşıb? İlk olaraq televiziyadan... Efir, təqdimat vacibdir. Bizə hörmətsizlik edirsə, TV müğənnilərin arxasıyca çox düşməlidir? Ona görə də, hörmətizlik edənləri ikinci dəfə çağırmırıq. Biz heç kimdən asılı deyilik.


- Loru dildə desək, Lider TV-də sözükeçən 3-cü şəxssiz.

- Direktor müaviniyəm. Bəzən instaqramda, mediada elə telaparıcı kimi təqdim edirlər. Vəzifəmin deyilməsindən xoşum gəlmir, bununla fəxr etməmişəm. Həmişə işimi göstərməyə çalışmışam.

- Deyirlər, vəzifə insanda çox şeyi dəyişdirir...

- Mənim dostlarımdan soruşa bilərsiz, heç nəyim dəyişməyib. Bir az daha məsuliyyətli olmuşam. Hər zaman vicdanlı çalışmışam, gənclərə dəstək olmuşam. Amma nə yalan deyim, postda olanda adama bir qədər xoş olur. İnsan gərək səmimi olsun.

- Yəqin ki, bu posta sahib olana kimi sizə əngəl törədənlər, “torba tikənlər” çox olub. Onlarla mübarizə aparmaq çətin deyil?

- “Lider”də bir rəhbər var, o da Ədalət Əliyevdir. O məni vəzifəyə seçib. Mən mübarizə aparıb posta sahib olmamışam. Gərək düzgün işlər görəsən. İnsan iş görəndə vəzifəyə də yol açılır. Məni vəzifəyə qoydular, kabinetdə oturmaqla iş göstərmək olmaz. Başqa peşədə kabinetdə otura bilərsən, ancaq televiziyada belə deyil.

- Siz həm də moda, dəb mövzusunda veriliş ərsəyə gətirən ilk şəxslərdən birisiz. İndi isə bu mövzuda olan proqram reklamdan ibarət olub, bazara çevirilib. Siz də təməlini belə qurmuşduz?

- 1995-ci ildə AzTV-də işə düzəlmişəm. İki il sonra, yəni 97-ci ildə “Moda xətti” adlı veriliş açdıq. Həmin proqramın əvvəlcə rejissoru idim. Çünki, özüm elə dövlət kanalına rejissor olaraq gəlmişdim. Bir gün çəkiliş meydançasına toplanmışdıq, rəhmətlik Rüfət Mehdiyevi də dəvət etmişdik. Verilişin aparıcısı da o vaxtlar Zaur adlı gənc idi. İstedadlı oğlandır, ancaq tənbəl idi.

O çəkilişə gecikdi, gəlmədi. Mən də əsəbiləşərək onun yerində oturdum, verilişi aparmağa başladım. Əlbəttə, bunun üçün icazə aldım. Daha sonra efirə baxdılar, çox bəyəndilər. Veriliş uzunömürlü oldu, adı dəyişdi, “Moda- moda” oldu. 2006-cı ildə isə iş yerimi dəyişdim, Lider TV-yə gəldim. Bu mövzuda ilk proqramın yaradıcısı mən olmuşam. Əlbəttə, yanımda, Aygün, Zaur kimi istedadlı gənclər olub. O illərdə dövlət kanalında moda ilə bağlı veriliş açmaq çox çətin idi.

İndi isə bu tipli verilişlər bazar xarakteri daşıyır, reklamlar daha çox olur. Olur belə şeylər, o da bir layihədir. Əsas odur ki, bizdən sonra başladılar. Amma bizdə çox fərqli idi, belə şeylərə yer vermirdik.

- Gələk digər bir məsələyə... Siz mətbuata heç vaxt geniş müsahibə verməmisiz. 5-6 il bundan əvvəl o dövrün məşhur saytlarının birində fikirləriniz yer almışdı. Qeyd etmişdiz ki, heç vaxt aktrisa olmaram, milli mentalitetə ziddir. İstərdim ki, bu məsələyə aydınlıq gətirərdiz.

- Subay vaxtı bunu edə bilməzdim. Ailəliyəm, indi də edə bilmərəm. Səbəbini sizə deyim. Rolda kiminsə arvadı ola bilərsən. Bunu edə bilmərəm, məni düzgün başa düşün. Demirəm ki, qəlbiqarayam, ancaq həmin aktyorla bu mövzuda rol ala bilmərəm. Özüm Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Həsən Məmmədov kimi müəllimlərim olub.
Ya müəllimə, ya da aparıcı obrazlarını canlandıraram. Qısası, tək olduğum rolları sevə- sevə oynayaram. Rollarda sevgi-məhəbbət yaşaya bilmərəm, təbiətimdə yoxdur. Belə bir məsəl var ki, qadın kişi xarakterlidir. Bu sözlə razılaşmıram, qadın qadın xarakterli olmalıdır. Amma nə edək, mən kişi xarakterli qadınam. Gedib kiminsə əlindən tutum, sevgili olum. Vallah, belə edə bilmərəm. Bu səbəbdən milli mentalitet məsələsinə toxunmuşam.

