"Nə deyim, vallah, Azərbaycan məhkəməsidir də..." - LERİK İŞİ

"Nə deyim, vallah, Azərbaycan məhkəməsidir də..." - LERİK İŞİ Lerikdə 15 yaşlı məktəbli ilə cinsi əlaqədə olan Şəfahət Məmmədovla bağlı məhkəmə qərarı birmənalı qarşılanmayıb. Bundan sonra dövlət ittihamçısı qərarla bağlı protest verib. Lakin proses təkrar Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə dəyərləndirilərsə, şəxs maksimum üç il müddətinə azadlıqdan məhrum ediləcək. Bunun isə nə dərəcədə ədalətli olacağı sual altındadır.

Yenisabah.az-ın sözügedən məsələ ətrafındakı bu və digər suallarını Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev cavablandırıb:

- Əsabəli müəllim, 15 yaşlı qızın “müəllim” tərəfindən zorlanması cəmiyyətdə ajiotaj yaradıb. Belə bir rəy formalaşıb ki, qanunda nəzərdə tutulan cəza sözügedən hərəkətə adekvat deyil. Bu haqda siz nə düşünürsüz?

- Məsələ zorlanma ilə tövsif olunmayıb. Bu, həddi-büluğa çatmamış şəxslə cinsi əlaqədə olmaqla tövsif olunub, özü də birinci bəndi ilə... Burada isə o nəzərdə tutulur ki, münasibətdə hər iki tərəfin razılığı var. Ancaq zorlanmada adından da göründüyü kimi digər tərəfin razılığı olmadan zor tətbiq olunur. Mətbuatda yazılan məlumatlardan belə başa düşülür ki, o şəxs müəllimdir. Ancaq onun həmin qızın müəllimi olub-olmadığı, onun oxuduğu məktəbdə dərs deyib-demədiyi bilinmir. Çünki əgər şəxs qızın müəllimidirsə, yəni onun tərbiyəsi ilə məşğul olan şəxsdirsə, o, 152-ci maddənin 1-ci bəndi ilə deyil, 3-cü bəndi ilə tövsif olunmalıydı. Ona ağırlaşdırıcı cəza verilməlidir, bildiyim qədərilə burada cəza müddəti 7 ilədək olur. Ancaq göründüyü kimi, burada birinci hissə ilə tövsif olunub və açıqlama yoxdur ki, şəxs zərərçəkənin müəllimidir, ya yox... Ən əsas məsələ isə budur ki, mətbuatda yayılan məlumata görə, o qız əqli inkişafdan geri qalıb. Belə olan halda bayaq dediyim hər iki tərəfin razılığının olması məsələsi heç bir əhəmiyyət daşımır. Çünki əqli cəhətdən inkişaf etməmiş şəxs öz hərəkətlərinin nəticəsini görmür, onu idarə edə bilmir. Bu səbəblə o, azyaşlı kimi sayılır. Həmin qızla cinsi münasibətdə olmaq zorlama kimi qəbul olunmalıdır. Çünki o, razılılığın, etirazın nə olduğunu başa düşmür. Mən bir hüquqşünas olaraq hesab edirəm ki, maddə düzgün tətbiq olunmayıb. Əgər doğrudan da o qız əqli inkişafdan geri qalırsa, orada mütləq şəkildə zorlanma maddəsi tətbiq olunmalıdır və bu maddədə ağırlaşdırıcı hallar var. Şəxsin hərəkəti 149-cu maddənin ağırlaşdırıcı hissələrinə düşür, burada isə 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası var. Sadəcə məsələdə istintaq səhvi var. Bu səhv də 152-ci maddənin tətbiqindən ibarətdir. İstintaq zorlanmanı tətbiq etməliydi. Həmçinin məhkəmə də burada səhv edib. Məhkəmə bu maddənin düzgün tövsif olunmadığını görəndə, hazırlıq iclasında cinayət işini təzədən istintaqa qaytarmalı idi. Onun belə bir səlahiyyəti var.

- Bildiyiniz kimi, zərərçəkən 15 yaşındadır. Bu, onun yetkinlik yaşına çatmaması deməkdir. Azərbaycan qanunvericiliyində yetkinlik yaşına çatmayan birinin cinsi münasibətdə razılıq verib-verməməsi bu qədər önəmlidir? Bu hansı səbəblə zorlanma kimi qiymətləndirilməyib?

