Jurnalistlər hər zaman ən yaxın dostumuz olub, ”Azadlıq" qəzetindən başqa..." - Novella Cəfəroğlu

Jurnalistlər hər zaman ən yaxın dostumuz olub, ”Azadlıq" qəzetindən başqa..." - Novella Cəfəroğlu Azərbaycan ictimai-siyasi həyatında, insan hüquq və azadlıqlarının, xüsusən qadın hüquqlarının müdafiəsində mühüm rolu olan Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin fəaliyyətə başlamasından 30 il ötür. 1989-cu ildə Dilarə Əliyeva tərəfindən yaradılan Cəmiyyətə 1993-ci ildən etibarən Novella Cəfəroğlu sədrlik edir. “Yeni Müsavat” qəzeti olaraq, 30 illik tarixi dövr ərzində hər zaman qadınların inkişafı , onların hüquq və azadlıqlarının bərpası istiqamətində iş aparan bu cəmiyyətin fəaliyyətini sədr Novella Cəfəroğlu ilə dəyərləndirməyə çalışdıq.

- Novella xanım, ilk növbədə sizi təşkilatın yubiley yaşı münasibətilə təbrik edirik. Bu ötən zaman kəsiminə nəzər salsaq, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti hansı zərurətdən yaranmışdı və 30 ildə nələrə nail oldu?

- Bilirsiniz ki, bizim təşkilat Milli-azadlıq hərəkatının nəzdində yaradılmışdı. Dilarə Əliyev bizim cəmiyyətin ilk sədri olub. Bu, Azərbaycanın ilk qeyri-hökumət təşkilatı olub. 1989-cu ildə Həsən Həsənov o zaman Nazirlər Kabinetində bizim təşkilatın qurulmasını təsdiqləyib. Bu, o vaxta qədər görülməyən bir iş idi, müstəqil qeyri-hökumət təşkilatlarından biri də bizim cəmiyyət idi. 30 il ərzində bizim təşkilat hər yerdə, paytaxtda, regionlarda , Bakı kəndlərində olub, bu günə qədər də regionlarla birgə 1000 nəfərə yaxın üzvümüz var. Bir neçə bölgədə resurs mərkəzləri açmışıq, hətta Naxçıvanda da bizim resurs mərkəzi olub. Bu müddət ərzində bizi döyüblər də, söyüblər də, türməyə də salıblar. Ancaq ayaq üstə dura bilmişik. Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti illərdir camaatla görüşür, qadınlara onların haqlarını başa salır, onların liderlik bacarıqlarının ortaya çıxarılması, qadınların özgüvən məsələsi ilə bağlı seminarlar aparmışıq. Bu işlərin bəhrəsini də görmüşük. Bəli, bizim cəmiyyətdən neçə təşkilat çıxıb. Regionlarda da cəmiyyətlər qurulub, Bakıda da. Bizim qızlarımız özləri müstəqil cəmiyyətlər qurublar, indiyə qədər də bizimlə əlaqəli işləyirlər.

- Fəaliyyətinizin ilk illəri Azərbaycanın ən ağır dövrünə düşür. Qarabağ müharibəsi və 20 yanvar faciəsi... Bu zaman Cəmiyyət necə fəaliyyət göstərirdi?

- Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti o cəmiyyətdir ki, 20 yanvar faciəsi zamanı bizim qadınlar əllərində bayraqlarla “Salyanskiy Kazarma” tərəfdə tankların, rus qoşunlarının üstünə getdik. Bizi saxlamasaydılar, hamımız orada öləcəkdik. Bizim təşkilat o təşkilatdır ki, Meydan hərəkatının bağlandığı vaxt tanklar gəlib meydanı tutmuşdular, o zaman gülləni əsgərlərə verib, ilk olaraq bizim cəmiyyət meydana girdi. Ondan sonra kişilər gəldilər. Bizim cəmiyyətdə professorlar, elmlər namizədləri ilə yanaşı, sadə insanlar da var idi. Doğrudan da çoxşaxəli bir cəmiyyət idi. Qadın batalyonunu biz təbliğat-təşviqat yolu ilə yaradırdıq. Gedib səngərlərdə əsgərlərlə görüşürdük. Bir dəfə səngərə getdik və gördük ki, əsgərlər idman ayaqqabısındadırlar. Oradan birbaşa nazirliyə qayıtdıq, bir polkovniklə bir yük maşını dolusu əsgərlərə pal-paltar və ayaqqabı apardıq. Onları bir-bir əlimizlə payladıq. Bizim cəmiyyətin qadınları xəstəxanaya yaralı gətirilən əsgərlərin başını yuyurdu, ayağını yuyurdu, onlara qan verirdik. Biz bu müharibədə 5 nəfər şəhid verdik. Qaratel Hacımahmudova hər kəsin yadındadır, o erməninin əlinə keçməsin deyə özünü öldürmüşdü. Məlahət Məmmədova şəhid oldu. Onun iki övladı var idi. Biz ona nə qədər yalvardıq ki, getmə. Dedi yox, bu mənim borcumdur, getməliyəm, amma dedi, Novella xanım, “Adidas krasovka”nı çox arzulamışdım, onu alan olmadı mənə. Heç vaxt yadımdan çıxmır, gedib ona “krasovka” aldım, onu geyinib cəbhəyə getdi. Tibb bacısı kimi getmişdi, orada şəhid oldu. Getdik cənazəsini gətirdik. Bizim qadın batalyonuna söz deyənin Allah cəzasını verəcək.

- Regionlarda sizin cəmiyyətin Resurs Mərkəzləri var, onların fəaliyyətini necə dəyərləndirirsiniz?

- Biz bir çox yerlərdə Resurs Mərkəzləri açmışıq. Xaçmazda, Lənkəranda, Balakəndə, Gəncədə, Qazaxda, Göyçayda, Şamaxıda, Naxçıvanda, Sumqayıtda Resurs Mərkəzlərimiz var. Bəzilərini işlətmək üçün indi maddi imkanımız olmasa da, orada qızlarımız indi də fəaliyyət göstərirlər. Masallıda yeni Resurs Mərkəzi açıldı. Bu Cəmiyyətin işi qədər çoxşaxəlidir ki, saymaqla bitməz. Azərbaycanda erkən nikahları biz qaldırdıq, zorakılığı biz qaldırdıq. Bütün bunlarla mübarizə işlərinin hamısının əsasını biz qoymuşuq. Bu Cəmiyyətin qızları ən yüksək dəyərə layiqdir.

- Novella xanım, Fəaliyyət dövrünüzdə hansı çətinliklərlə, təzyiqlərlə üzləşmisiniz? Ağır dövrlər olubmu, cəmiyyətin fəaliyyətində?

- Bizi həbs də ediblər, döyüblər də. Ancaq biz bu dövləti, bu insanları sevdiyimiz üçün, dövlətçiliyi qoruduğumuz üçün bu təşkilat qalıb. Elə vaxt olub ki, bizi hər tərəfdən vurublar. Hökumətdən də vurublar, müxalifətdən də. Ancaq daha çox müxalifət bizi vurub. Onu da qeyd edim ki, bu ağır günlərimizdə “Yeni Müsavat” qəzeti dayağımız olub, həmişə bizi qoruyub, nə vaxt bizi vurublarsa, “Yeni Müsavat” bizə söz verib. Jurnalistlər hər zaman ən yaxın dostumuz olub. Yalnız “Azadlıq” qəzetindən başqa. Çünki “Azadlıq” qəzeti bizim şəkillərimizi dərc edib söyürdü. Üzərindən 30 il keçib, indi bunları açıq danışa bilərik. Ancaq bu cəmiyyətin həm regionlardakı mərkəzlərində, həm Bakıda üzvü olan qadınlar çox ləyaqətli, bacarıqlı, fədakar qadınlardır. Pul olanda da işləyiblər, olmayanda da canla-başla çalışıblar. Minlərlə insanın haqqını qoruyublar, kömək ediblər. Bu Cəmiyyət mən olduğum üçün yox, bu xanımlar olduğu üçün güclüdür. Mənim də gücüm onlardadır. Bizim cəmiyyətin 3 kod sözü var idi. Birincisi, insanı sevmək, ikincisi haqq-ədaləti qorumaq, üçüncüsü də vətənini və ailəsini sevmək.
“Yeni Müsavat”
Geri qayıt