- Belə anladım ki, siz addım atmamışdan öncə ailənizi gözünüzün qabağına gətirirsiz.

- İki oğul anasıyam, onları düşünürəm. İndi kiçikdilər, böyüyəndə xoşagəlməz şəklim olsa, onlara göstərməzlər? Deməzlər, sənin anan belədir, bu mövzuda filmə çəkilib və s. Niyə övladlarım mənə görə utanmalıdır? Onları niyə pis vəziyyətə qoyum? Olmaz ki, mənimlə fəxr etsinlər? İki igid böyüdürəm, onları hərbi xidmətə yola salacam. Orada oğlanlar övladlarıma söz atmaz?

- Siz başqa mühit və ölkədə yaşasaydız, yenə belə düşüncədə olardız?

- Həyatım da bir qədər dəyişiklik edərdim. Amma söz vermirəm. Bəlkə də, bir az tərzimdə dəyişiklik edərdim. Deməzdim ki, o mövzulu kinolara çəkilərdim. Bu, xarakter məsələsidir.

- Qeyd etdiz ki, iki oğlan övladı böyüdürsüz. Onları gələcək həyatı ilə bağlı nə kimi planlarınız var?

- Hər ikisi orta məktəbdə oxuyur. Birini 7-ci, digəri isə 2-ci sinfə keçdi. Onlar hələ balacadılar. Biri çox yaxşı futbol oynayır, o biri ürək həkimi olmaq istəyir. Bilmək olmaz, təki layiqli övlad, kişi olsunlar.

- Lamiyə Ələkbərova üçün “kişilik”anlayışı nə deməkdir?

- Kişi ağlamaz, satqın, yaltaq olmaz, pisliklər etməz. Kişi vətəni sevər.

- Kişiylə qadınların bəzən mübarizələri ilə rastlaşırıq. Siz belə şeylərlə qarşılaşmısız?

- Bəli, mübarizə olar. Qadınla mübarizə aparan kişi bir az onunla eyni xarakterdə olur.

- Elə bir zaman olacaqmı ki, siz “Həyat tərzi” verilişinizi başqa bir aparıcıya həvalə edəcəksiz. İndi gənclərlə ötən nəslin nümayəndələri arasında bir növ savaş gedir. Siz onlara etibar edə bilərsiz?

- Ola bilər, hər şeyi zaman göstərə bilər. Ancaq sizə bir söz deyim ki, proqramın müəllifi özüməm. Moda ilə bağlı verilişi dövlət televiziyasında etdim, daha sonra “Lider”ə gətirdim. Məndən sonra o verilişi nə qədər ərsəyə gətirmək istədilər, amma alınmadı. Çünki, ümumiyyətlə aparıcı işlədiyi yerdə daha uğurlu olur. Başqa cür desək, bir veriliş bir insana yapışır. Onun yerinə başqası gələndə uğurlu olmur. İnsanlar hər zaman birinci aparıcını axtarır. Verilişlər uşaqlarımızdır, dünyaya gətirmişik.

- Moda dəyişir, amma Lamiyə Ələkbərova dəyişmir. Səbəbi nədir?

- Məni necə görmək istəyirsiz?

- Uzun və dalğalı saçlar...

- İnstaqrama girib götürə bilərsiz. Saçlarımı çox dəyişmişəm, amma tərzimi sabit saxlamışam. Qısa, uzun, bir balaca açıq-saçıq da geyinirəm. Hiss olunmur, qədərində edirəm.

- Sizi adətən çox tanınmışlara bənzədirlər. Bu, sizdə qıcıq yaratmır?

- Yox, narahat etmir. Ən çox Dilarə Səlimovaya bənzədirlər. Həmişə onunla bağlı mənə sual verirdilər, deyirdilər ki, balaca bacısısız? Hobbi kimi gözümə linza taxırdım, çəkilişdən sonra məclisə getdim. Orada deyirdilər ki, Dilarə Səlimova gəldi. O xanımı çox sevirəm. Amma deyim ki, doğru bənzətmələrlə razılaşıram. Hərdən elə olur ki, qətiyyən mənə sadaladıqları şəxslərlə bənzərlik yoxdur. Məni normal insana oxşatsınlar.

- Kənardan sərt, özündən razı bir xanım kimi görünürsüz. Bu da bir tərzdir? Halbuki, dostlarınız deyir ki, çox səmimi və gülərüzsüz.

