Heydər Əliyevin şəxsi fotoqrafı ilə maraqlı müsahibə

Heydər Əliyevin şəxsi fotoqrafı ilə maraqlı müsahibə İstənilən tarixi şəxsiyyətin xarakterini nə onun siyasəti üzərində qurulan mədhiyyə ədəbiyyatından, nə də müxaliflərinin qərəzli fikirlərindən öyrənmək olar: Birincilər onu şişirtdiyi kimi, ikincilər də kiçiltməyə cəhd göstərirlər. Tarixi şəxsiyyətlərə ən gözəl qiyməti onların ətrafındakı siyasi ambisiyaları olmayan peşə sahibləri – aşbazları, dərziləri, bərbərləri, bir sözlə, “kiçik insan” bildiklərimiz verirlər.

Ötən gün həmin “kiçik insanlar”dan olan və hazırda sadəcə pensiya pulu ilə ailəsini dolandıran Əmir Hüseynovun təmənnasız mühafizəsini təşkil etdiyi mərhum ölkə başçısı Heydər Əliyevlə bağlı xatirələrini təqdim etmişdik. Bu gün isə yenə Heydər Əliyevin şəxsi fotoqrafının xatirələri ilə sizi tanış etmək istəyirik. Çünki bu “kiçik adamlar” “dəftərdaşıyanlıq”dan Prezident köməkçiliyinə ucalmayıblar. Öz missiyalarını yerinə yetirdikdən sonra “qın”larına çəkilib bacardıqları işlə məşğul olublar və olurlar.

Təqdimatı çox uzatmadan Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırovun mərhum ölkə başçısı haqqında xatirələrini oxuculara təqdim edirik.

Hərənin bir alın yazısı var deyirlər. Bu həyatda qismətinə nə yazılıbsa, onu yaşayırsan, o cığırla gedirsən. Allaha şükür edirəm ki, mənə xoşbəxt tale fürsəti verdi. Yüzlərlə fotoqraf arasından seçilmiş oldum, Ulu Öndər Heydər Əliyevin fotolarını çəkmək məhz mənim nəsibimə düşdü. Bu fəxrdir, şərəfdir ki, Ulu Öndərin arxivdə olan bütün rəsmi fotolarının müəllifi mənəm. Bəlkə də elə buna görə mənim də adım tarixə yazıldı – Heydər Əliyevin şəxsi fotoqrafı kimi…”

Azərbaycanın ən şanlı səhifələrinin fotosalnaməçisi

Həyat anlardan yaranır. Qatarlaşıb ömrün qürub üfüqünə doğru sürətlə irəliləyən acılı, şirinli, sevincli, kədərli, nisgilli, xoşbəxt anlardan. Anlar bir-birini qovur, anlar bir-birinin ardınca gözdən itir… Su kimi axıb gedir hiss etmirsən, çata bilmirsən, görə bilmirsən, tuta bilmirsən…

Ötənləri geri qaytarmaq mümkünsüzdür. Sadəcə onun hansısa məqamını, anını dondura, sonra dəfələrlə baxa, həsrətlə ötənlərə nəzər sala bilirsən… İllərin o üzündən gülümsəyən, xoşbəxt, qəmgin, pərişan çöhrələr boylanan fotolar sayəsində…

O da ömrünü zamana, “dur” deməyə həsr edib. Taleyinə Azərbaycanın ən şanlı səhifələrinin fotosalnaməsini yaratmaq düşüb. Tarixin ən böyük azərbaycanlısının – Ulu Öndər Heydər Əliyevin bu gün jurnallarda, kitablarda, evlərdə, muzeylərdə yer alan əksər fotolarının müəllifi olmaq kimi naxışlı bir qismətə sahib olub…

10 il Ulu Öndər Heydər Əliyevin, 3 il isə Prezident İlham Əliyevin şəxsi fotoqrafı kimi çalışmış Rafiq Bağırov “Ömür səhifələri”ndə ötənlərə nəzər salır, hər şəkli bir dünya xatirə olan günlərindən söhbət açır…

