“FETÖ-yə ən böyük zərbə Azərbaycanda vurulub” - Ərdoğanın baş sözçüsündən ilginc açıqlamalar

“FETÖ-yə ən böyük zərbə Azərbaycanda vurulub” - Ərdoğanın baş sözçüsündən ilginc açıqlamalar Azərbaycanda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş sözçüsü, akademik Seyid Sərtçəlik müsahibə verib.

Müsahibəni oxuculara təqdim edirik.

- Bakıya nə zaman gəlmisiniz?

- Bakıya iki gün öncə, Astanada keçirilən bir toplantıdan gəlmişəm. Səfərin əsas məqsədi qondarma erməni soyqırımından bəhs edən kitabımın Azərbaycan dilində nəşrinin təqdimatıdır.

- Azərbaycanla bağlı təəssüratınız necədir?

- Azərbaycan, paytaxt Bakı hər gün daha çox gözəlləşir. Doğrudan da Prezident İlham Əliyev Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Hətta, bura ilk gələn an həyat yoldaşım mənə söylədi ki, Bakı Parisdən daha gözəl şəhərdir. Doğrudan da Bakının həm gündüzləri, həm də gecələri göz oxşayır. Bir türk şəhəri olan Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi bizi yalnız qürurlandırır.

- Azərbaycanda kimlərlə görüşmüsünüz və ya görüşəcəksiniz?

- Bayram olmasına baxmayaraq, bu gün Prezidentin köməkçisi cənab Əli Həsənovla və bir neçə azərbaycanlı millət vəkilləri ilə görüşmüşəm. Sabah isə ola bilsin ki, Bakıda keçiriləcək neft-qaz sərgisində cənab Prezident İlham Əliyevlə görüşüm.

- Zaman-zaman Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək istəyən qüvvələr mövcud olub və bunun yaxın gələcəkdə də olması istisna deyil. Sizcə, Azərbaycan-Türkiyə dostluğu bu cür qüvvələrə qarşı adekvat addımlar atmağa nə qədər hazırlıqlıdır?

- Türkiyə-Azərbaycan dostluğu bir millət, iki dövlət prinsiplərinə söykənir. Ona görə də bu dostluq münasibətlərini pozmağa nail olmaq heç bir kəsin həddi deyil. Kimsə, Azərbaycan-Türkiyə münasibətlərini poza bilməz. Biz eyni xalq və soydanıq. Ona görə də dünyada Türkiyə-Azərbaycan dostluğunu poza biləcək dövlət və ya qüvvə yoxdur.

Digər tərəfdən isə bildirim ki, 2015-ci ildə ermənilərin böyük ümidləri var idi ki, qondarma soyqırım iddialarının “100-cü ildönümü”nü qeyd etsinlər. Amma ermənilərin bütün fəaliyyətləri yalnız Avropa parlamentinin qərəzli qərarı və Roma papasının qınamasından o yana keçə bilmədi. İnanmıram ki, ermənilər bundan sonra da nə isə əldə etsinlər. Çünki Fransa və İsveçrə məhkəmələrinin qərarları da erməniləri məyus edib.

Tarixən də Azərbaycan və Türkiyə torpaqlarında əsl soyqırımı törədən türklər deyil, ermənilər olub. Bunun bariz nümunəsi kimi 1992-ci ilin 26 fevralında ermənilərin Xocalıda törətdiyi soyqırımı söyləmək olar. Əgər Avropa soyqırımı törədənlərdən hesab tələb edirsə, o zaman gedib ermənilərdən Xocalının hesabını istəsin! Ermənilər dünyanın gözü qarşısında Xocalıda yüzlərlə dinc və günahsız insanları qətlə yetirib. Nə üçün Xocalı soyqırımını törədənlər cəzalandırılmır? Niyə Avropa konkret görüntüsü, faktı, dəlili olan Xocalı məsələsi ilə bağlı səsini çıxartmır? Bütün bunlar xristian-müsəlman ayrı-seçkiliyi deyilmi? Ona görə də hesab edirəm ki, Türkiyə-Azərbaycan erməni yalanlarına qarşı birgə mübarizə aparmağı qarşıya məqsəd qoyub. Bu baxımdan da dünyada yaşayan Azərbaycan və Türkiyə soydaşlarımız ayrı-ayrı diaspora kimi deyil, bir diaspora kimi fəaliyyət göstərirlər. Bütün siyasətçilərimiz və diplomatlarımız bu məsələdə birgə iş aparırlar. İnanıram ki, bu birgə faəliyyət çox böyük uğurlar qazanacaq.

