Xalq artisti: “Dua edirəm ki, qələbədən sonra güclü yağış yağsın və torpaqlarımız onların izlərindən təmizlənsin”

Xalq artisti: “Dua edirəm ki, qələbədən sonra güclü yağış yağsın və torpaqlarımız onların izlərindən təmizlənsin” Xalq artisti Nəzakət Teymurova müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Cəbhə bölgəsində ordumuz qələbə əməliyatı aparır. Xəbərləri necə qarşılayırsız?

- 30 ilə yaxın bir müddətdə işğalda qalmış torpaqlarımız ordumuz tərəfindən azad edilir. Sevincli günlər yaşayarırıq. Buna baxmayaraq kədər də hiss edirik. Bir gözümüz ağlayır, bir gözümüz gülür. Şəhidlərimiz var və ermənilər dinc insanları Gəncə və Bərdədə raket atəşinə tutdular. Dinc əhalini indi də hədəfə alırlar. Bu da onların cəbhədə uğursuzluğa düçar olduğunu göstərir.

Təbii ki, illərlə gözlədiyimiz anı yaşayırıq. Doğma torpaqlarımıza, ata-babalarımızın yurduna qayıdacağıq. Əzizlərimizin ruhu qarşısında baş əyəcəyik. Bizim üçün bundan gözəl an nə ola bilər! Vətən torpağı dünyada ən şirin bir nemətdir, onu dünyada heç nə əvəz eləmir. Qəlbimizdə Vətən həsrəti var idi. Şükürlər olsun ki, Ali Baş Komandan və ordumuz bizi arzularımıza çatdırmaq üzrədir. Hər kənd, şəhər, rayon aldındıqca sevincimizdən ağlayırıq. Mən və ailəm o torpaqdan olduğumuza görə sevincimizin həddi-hüdudu yoxdur.

Azad edilən torpaqlarımızda şəhidlərimizin qanı axıb. Onun hər qarışını bundan sonra göz-bəbəyimiz kimi qorumalıyıq. Azad edilən torpaqlarımızda bayrağımızın sancıldığını görməkdən böyük şərəf yoxdur. Həmişə prezidentimiz və ordumuzla qürur duyuruq və duymalıyıq. İşğaldan azad edilən rayonlarımızda ilk olaraq azan oxunur. Neçə illər idi bu torpaqlara ayaqlarımız dəymirdi. Birinci azan oxunur və torpaqlarımız təmizlənir.

Allaha dua edirəm ki, qələbədən sonra orada güclü yağış yağsın və torpaqlarımız onların izlərindən təmizlənsin. Onların murdarlığı o torpaqlardan getsin. İnşallah, tezliklə işğal edilən 20 faiz torpaqlarımızın hər qarışı azad ediləcək. Ali Baş Komandamız və ordumuz bu qürur hissini bizə yaşadacaq. Torpaq varlığı başqa duyğudur.

- Siz Ağdam rayonun Əlimədədli kəndindəsiniz. İlk olaraq orada nə etməyi düşünürsünüz?

- Sənətkar olmaqdan öncə bir sakin və vətəndaşam. Doğma evimə gedərkən ayaqlarımı yerə qoyub, Allahıma dua edəcəm. Atamın, nənə-babamın, bacımın qəbrini ziyarət edəcəm və onların ruhu qarşısında baş əyəcəm. Torpaqlarımıza deyəcəm ki, bağışla ki, səni düşməndən qoruya bilməmişdik. Müsəlman olaraq Novruz ərəfəsində və yuxu görəndə doğmalarımızın qəbrini ziyarət edirik.

Biz neçə illərdir darmadağın olmuşuq. Öz doğmalarımızın qəbri başında dua oxutdura bilmirdik, içimiz qan ağlayırdı. Doğma yurdunun varlığı qədər insana heç nə əziz deyil. Torpaq bizi özü çəkir. Vətən mənim üçün doğulduğum yerdən başlayır. Hər zaman xarici ölkələrə gedəndə Qarabağ haqqında informasiya verirdim. Hər zaman hayqıraraq Qarabağ deyə-deyə qalmışdım.

- Doğma el-obanızdan gələrkən özünüzlə mənəvi dəyəri olan nə isə gətirə bildinizmi?

- O anlar gözümün qarşısında o qədər pis qalıb ki... Evimizi ermənilər bombalamışdı. Orada 16 il yaşamışam. Bu gün erməniləri oradan maşına mindirib aparırlar, amma bizi qolumuzdan qaldıran bir insan yox idi. Qardaşlarım müharibə veteranıdırlar, müharibədə döyüşüblər. Bacımın biri tibb bacısı idi, iki qardaşım müharibədə iştirak edirdi. Bombalar altında anamın və ailəmin qolundan qaldıran bir insan yox idi. Biz bilmirdik ki, bombanın altından sağ çıxa biləcəyikmi?! Mənə elə gəlir, o torpaqlara qayıdandan sonra da baş verənləri unuda bilməyəcəm...Teleqraf
Geri qayıt