Günlərlə foto çəkmək istəyirdim

– Böyük Vətən müharibəsinin acı izlərinin hələ silinmədiyi, insanların yoxluqla sınağa çəkildiyi bir zamanda, 14 may 1947-ci ildə Bakıda jurnalist ailəsində anadan olmuşam. Atam əslən şuşalı, anam isə şamaxılı idi. Atam Hidayət Bağırov “Kommunist” qəzetinin Təbliğat və təşviqat şöbəsinin müdiri idi. Bir müddət sonra isə “Elm və həyat” adlı yeni bir jurnal yarandı və atam da təcrübəli jurnalist kimi həmin jurnala baş redaktor təyin olundu. “Elm və həyat” respublikada ən məşhur jurnallardan birinə çevrilmişdi. O, bütün günü jurnalın daha yaxşı çıxması üçün çalışırdı. Hətta gecələr də yatmır, başqa qəzetlərdən, jurnallardan informasiyalar toplayırdı. O zaman informasiya toplamaq çox çətin idi, məlumat almağa başqa qaynaq, internet filan yox idi. İndiyə qədər də atamı tanıyanlar onun haqqında deyirlər ki, Hidayət Bağırov çox savadlı və peşəkar jurnalist olub. Təbii ki, illər sonra atam haqqında bu cür sözlər eşitmək mənə qürur verir. Ailəmizdə bircə qardaşım Cahangir Bağırov onun yolunu davam edib jurnalist oldu. İndi Azərbaycan radiosunda işləyir. Digər qardaşlarım isə musiqi sahəsinə yönəliblər.

Atamın fotoaparatı var idi, həm ailəmizi, həm də jurnal üçün lazım olan şəkilləri çəkirdi, evdə özü aşkarlayıb çap edirdi. Mən də lap kiçik yaşlarımdan bütün bu proseslərin içində, atamın peşəsinə qarşı məsuliyyət hissini, həvəsini izləyə-izləyə böyüyürdüm. Getdikcə hiss edirdim ki, foto sahəsinə marağım artır. Bu işlə məşğul olmaq çox xoşuma gəlirdi və o qədər həvəsli idim ki, günlərlə şəkil çəkmək istəyirdim…

Fotoqraflıq filoloqluğa üstün gəlirdi…

– Qardaşım Tofiqlə əkizəm. Biz birinci sinfə gedəndə atam Bakıda yox idi, səfərə getmişdi. Anam bizi rus bölməsində oxumağa qoydu. Atam qayıdıb gələndə bunu öyrəndi və çox narazılıq etdi. Birinci sinfi bitirdik və ikinci sinfə getməyə hazırlaşanda o, bizi çıxarıb yenidən Azərbaycan bölməsinin birinci sinfinə qoydu. Dedi ki, əvvəlcə ana dilimizi bilsinlər, sonra lazım gəlsə, rus dilini də öyrənərlər. Öz ana dilini, vətənini, millətini hər şeydən çox sevirdi.
Orta məktəbi əla qiymətlərlə oxuyub bitirdim. Elə həmin il dövlət televiziyasının kino lentlərinin aşkarlaması sexində kino istehsalı ilə məşğul olan şöbədə fəhlə kimi işə düzəldim. Burada da iş fotolarla bağlı olduğu üçün həvəslə çalışırdım. Kino, foto sənətinə olan marağım və zəhmətim sayəsində çox az müddətdə kiçik işçidən böyük bir sexin rəisi vəzifəsinə qədər yüksəldim. Paralel olaraq ali təhsil də aldım, Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini bitirdim. Amma fotoqraflığa olan istəyim hər şeydən üstün idi. Daim üzərimdə işləyir, foto sənətini öyrənirdim.

Sanki özüm də bilmədən, hansısa böyük və çətin bir imtahana hazırlaşırdım. Elə bil hiss etmişdim ki, gələcək taleyim məhz foto sənəti ilə bağlı olacaq. Çalışırdım ən müasir fotoaparatları, ləvazimatları əldə edim və buna da nail olurdum. O zaman məndə bu sahə üzrə olan texnika Azərbaycanda heç bir idarədə yox idi. Ancaq bütün bunlara baxmayaraq, özümü professional fotoqraf hesab etmirdim, düşünürdüm ki, sadəcə həvəskaram…

Taleyimin dəyişdiyi o gün…

– 1993-cü ilin iyul ayı idi. Prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyevin şəkillərini çəkmək lazım idi. İlk günlər başqa fotoqraflar tərəfindən çəkilən şəkillər Heydər Əliyevin xoşuna gəlməmişdi. Bu vaxt mənə də dəvət gəldi. Əvvəlcə etiraz etdim, dediyim kimi, özümü professional fotoqraf saymırdım və hesab etdim ki, Heydər Əliyev kimi nəhəng bir insanın portretini çəkmək kimi məsuliyyətli işi bacara bilmərəm. Amma ən müasir aparatura məndə olduğu üçün son anda razılaşdım. Yenə də özümə tam güvənmədiyim üçün çəkilişə o zaman məşhur olan bir fotoqrafla bərabər getdim.