- Bu yaxınlarda ABŞ prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Bütün bu kimi görüşlər bir daha onu göstərir ki, qardaş Türkiyənin dünyada mövcud olan nüfuzu daha da artır. Sizcə, bütün bunların fonunda Türkiyə rəhbərliyi Donald Trampın diqqətini Qarabağ məsələsinin həllinə yönəldə biləcəkmi?

- Qarabağ münaqişəsinin tezliklə həll edilməsi üçün ən böyük rolu Rusiya oynayır. Ancaq çox təəssüf ki, indiyədək Rusiya bu münaqişənin tezliklə həllində ciddi maraq ortaya qoymayıb. Baxmayaraq ki, Rusiya zaman-zaman Qarabağla bağlı danışıqlarda təşəbbüs ortaya qoyub. Ancaq bu görüşlərin indiyədək müsbət nəticəsi əldə olunmayıb. Bu gün Rusiyanın Cənubi Qafqazda ən böyük müttəfiqi işğalçı Ermənistandır. Bu səbəbdən də Ermənistanda hələ də Rusiyanın hərbi bazası yerləşir. Rusiyanın Azərbaycanla münasibətləri nə qədər yaxşı olsa da, ancaq Kremlin işğalçı Ermənistana dəstək verməsi hər kəsə yaxşı məlumdur. Düşünürəm ki, bu səhv addımdır. Rusiya region dövləti olaraq ədalətli mövqe nümayiş etdirməlidir.

- Yaxın zamanlarda Azərbaycanla Ermənistanın təmas xəttində hərbi əməliyyatların yenidən alovlanması nə qədər realdır?

- Azərbaycan və erməni hərbçiləri arasında döyüşlər zaman-zaman baş verir. Mən bu cür döyüşlərin yenə də baş verəcəyini düşünürəm. Amma inanmıram ki, bu döyüşlər aprel müharibəsi kimi şiddətli olsun.
Ümumiyyətlə, bu gün işğalçı Ermənistanın Azərbaycan ordusuna qarşı müharibə etməsi ağılsızlıqdır. Çünki Azərbaycan ordusu 1991-ci ildən bəri çox dəyişib və güclənib. Hətta, bu gün türk respublikaları arasında Türkiyədən sonra ən güclü ordu Azərbaycana məxsusdur. Əminəm ki, Azərbaycanın müasir və qüdrətli ordusu bundan sonra daha da güclənəcək.

- Rəsmi Ankaranın bəyənatlarına əsasən, son zamanlara qədər Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmaq istəyən və təhdid edən qüvvələr arasında başda gedəni “FETÖ” üzvləri idi. Bəs hazırda vəziyyət necədir, sizcə bu münasibətlər “FETÖ” təhlükəsindən tam xilas ola bilibmi?

- İlk növbədə onu söyləyim ki, ötən ilin 15 iyulunda törədilən xain qiyama cəhd hadisələrindən sonra türk respublikaları arasında bu hadisəni birmənalı olaraq qınayan və Türkiyəni ən çox dəstəkləyən Azərbaycan Prezidenti olub. Həmin ərəfələrdə Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri nəzərdə tutulurdu. Ancaq Türkiyədə törədilən xain terror aktından sonra bu səfər təxirə düşdü. Amma Azərbaycan Prezidenti cənab İlham Əliyev böyük bir qardaşlıq nümayiş etdirərək, özü Ankaraya səfər etdi və öz dəstəyini nümayiş etdirdi.
Həmçinin, “FETÖ”-ya ən böyük zərbə Azərbaycanda vurulub. Hələ 15 iyul hadisələrindən əvvəl Azərbaycanda fəaliyyət göstərən “FETÖ” məktəbləri bağlanılmışdı. Sonradan digər sahələrdə çalışan “FETÖ” üzvləri də işdən azad edildi. Bildiyim qədər, həmin “FETÖ”-çülər artıq Azərbaycandan gediblər. Bütün bunlar qardaş Azərbaycanın Türkiyəyə verdiyi dəstək idi. Ona görə də biz bundan çox məmnunuq.

“Ölkə.Az”
Geri qayıt