Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvinin şok səbəbi

Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvinin şok səbəbi Rasim Məmmədov: «ÜAK-nin ləğvinin əsl səbəbini ÜAK-nın və Rusiyada fəaliyyət göstərən digər təşkilatların fəaliyyətsizliyində axtarmaq lazımdır»
Xəbər verildiyi kimi, Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya Federasiyası Ədliyyə Nazirliyinin vəsatəti və Rusiya Federasiyası Ali Məhkəməsinin qərarı ilə ləğv edilmişdir. Bəs necə ola bilər ki, Rusiyada digər ölkələrin və millətlərin çoxsaylı təşkilatları dura-dura, birdən-birə Ümumrusiya Azərbaycanlıları Konqresi ləğv edildi?

PRAVDAİNFO.ORG-un bu və ya digər suallarına Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-nin I vitse-prezidenti, İNK İH-nin sədri Rasim Məmmədov cavab verdi:
– Rasim müəllim, ÜAK-ın ləğv edilməsi barədə son vaxtlar Azərbaycanın aidiyyəti ictimai qurumları, millət vəkilləri, siyasi icmalçılar şərhlər verir, mövqeylər bildirirlər. Səbəblər də göstərilir, amma…
– Təbii ki, Azərbaycanla Rusiya arasında tarixi dostluq və əməkdaşlıq əlaqələr vardır, bu əlaqələr hər iki dövlətin başçıları səviyyəsində bu gün daha da inkişaf etməkdədir… Amma bütün bunlara rəğmən, Ümumrusiya Azərbaycanlıları Konqresinin Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin təqdimatı ilə ləğv edilməsini ciddi təəssüf hissi ilə qarşılayıram. Məni ən çox yandıran budur ki, ötən ilin dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Ümumrusiya Azərbaycanlıları Konqresinin IV qurultayının iştirakçılarına təbrik məktubu ünvanlamışdı. Cənab Prezident həmin təbrik məktubunda qurultay nümayəndələrini salamlamış, onları Ümumrusiya Azərbaycanlıları Konqresinin növbəti IV Qurultayının işə başlaması münasibətilə səmimi qəlbdən təbrik edərək ali toplantıya uğurlar arzulamışdı. Prezident xüsusilə vurğulamışdır ki, uzun tarixi dövr ərzində Rusiya ilə siyasi-iqtisadi və humanitar sahələrdə təşəkkül tapmış dostluq əlaqələri bu ölkədə çoxsaylı Azərbaycan diasporunun formalaşmasını şərtləndirən əsas amillərdən olmuşdur. «Hazırda Ümumrusiya Azərbaycanlıları Konqresi dünya azərbaycanlılarının diaspor təşkilatları sırasında xüsusi yer tutur. 15 il əvvəl ümummilli lider Heydər Əliyevin və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin xeyir-duası ilə təsis edilmiş bu qurum təşkilati səviyyəsinə və əhatə dairəsinə görə Azərbaycan diaspor hərəkatının avanqardı sayıla bilər», -demişdir cənab Prezident. Amma çox təəssüflər olsun ki, ÜAK-a böyük inam üstündə köklənmiş bu təbrikin üstündən 5 ay sonra ÜAK ləğv edilir. Bu xırda məsələ deyil…
– Rusiya çoxmillətli dövlətdir, bu ölkədə çoxsaylı diaspor təşkilatları var. Amma niyə məhz Azərbaycana aid təşkilat ləğv edilir?
– Mən Azərbaycan mətbuatını diqqətlə izləyirəm, deputatlar, ictimai xadim hesab edilənlər, siyasi şərhçilər yersiz iddialarla çıxış edirlər, hamısı da Rusya Ali Məhkəməsini və Ədliyyə Nazirliyini qınayır. Amma heç kəs günahın əsil səbəbkarını tanımaq istəmir…

«Ermənilər Rusiya mətbuatında Azərbaycan əleyhinə təbliğat aparanda, bizimkilər də bir-birinin əleyhinə iş aparırdılar…»

