"Bütün KİV-lərin təkrar qeydiyyatına ehtiyac duyulur" — MÜSAHİBƏ

"Bütün KİV-lərin təkrar qeydiyyatına ehtiyac duyulur" — MÜSAHİBƏ Məlum olduğu kimi Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan milli mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunacaq. Yubiley tədbirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla reallaşdırılacaq. Eyni zamanda jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında mətbuatın inkişafında xüsusi xidmətləri olan jurnalistlər də mükafatlandırılacaq. Milli Mətbuatın 145 illik yubiley tədbirləri və jurnalistlərin təltifatı ilə bağlı təkliflər və siyahılar hazırlayan əsas təşkilatlardan biri Mətbuat Şurasıdır. Həm dövlət başçısının Sərəncamına münasibət öyrənmək, həm də qurumun hansı işlər gördüyünü və yubileylə bağlı layihələrini öyrənmək üçün Mətbuat Şurasının sədri Əflatun Amaşovla əlaqə saxladıq.

“Şərq”in suallarını cavablandıran Şura sədri milli mətbuatın yubileylərində jurnalistlərin mükafatlandırılmasının artıq ənənə halını aldığını söylədi. Ə.Amaşov rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə ciddi çalışdığını bildirdi.


- Əflatun müəllim, cənab Prezidentin milli mətbuatın 145 illik yubileyi ilə bağlı Sərəncamında mühüm məqamlar əks olunub. İlk olaraq dövlət başçısının sərəncamını, ölkə mətbuatına verilən bu dəyəri necə qiymətləndirirsiniz?


- Əvvəla, “Şərq” qəzetinin rəhbərliyini və əməksevər, sözə sadiq fədakar kollektivini nəşrin gündəlik yayımının bərpası münasibətilə ürəkdən təbrik edirəm. “Şərq” ənənələri olan nəşrdir, məktəbdir. Əminəm ki, öz statusunu qoruyaraq daha da inkişaf edəcək. Füsrətdən istifadə edib, “Şərq” qəzetinin kollektivini, ümumən əməksevər jurnalistikamızın təmsilçilərini qarşıdan gələn peşə bayramı, 145 illik yubiley münasibətilə ürəkdən təbrik edir, tutduğunuz yolda uğurlar arzulayıram. Prezident cənab İlham Əliyevin milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında 30 iyun 2020-ci il tarixdə imzaladığı Sərəncam ilk növbədə dövlət başçımızın ənənələrə sadiqliyinin göstəricisidir. Ənənənin əsasını isə ümummilli liderimiz Heydər Əliyev 2000-ci ildə Azərbaycan milli mətbuatın 125 illik yubileyinin keçirilməsinə dair Fərmanı ilə qoymuşdu. Mətbuatımızın tarixinə, qarşıda duran vəzifələrinə fundamental baxışın ifadə olunduğu həmin Fərmanın həm siyasi, həm də mənəvi əhəmiyyəti var idi. Sənəd eyni zamanda jurnalist peşəsinə, söz və ifadə azadlığının demokratik cəmiyyət, hüquqi dövlət quruculuğundakı roluna verilən yüksək dəyərin nümunəsi idi. Cənab İlham Əliyev ölkə Prezidenti kimi bu dəsti-xətti daha da zənginləşdirmək yolu tutur. Yada salım ki, onun milli mətbuatımızın 130 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamı bölgələrdə və paytaxtda silsilə yubiley tədbirlərinin təşkili ilə yaddaqalan oldu. 2005-ci il iyulun 21-də Bakıda - “Gülüstan” sarayında keçirilmiş təntənəli mərasim çoxlarının xatirindədir. Həmin gün dövlət başçımızın jurnalistikada xidmətləri olmuş şəxslərin dövlət təltiflərinə layiq görülməsinə dair Sərəncamı oxundu. Müstəqillik illərində ilk dəfə media təmsilçiləri ali dövlət təltiflərilə mükafatlandırıldılar. Bunun özü ayrıca ənənənin başlanğıcıydı. Milli mətbuatımızın 135 və 140 illik yubileyləri də jurnalist əməyinə verilən yüksək dəyərin, ali diqqətin nümunəsi kimi yadda qaldı. Prezidentin 145 illik yubileylə bağlı Sərəncamı da bu baxımdan qiymətləndirilməli mühüm dövlət sənədidir.
Geri qayıt