- Təəssüf ki, qanun belə yazılıb. Mən sizinlə razıyam. Bizdə əvvəllər nikah yaşı 17 idi. Hətta o yaşı aşağı da salmaq olurdı. İcra hakimiyyətinin razılığı ilə şəxs 16 yaşında evlənə bilirdi. Çünki o vaxt hesab olunurdu ki, 16 yaşlı qız artıq həm əqli, həm də fiziki cəhətdən evliliyə hazırdır. Lakin sonrada qanunvericilikdə dəyişiklik oldu, sadəcə 18 yaşına çatanlar evlənə bilər və bunu aşağı salmaq mümkün deyil. Lakin cinayət qanunvericiliyində yaşla bağlı heç bir dəyişiklik olunmadı. Burada nəzərdə tutulmalıydı ki, hətta 15 yaşında əqli üstündə olan qızla hər hansı bir şəxs seksual əlaqəyə girirsə, bu hadisə zorlanmadır. Sadəcə qanunlar arasında belə uyğunsuzluq var.

- Sizin də bildiyiniz kimi, sözügedən məsələyə ictimai qınaq sayəsində təzədən baxıldı. Əgər toplumun reaksiyası olmasa, qərar elə olduğu kimi qalacaqdı. Sizcə, hakimin belə qərar vermə səbəbi nə idi? Yəni qanundan xəbəri yoxdur?

- Prokurorluq cəzanın yüngül olmasından protest verib. Prokuror özü cəzanı iki il istəmişdi. Lakin bir il cəza verdilər. İndi də belə çıxır ki, istənilən halda cəzanı maksimum iki ilə qədər ağırlaşdıra bilərlər. Bundan ağır olmayacaq. Çünki dövlət ittihamçısı iki il istəyir. Maddədə ən yüksək müddət üç il qeyd olunub. Azərbaycan mühitidir, tutaq ki, ittihamçının istəyini nəzərə almayıb üç il cəza verdilər, amma bu, yenə də əmələ uyğun deyil. “Hakim nə üçün bunu edib?” sualına onun yerinə cavab verməyə çətinlik çəkirəm. Ancaq görünür, mətbuatda onu müdafiə edən yaxın adamları olub. Hakim də nəzərə alıb ki, bu şəxsin 60 yaşı var, əlildir, öhdəsində yaşlı anası var və s. Yəni guya bunu yüngülləşdirici hallar kimi qəbul edərək bir il cəza verib.

- Məgər bu, məhz belə bir məsələdə obyektiv yanaşmadır? O şəxsin öhdəlikləri, problemləri varsa, zərərçəkənin də 15 yaşı, əqli problemi var və təcavüzə uğrayan tərəfdir, həmçinin müdafiəsizdir…

- Bizim burada bilmədiyimiz məsələlər var. Burada həqiqəti öyrənmək çətindir ki, hakim nə üçün məhz belə bir qərar verib? Ola bilərdi ki, elə dediyiniz kimi, hətta hakimin verdiyi qərar da keçərli olardı. Sadəcə ictimai qınaq bu prosesin qarşını aldı, elə bir vəziyyət yarandı ki, dövlət ittihamçısı protest verməyə məcbur oldu. Nə deyim, vallah, Azərbaycan məhkəməsidir də... Hər dəfə biz bu sözü təkrar deyirik, amma nəticə yoxdur.

- Hazırda şəxsin cəzasının ağırlaşdırılması, məsələnin düzgün qiymətləndirilməsi üçün hansı qanuni addımlar atıla bilər?

- Bu, artıq hüquqi müstəvidə biraz çətin olacaq. Bu gün qüvvədə olan qanuvericilik buna icazə vermir. Çünki dediyim kimi, prokuror həmin maddə daxilində yüngül cəza təyin olunmasından protest verib və istəyi iki il olub. Məntiqlə o, sadəcə iki ilə çatdırılmasını tələb edə bilər. Artıq məsələnin yenidən istintaqa qaytarılması, tövsifin dəyişdirilməsi mümkün deyil. Bunun üçün hansısa bir vasitə yoxdur. Gecikilib, tədbir birinci instansiya məhkəməsində hazırlıq iclasında görülə bilərdi, orada da görülməyib. Ancaq yenə deyirəm, bura Azərbaycandır. Bir də görürsən, ictimai qınağın təsiri ilə başa düşürlər ki, çox ciddi səhvə yol veriblər.
Geri qayıt