Kasıbın boğazına şərik olan varlılar... – Heç utanırsınız?!

Kasıbın boğazına şərik olan varlılar... – Heç utanırsınız?! - Qardaş, bir az sonra özüm zəng edəcəyəm. Başım qarışıqdı, üzrlü say...

Əgər dostumun yüksək vəzifəsi olsaydı, bu sözlərindən inciyərdim. İcra hakimiyyətində əhəmiyyətsiz bir post tutduğu üçün sözümü yarımçıq kəsməyini özümə dərd eləmədim. Gözünü başçının ağzına dikən adamdır. Yəqin yenə harasa göndəriblər. Yazıq həmişə deyir ki, nökər nədi, bekar nədi...

Amma bu dəfə gümanım özünü doğrultmadı. Cəmi yarım saat sonra zəng edib, işdə olduğunu dedi: “Qəbula bir xanım gəlmişdi. Yardım istəyirdi. Yarım saat zəhləmi tökəndən sonra 50 manat alıb getdi”.

Dedim ki, cibin dolu olsun. Allah yüz əvəzini versin...

Dodağının altında mızıldandı: “Ona pul verməyimə çox peşman oldum. Pəncərədən aşağı boylananda gördüm ki, qırmızı bir “Mazda” ya minib getdi. Onun sürdüyü maşının ən azı 40 min manat qiyməti var”.

Bələdiyyə sədri işləyən bir tanışımla dünən zəngləşdik. Hal-əhval tutandan sonra belə dedi: “Başıma iş gəlib”.

Niyə dilxor olduğunu soruşanda, belə cavab verdi: “Hər gün ən azı 50 adam yardım üçün bizə müraciət edir. Əməkdaşlarımızı göndərib, ailənin vəziyyətilə yerində maraqlanırıq. Dünən bir evə gedəndə görüblər ki, həyətdə qara “Jeep” dayanıb. O maşını yerindən tərpətməyə ən azı 2 manatlıq yanacaq lazımdır. Kasıb da kömək istəyir, varlı da...”

Əməkdar artist Ədalət Şükürov üç-dörd gün əvvəl saytımıza müsahibə vermişdi. Ədalət bəyin “sosial şəbəkələr dilənçilərlə doludur” fikri ciddi qınağa tuş gəldi. Həmin gün onu söyən, aşağılayan adamların sayı-hesabı yox idi. Axırda dözməyib, açıqlama verdi: “Bir nəfər deyir ki, 10 min manat ver, oğlumu əsgərlikdən saxlatdırım”.

Müğənninin sonrakı fikri daha maraqlıydı: “Kömək üçün müraciət edən iki nəfərə min manat pul verdik. Araşdıranda məlum oldu ki, hər ikisinin maddi vəziyyəti normaldır, sadəcə, dilənçiliyi həyat tərzinə çeviriblər”.

Koronavirus minlərlə ailəni çörəksiz qoyub. Pandemiya yayılmağa başlayandan sonra çoxlu sayda iş yeri bağlanıb. Bir tikə çörəyə möhtac olan insanların sayı-hesabı yoxdur. Həm dövlət, həm də ayrı-ayrı imkanlı adamlar cəmiyyəti böhranlı vəziyyətdən çıxarmağa çalışırlar. Hər gün minlərlə ailəyə ərzaq yardımı göndərilir. Təəssüf ki, bəzən ətə, yağa, qəndə ehtiyacı olmayan adamlar da pay umur, kasıba, imkansıza çatmalı olan bağlamaları ələ keçirirlər. Yardım kampaniyasından sui-istifadə edən əclaflar var. “Mazda” sürən adamın işsizə, kasıba çatmalı olan qəndə, çaya, düyüyə göz dikməsi əclaflıq deyilmi? Siz əlsis-ayaqsız adamların haqqını necə yeyirsiniz? Heç utanırsınzımı?!

Ataların bir sözü var: aclıq bir il gedir, töhmət min il gedir. Bu ağır vəziyyətdən sui-istiafdə edən adamlar hər cür lənətə layiqdirlər...
Seymur Verdizadə //yenisabah.az//
Geri qayıt