“Mən o zaman İlham Əliyevi necə bağrıma basıb öpürdümsə, indi də elə edərəm”

“Mən o zaman İlham Əliyevi necə bağrıma basıb öpürdümsə, indi də elə edərəm” Müsahibimiz oftalmoloq, 88 yaşlı Gülnisa İsayevadır. Gülnisa İsayeva vaxtilə mərhum akademik, tanınmış oftalmaloq alim Zərifə Əliyeva ilə bir yerdə işləyib.
Gülnisa Əliyeva ilə müsahibəni təqdim edirik.

- Zərifə Əliyeva ilə neçənci ildə tanış olmuşdunuz. İstərdik o illərə qısa bir nəzər salasınız.

- Mən onunla 1965-ci ildə tanış olmuşam. Zərifə Əliyeva o zaman Göz İnstitutunda işləyirdi. Mən isə kafedrada işləyirdim. Amma hamımız Göz İnstitutunda bir yerdə idik. Zərifə xanım doğrudan da qeyri-adi bir insan idi. Çox böyük mədəniyyət sahibi idi. Belə insanlar bir neçə əsrdən bir doğulurlar. O, heç tanımadığı, birinci dəfə gördüyü adama elə hörmət edərdi ki, hamı onu tanıdığını zənn edərdi. Mərhum Zərifə Əliyeva o qədər mehriban bir xanım idi ki!.. O, həm də çox qayğıkeş idi. Həmişə bizdən “evinizdə vəziyyət necədir, nə probleminiz var?” deyə soruşardı. Bir problem olsaydı, dərhal onun həllinə çalışardı.

- Sizə nə köməklik edib?

- Mən Moskvada təhsil almışdım. Bir dəfə çətinlik yaranmışdı. Xəstənin göz dibini yaxşı görə bilmirdim. Zərifə xanıma müraciət etmişdim, demişdim ki, xəstəyə baxsam da, nə baş verdiyini dərk etmirəm. Zərifə xanım mənə hər şeyi izah etdi. Belə hallarda o, saatlarla oturardı, hər şeyi incəliyi ilə izah edərdi. Həmişə çalışırdı ki, kiməsə köməklik etsin.
Zərifə xanım hərtərəfli insan idi. Məsələn o, yaxşı mahnılar ifa edirdii.
Bir dəfə tanınmış oftalmoloq Zəhra Quliyevanın ad gününə getmişdik, Zərifə xanım də bizimlə gəlmişdi. Pianino arxasında əyləşib musiqi ifa edirdi. Həm də yaxşı mahnı oxuyardı.
Heç zaman özünü kimdənsə yüksək tutmazdı. Zəhra xanımla da dost idi, ümumiyyətlə, Zəhra Quliyevanın ad günlərində Zərifə Əliyeva da iştirak edərdi.
Bir dəfə Zəhra Quliyevanın ad günündə Zərifə xanımın qızı Sevil Əliyeva da gəlmişdi. O dedi ki, partiya biletini alıb. “Bu gün mən partiya biletini aldım” deyirdi. Hamımız onu partiyaya girməsi münasibəti ilə təbrik etdik.
Biz Zərifə Əliyevanı özümüzdən ayıra bilmirdik. Heç kim onu təkcə yüksək vəzifəli şəxsin, Heydər Əliyevin həyat yoldaşı kimi qəbul etmirdi. Biz həm də onu əsl yoldaşımız, yaxın adamımız kimi qəbul edirdik.

- Heydər Əliyevdən nələr danışırdı?

- Bəzən deyərdi: “Bu gün mənim görüşüm var, siz xəstələrimə baxın, mən görüşə gedirəm”. Bir –birlərinə çox bağlı insanlar idi. 3-4 il bir yerdə işlədik. Sonra Umnisə Musabəyli bizi “Semaşko”ya apardı. Onlar isə “Respublikanski”yə getdilər.

- Siz Zərifə Əliyeva ilə yaxın təmasda olmusunuz. O tibbdən başqa, ən çox nələr haqda söz açardı?

- Öz ailəsindən danışardı. “Övladlarıma səhər yeməyi hazırladım, bunu yedilər, onu yedilər” kimi şeylər danışardı. Məişət söhbətləri də edərdik.
Umnisə Musabəyli və Zəhra xanımla da çox yaxşı əlaqələri var idi. Umnisə xanım həmişə əməliyyatlara gedəndə, Zərifə xanım da onunla birlikdə əməliyyata girərdi. Onlar əməliyyatları bir yerdə edərdilər.

- Kollektiv olaraq Zərifə xanımla gəzməyə çıxırdınızmı?

- Xeyr. Ancaq həmkarlarımızın doğum günlərində bir yerdə olmuşuq.

- Gündəlik iş həyatında hamı əsəbiləşir. Zərifə xanım kiməsə əsəbiləşmişdimi?

- O adam qətiyyən əsəbiləşməzdi. O qədər sakit adam idi ki... Mən neçə il onunla işlədim, amma bir dəfə də əsəbiləşdiyini görmədim. Biz əsəbiləşəndə o “burda əsəbiləşməli nə var ki?! Yoluna qoyun, getsin. Əsəbinizi qoruyun” deyərdi.

- Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi seçiləndən sonra Zərifə Əliyeva ilə görüşləriniz oldumu?

- Gediş-gəlişimiz olmayıb. Bir dəfə mən kafedranın işçilərini evə qonaq çağırmışdım. Zərifə xanım da gəlmişdi. Mən qutab, “gürzə” bişirmişdim. Oturduq, söhbət etdik, yedik.

- Bəs övladlarından nə danışardı?

