10 yaşlı Nərminin qətli ilə bağlı MÜDHİŞ TƏFƏRRÜAT: “Son damla qanımıza qədər..." - Gizli “əl” var?

10 yaşlı Nərminin qətli ilə bağlı MÜDHİŞ TƏFƏRRÜAT: “Son damla qanımıza qədər..." - Gizli “əl” var? Tovuzun Dondar Quşçu kəndində vəhşicəsinə qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qətlindən artıq 9 ay keçib. Dəhşətli hadisə mətbuatda, televiziyalarda yayılan zaman böyük səs-küy yarandı. Müxtəlif fikirlər səsləndirildi, mülahizələr irəli sürüldü. Hər kəsi düşündürən isə qatilin kimliyi idi. Aidiyyəti orqanlar müvafiq araşdırmalar aparılaraq, qatilin Dondar Quşçu kənd sakini İlkin Süleymanov olduğunu göstərdi. İ.Süleymanov təqsirli şəxs qismində saxlanılsa da, xeyli suallar açıq qalırdı.

Qeyd edək ki, Baş Prokurorluğun istintaq idarəsində cinayət işi Baş prokurorun xüsusi nəzarətindədir. Prokurorluqdan verilən məlumata görə, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İlkin Süleymanovun qardaşı Adil Süleymanov baş verənlərlə bağlı “Sherg.az”a bir sıra faktları açıqlayıb.

- Cinayət işi artıq Baş prokurorun nəzarətindədir. Sizcə hansısa nəticələr əldə olunacaqmı?

- Ümid edirəm ki, Baş prokuror cənab Kamran Əliyev ədalətli istintaqın bərpasına şərait yaradacaq. İlkinin bu cinayətdə əlaqəsi olmadığına əminik. Yutüb kanalında bəzi açıqlamalar verməkdə məqsədimiz İlkinin bu cinayəti törətmədiyini ölkə başçısının diqqətinə çatdırmaqdır. Sadəcə bəzi məmurlar öz maraqları naminə bu cinayətdə günahsız birini həbs etdi. Allah şahiddir ki, İlkin cinayəti törətsəydi, bütün nəslimiz, hətta ailəmiz onu cəzasını çəkməyə hazır idi. Artıq sonunda nə olacağını düşünmürük. Sona qədər mübarizə aparacağıq. Son damla qanımız olsa belə, bu şərəfsizliyə qarşı vuruşacağıq. Nərimini bu hala salanların Allah bəlasını versin. Həmçinin cinayəti bilib gizlədənlər, şər atanları Allaha tapşırmışıq.

- İlkinin azad olacağına inanırsızmı?

- Ümidlərimiz böyükür. İlk növbədə Allaha inanırıq. Haqq- ədalət tez bir zamanda üzə çıxacaq. Hər birimiz gec-tez əsl qatilin tapılmasını istəyirik. Çünki yaşlı valideynlərimiz var. Gözümüzü yumub imkan verə bilmərik ki, soyadımıza belə ləkə yapışdırsınlar.

- Qardaşınızla nə zaman görüşmüsüz?

- Bu günə kimi İlkinlə görüşməyimizə bir dəfə belə olsun imkan verməyiblər. Həftədə 2 dəfə zəng etmək haqqı var idi. Bəzi böyük qüvvələrin tapşırığı nəticəsində artıq o da bir dəfəyə endirilib. Səbəbin nə olduğunu bilmirik. İlkinin çöldə baş verənlərdən xəbəri yoxdur. Danışanda deyirik ki, möhkəm və dözümlü olsun, həyatda belə hadisələr baş verə bilər. Ailəmizə hər vasitə ilə təzyiq göstərirlər. Dəfələrlə polislər evimizə baxış keçiriblər. Bu yaxınlarda ailəmizə qarşı təxribat etdilər, anam xəstəxanaya düşdü. Amma hadisədən 15 gün keçib. Tələb etsək də, heç bir araşdırma aparmayıblar.

- Bəs Nərminin valideynləri nə deyir?

- Onlar qətlin araşdırılmasında maraqlı deyil. Bizə qaranlıq olan məsələlər var. Çox yalanlar danışırlar.

- İlkinə işgəncə verildiyi üçün cinayəti boynuna aldığı iddia edilirdi. Doğru məlumatdır?

- Bəli, tamamilə düzgün məlumatdır. Çünki rayonda da bu haqda eşitmişdik. Bilirsiz ki, rayon yerində xəbərlər tez yayılır. Polislərimiz arasında şərəfli olanlar çoxdur. Onlar gəlib proseslərin necə olduğunu deyirdilər. Qardaşıma verilən işgəncləri danışırdılar. Hətta polisin özü qohumlarımıza deyirdi ki, çox dözümlü adamdır.
Bu gün istədiklərinə nail olublar. Evimizə belə xəbərsiz giriblər. Hər dəfə evimizi yoxlamaq istəyəndə deyirdilər ki, İlkin günahkar deyil, buraxılacaq. Ailə üzvlərimiz yoxlama üçün şərait yaradıblar. Amma sonra gecə saat 4-də evimizə gizli girməkdə məqsəd nədir? Bizə desəydilər, qoymayacaqdıq? Onsuz da hər dəfə icazə verirdik. Bunlar açıq çəkildə saxtakarlığı sübut edir.

- Vəkil nə deyir?

-Vəkillərimizdən çox razıyıq. Başa düşürəm, onlara da təzyiqlər var. Amma onlar da haqq yolundadırlar. Buna baxmayaraq çox məqamı deyə bilmirlər, çünki hüquq işçiləridirlər. İstintaq getdiyi üçün bəzi məlumatları demək olmaz. Vəkillərin ümidi çox böyükdür. Lakin bilmək olmur nə baş verəcək. Çünki bəzi məmurların özbaşınalığı hamıya məlumdur. İlkinin buraxılacağına inamımız çoxdur. Əks-təqdirdə son damla qanımıza qədər mübarizə aparacağıq. Şərəfsizcəsinə törədilən qətlin soyadımıza yapışdırılmasına imkan verməyəcəyik.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Geri qayıt