Bilirsiniz ki, ÜAK ətrafında rəhbərlik uğrunda mübarizə gedirdi… Sonradan alternativ qurum da yaradıldı… Ardınca Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsinin fəaliyyətsizliyi gündəmə gəldi və s. Bütün bu uyğunsuzluq, parçalanmalar və digər məsələlər ÜAK-ın umulan və gözlənilən fəaliyyəti ilə bir araya sığmırdı… Ermənilər Rusiya mətbuatında Azərbaycan əleyhinə təbliğat aparanda, bizimkilər də bir-birinin əleyhinə iş aparırdılar… Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyevin fəaliyyətinə kölgə salmaq istəmirəm, amma bircə fakta diqqət çəkmək istəyirəm ki, bu ilin yanvarında Sankt-Peterburqda bir siyasi motivli, Azərbaycan Prezidentinin və dövlətinin əleyhinə ciddi bir mitinq təşkil edildi. Təşkil edənlər Rusyadakı diaspor fəalları idi… Azərbaycan DTX-sının şantaj və digər cinayətlərinə görə həbs etdiyi «Gündəlik Bakı» qəzetinin baş redaktoru Habil Vəliyevin müdafiəsinə həsr olunmuş bu böyük mitinqdə Rusiyanın 5 tanınmış diaspor təşkilatlarının, birliklərinin rəhbərləri iştirak edirdilər… Çıxış edənlər Rusiya Prezidenti V.Putinə müraciətlə xahiş edirlər ki, Azərbaycanda insan haqlarının pozulmasına, jurnalistlərə qarşı təqib kampaniyası aparılmasına, guya Azərbaycanda korrupsiyaya qarşı mübarizə apardığına görə həbs edilmiş Habil Vəliyevin azad olunmasına görə Azərbaycan Prezidenti İlham Əlyievə təzyiq etsin. Və acınacaqlısı budur ki, yalnız rus və çeçen millətindən olan, tədbirə liderlik edən Rusiyada yaşayan Azərbaycan vətəndaşı-diaspor Ədalət Qəmbərovdur və onun Azərbaycan dövlətinin, onun Prezidentinin əleyhinə hədyanlar yağdırılan bu kütləvi tədbirində ÜAK adlı qurumun bir nümayəndəsi belə yoxdur… Mən həmin videonun linkini sizə təqdim edirəm, görün orda Ümumrusiya Azərbaycanlıları Konqresi rəhbərliyinin müdaxiləsi varmı, yaxud sonradan ÜAK rəhbərliyi Azərbaycan-Rusiya münasibətlərinə balta çalan bu siyasi aksiyaya qarşı çıxan bəyanat qəbul etdirlərmi??? Bunlardan danışmaq lazımdır. Moskvada ermənilərin Rusiya mətbuatında Azərbaycan əleyhinə olan TV verilişləri və qəzet məqalələrini bilirsiniz. Azərbaycan XİN-nin işi bu şantaj yazıları təkzib etmək, Azərbaycanın coğrafiyasının təhrif edilməsinə qarşı mübarizə aparmaqdır. Bəs Rusiyadakı Azərbaycanlıların Konqresi nədən ötrü yaradılıb? Mən bir müddət əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyevə rəsmi məktubla müraciət etdim ki, ÜAK məqsədli-məqsədsiz şəkildə bu gün Fransada oturub Azərbaycan dövlətini və Prezidentini şantaj edən Elşad Abdullayevin bacısı oğlu-Rusiya “Xalqlar Dostluğu” xeyriyyə Fondunun prezidenti, Dövlət Dumasının millətlərlə iş üzrə komitəsinin ekspert şurasının üzvü Araz Mürsəliyevin Rusiya Prezidenti yanında Dövlət Dumasının millətlərlə iş üzrə komitəsinin sədri Hacimət Səfərəliyevin köməkçisi təyin edilməsinə, mükafatlandırılmasına münbit şərait yaradır, təqdimat verir… Bu hələ harasıdır, Araz Mürsəliyev Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının eksperti təyin olunur… Yenə də ÜAK-ın təqdimatı ilə… Hələ bizim Azərbaycanın rəsmi saytları isə yazır ki, «Rusiyada azərbaycanlı diaspor fəalı Araz Mürsəliyev Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının eksperti təyin olunub». Olsun! Buna sevinmək lazımdır… Amma sual edirəm: niyə bu «Azərbaycanlı diaspor fəalı» Araz Mürsəliyev ÜAK-ın ləğvinə aparan problemləri görə bilməyib??? Yaxud, niyə onun Azərbaycan dövlətinin əleyhinə olan, ağır cinayətlərinə görə həbs olunmuş Habil Vəliyevin adamlarının bu ilin yanvarında təşkil etdiyi siyasi motivli mitinqindən xəbərsiz olub??? Bəli, bütün bunlar sonda böyük ümidlər bağlanmış ÜAK kimi bir diaspor təşkilatının ləğvinə gətirib çıxardı…
– Sonda, hələki rəsmiyyət ÜAK-ın ləğvinə rəsmi mövqe sərgiləməyib. Buna səbəb nə ola bilər?
– Elə bu sualın özü ətrafında çoxsaylı suallar durur və cavabını yəqinki növbəti müsahibələrimdə verməyə çalışaram…
– Mövqeyinizə görə minnətdarıq.
Geri qayıt