- Onda Sevil Əliyeva və İlham Əliyev balaca idilər. Yadımdadır, biz Zərifə xanımı yola salmağa çıxanda İlham Əliyevin də onun sürücüsü ilə bir gəldiyini görərdik. Balaca uşaq idi. İlham Əliyevi qucaqlayıb-öpürdük. Qısa söhbət edərdik, sonra onlar avtomobilə əyləşib çıxıb gedərdilər.

- Zərifə xanımın 1985-ci ildə rəhmətə gedəndə çox adam bundan pis olmuşdu. Biz istərdik ki, siz də o zaman keçirdiyiniz hissləri danışasınız.

- Onun ölüm xəbəri bizi çox sarsıtdı. O, ürəyimizdə o qədər məhəbbət yaratmışdı ki, o qədər yaxın idik ki, ölümünü qəbul edə bilmirdik. Mən Zərifə xanım rəhmətə gedəndə Moskvaya getmək istəyirdim. Elə oldu ki, bizim kafedradan çox adam getdi, xəstələrə baxmağa isə adam az qalmışdı. Buna görə də icazə vermədilər. Ancaq çox can atırdım ki, Moskvaya gedim. Çox heyfsləndim ki, o zaman Moskvaya gedə bilmədim.

- İndi işləyirsiniz?

- Pensiyadayam. Tibb Universiteti ilə əlaqələrim çoxdur. Arada kafedraya da gedirəm.

- Zərifə Əliyevanın atası Əziz Əliyev də tanınmış şəxs idi. Heç atası barədə söhbət açardımı?

- Əziz Əliyevlə bağlı bir məqamı demək istəyirəm.
Biz əvvəllər Dərbənddə yaşamışıq. Əziz Əliyev Dağıstan Vilayət Partiya Komitəsinin I katibi vəzifəsində idi.
Atam “Jdanov” kolxozunun sədri idi. Atam Əziz Əliyevin yanına gedib-gələrdi. Onunla yaxşı əlaqəsi var idi. Atam Mahaçqalaya gedib-gələndən sonra Əziz Əliyevdən danışardı.
Zərifə xanım deyərdi ki, atası Dağıstanda azərbaycanlılara çox köməkliklər edib. Mənim atama da kömək etmişdi. Atam kolxoza Ukraynadan inək gətirmək istəyirdi. Amma o zaman bu çətin idi. Məhz Əziz Əliyevin sayəsində atam kolxoza inəklər gətirə bildi. Dağıstana çatanda atam deyib: “İndi narahat olmaya bilərik. Artıq Dağıstandayıq, Əziz Əliyev icazə verməz ki, bizə problem yaratsınlar”.
Əziz Əliyevin təşəbbüsü ilə Dərbənddə antena quraşdırdılar ki, oranın camaatı Bakı radiosuna qulaq asa bilsin.

- Zərifə xanımın dəfnində də iştirak edə bilmədiniz?

- İştirak etdik. Ehsan veriləndə məscidə də getmişdik.

- Dediniz ki, Azərbaycan prezidenti İlham Əliyev uşaq olanda onu qucaqlayıb-öpmüsünüz...

- İnanın onu bağrımıza basırdıq, öpürdük, qucaqlayırdıq. Sevil Əliyeva avtomobildə çox olmazdı, çox vaxt İlham Əliyev gəlirdi. Biz də onu öpüb-qucaqlayırdıq.

- Bu gün də görsəniz qucaqlayıb-öpərdiniz?

- Böyük məmnuniyyətlə qucaqlayardım da, öpərdim də. Onun uşaqlığı gözümün qabağındadır. Mən o zaman İlham Əliyevi necə bağrıma basıb öpürdümsə, indi də elə edərəm. Ona öz balam kimi baxmışam.

- Siz özünüz istəmirdiniz ki, Zərifə xanım Heydər Əliyevdən danışsın? Maraq güc gəlmirdi?

- Bu barədə soruşmaq heç ağlımızdan da keçmirdi. Zərifə xanım gəlirdi, xəstəyə baxırdı. Heç vaxt da olmurdu ki, əlavə nəsə danışaq. Amma arada iş əsnasında zarafatlar da edərdi.

- Zarafatları nə ilə bağlı olurdu?

- Onun zarafatları çox idi. O qədər gözəl zarafatlar edərdi ki, adamın ürəyinə yayılardı. Onun zarafatları xəstəyə də, biz həkimlərə də ruh yüksəkliyi verərdi. Hamımızın əhvalı yüksəlirdi, şənlənirdik. Zərifə Əliyeva o qədər pozitiv insan idi ki, ondan ilham almaya bilməzdik.
İndi o günləri yadıma salıram. Həyat yoldaşım da rəhmətə gedib. Övladlarım da evlidirlər. Hazırda özüm tək yaşayıram. Evdə təkbaşına o illəri düşünürəm.

- Umnisə Musabəyli ilə də münasibətləriniz yaxşı olub. Bir az da ondan söz açın.

- Umnisə Musabəyli inamlı yerişi, gözəl nitqi, yüksək intellekti ilə adama sirayət etməyə bilməzdi. Umnisə xanım yüksək mədəniyyət sahibi idi. Umnisə xanımın cürəti çatırdı ki, hər yerdə sözünü desin. Ona bir dəfə fəxri diplom verdilər, amma götürmədi. Özünə layiq bilmədi, dedi ki, ona lazım deyil. Mən göz həkimliyini ən çox Umnisə xanımdan öyrənmişəm. Çünki mən onunla neçə il işləmişəm.
Umnisə xanım SSRİ-də yeganə həkimlərdən biri idi ki, ingilis dilini mükəmməl bilirdi.

Modern.az
Geri qayıt