- Özümdən razı kimi görünürəm, amma çox sadə və səmimiyəm. Mənim sadəliyimdən bir- iki dəfə istifadə etmək olar. Üçüncüdə hiss edirəm. İnsanları çox yaxşı oxuya bilirəm. Onların mənə qarşı düzgün olmadığını görürəm, üzə vurmuram, uzaqlaşıram. Üzüm gülə bilər, amma sərt görünürəm. Yalandan özümü belə aparmıram, bu cür insanam.

- Oğlanlarınızdan tələbləriniz də sərt olur?

- Onlar mənim xasiyyətimi çox gözəl bilirlər. İş qrafikim səbəbindən övladlarıma anam baxır. Bir şey olan kimi, nənələrinə deyirlər ki, anam bilməsin. Uşaqlarımı çox sevirəm, verdiyimi sözləri yerinə yetirirəm. Bizim ailədə bir xüsusiyyət var, söz veririksə, onları aldatmırıq, bacardığımız qədər həyata keçiririk. Onlara başa salıram ki, hər mənada biz sizi aldatmırıq, siz də gələcəkdə başqalarını aldatmayın. Ən çox iki qardaş arasında yaşanan mübarizədən xoşum gəlmir. Çalışıram ki, bir-birilərini qorusunlar, başqa heç kimləri yoxdur. Bir nənələri, ata və anaları var. Dayı, xala, əmi, bibi yoxdur. Uşaqdılar, zarafatcasına demişəm ki, kişi kişiylə öpüşməz. “Qardaşın sənə köməklik etdi, onu öp” deyəndə də cavabları belə olur ki, kişi kişiylə öpüşməz.

- Şou-biznesdə olmusuz, belə şeyləri çox gördüyünüz üçün belə qadağalar edirsiz?

- Bəli, psixoloji olaraq onlarla söhbət edirəm. Çalışıram ki, ağıllı və kişi kimi böyüsünlər. Hərdən deyirəm ki, yaxşı ki, qızım yoxdur.

- Səbəb?

- Səbəbini bilmirəm.

- Siz eyni zamanda mərhum sənətkar İlhamə Quliyevanın ən yaxın rəfiqəsi idiz. Onun ölümü barədə çox şayiələr yayıldı. Hətta, hadisədən dərhal sonra siz də onun evində idiz. Sonuncu dəfə də sizinlə danışmışdı...

- Bəli, həmin şayiələr boş şeydir. Allahın işinə heç kəs qarışa bilməz. Sonuncu dəfə mənimlə telefonla danışdı. Ondan cəmi 4-5 saat sonra dünyasını dəyişdi. İlk dəfə eşidəndə inanmırdıq, 5 dəfə zəng vurub dəqiqləşdirdim. İndi kim ölümdən sığortalanıb? Onun görünüşü başqa cür ola bilərdi. Bir az səs-küyü var idi. Əylənməyi, yeyib-içməyi sevirdi.

Mənim uşaqlarım ona “Karaleva” deyirdi, elə də yola saldıq. İndiyənə kimi uşaqlarım onun məzarını ziyarət edir. Böyük oğlum Ayxanla tez-tez söhbətləşirdilər. Ona “Moy Prins” deyə müraciət edirdi. Sənətkarın itkisi övladlarıma da psixoloji olaraq təsir etdi. Gözlərini açıb İlhamə xanımı görmüşdülər.

- İlhamə xanımın yaxınları deyir ki, xalq artisti dostlarını danışmadığı məşhurlarla əlaqə qurmağa qoymurdu. Sizi necə? Kimlə danışmağa icazə vermirdi?

- Mənə belə bir şey deməyib, qətiyyən. Mən heç kimlə dalaşmamışam. Bu nə deməkdir? Dostlarımla necə dostluq edə bilmərəm? O, Elza Seyidcahanla küsülü idi. Amma mən Elza xanımın qızının toyuna getmişdim, xəbəri də var idi. Heç nə demədi. Bundan başqa, Məleykə Əsədova ilə çox yaxın rəfiqəyəm. AzTV-də “Gözəllik işığı” verilişinin aparıcısı idi, mən isə rejissoru... Dostluğumuz 20 ilə söykənir. Onunla necə danışmaya bilərdim? Mən ona söyləyirdim ki, mübahisə etməyin, barışın. Ancaq ətrafında insanlar var idi, dava etməsini istəyirdi. Hərdən mənim sözümə qulaq asırdı, hərdən yox!

- Miras qalmaqalına münasibətiniz necədir? Orxanla əlaqə yaradırsız?

- Bu söhbət mənə çox maraqsızdır. Orxan yaxşı oğlandır. Mən İlhamə xanımla rəfiqə idim, onun mirasının kimə qalmasından mənə nə?

“Qafqazinfo”
Geri qayıt