Heydər Əliyevlə ilk dəfə onun iş otağında – Milli Məclis Sədrinin kabinetində görüşdük. Xeyli foto çəkdik və lentləri aşkarlamağa apardıq. O dövrdə bu proses çox çətin idi. Lent müxtəlif məhlullardan keçirdi, axırda quruyub çıxanda görürdün ki, şəkil çıxıb, yaxud yanıb. Bu lentləri də aşkarlayanda məlum oldu ki, mənimlə bərabər Heydər Əliyevin şəkillərini çəkən fotoqrafın şəkillərinin heç biri alınmayıb. Lentin birinə işıq düşmüşdü, birində rənglər qarışmışdı, digərində isə kadrlar bir-birinin üstündəydi. Çox dilxor oldum, artıq hər şey məndən asılı idi. Üç plyonka çəkmişdim, orada 100-dən yuxarı şəkil var idi. Gətirdim, qorxa-qorxa aşkarladım. Amma baxdım ki, normaldır. Bir müddətdən sonra bir neçə hazır fotonu Heydər Əliyevə təqdim etdim. Bütün şəkillərə diqqətlə baxdıqdan sonra əksəriyyətini bəyəndi. Və son sözünü özünəxas tonda dedi: “Sən mənimlə işləyəcəksən”. Bir anlığa duruxdum, qeyri-ixtiyari “axı mən başqa yerdə işləyirəm” dedim. Üzümə diqqətlə baxaraq bir az yüksək tonda sözünü yenidən təkrarladı: “Sən mənimlə işləyəcəksən!”

Heydər Əliyev Prezident seçildikdən sonra əmr imzaladı və mən Prezident Aparatında mətbuat xidmətinə məsləhətçi kimi işə qəbul olundum. Həmin zamana qədər aparatda belə bir ştat olmamışdı, bu, məhz mənim üçün açıldı…

Beləliklə, tale mənim üzümə güldü və yolum dahi bir şəxsiyyətlə çarpazlaşdı, 10 il sərasər onunla bir yerdə işlədim, səfərlərdə oldum, ondan öyrəndim, ondan nümunə götürdüm…

Heydər Əliyev bütün bağlı qapıları açmaq gücündə idi

– Cavanlığımdan səyahət etməyi xoşlayırdım. Müxtəlif ölkələrə yollanır, orada diqqətimi çəkən obyektlərin fotolarını çəkirdim. Yəni Heydər Əliyevin şəxsi fotoqrafı olana qədər də çox ölkələrdə olmuşdum. Və təsadüf də elə gətirdi ki, yenə də mənə dünyanın yarısını gəzmək qismət oldu. 10 il ərzində Heydər Əliyevlə bərabər dünyanın 100-ə yaxın ölkəsini gəzmişəm, hətta elə ölkə var ki 15, eləsi var ki 20 dəfə orada olmuşam.

Təsəvvür edin ki, dünyanın ən nəhəng dövlət başçılarının saraylarında, kabinetlərində olmuşam. ABŞ, İngiltərə, Fransa, İtaliya, İspaniya, Çin və daha neçə ölkələrin ən məşhur ünvanlarını gəzmişəm…

Heydər Əliyev fəaliyyəti müddətində xarici dövlət və hökumət başçıları, həmçinin dünya siyasətini müəyyənləşdirən görkəmli dövlət xadimləri ilə minlərlə görüş keçirib. Bütün danışıqlarda təşəbbüskarlıq, söhbətin istiqamətini müəyyənləşdirmək imkanı həmişə Heydər Əliyevdə olurdu. Hamı onun təcrübəsi, nüfuzu ilə hesablaşırdı. Dünyanın fövqəldövlətlərinin rəhbərləri, ən nüfuzlu beynəlxalq təşkilatların başçıları ilə görüşləri gözlərimin önündən indi kino lenti kimi keçir.

Belə səfərlər fərqli təəssüratlar yaradır. Biri var turist kimi gedib tutaq ki, Yaponiyanı görəsən, biri də var dövlət başçısı ilə ora səfər edəsən. Bax bu möhtəşəm və ehtişamlı olur. Həm Ulu Öndərlə, həm də cənab Prezident İlham Əliyevlə Yaponiyaya səfərə gedəndə İmperator sarayında olmuşam. Hətta sadə yaponların özü üçün belə İmperator sarayında olmaq əlçatmaz arzudur. Yadda qalan xatirələrimdən biri də yenə də hər iki Prezidentlə Səudiyyə Ərəbistanına səfərimiz olub. Biz Kəbənin içərisinə girib ziyarət etmişik. Bu, ancaq sayılıb-seçilən adamlara icazə verilir. Heydər Əliyevin nüfuzuna olan hörməti bütün xarici ölkələrdə gördüm. Bu ehtirama görə Heydər Əliyevə hər cür müsbət istisnalar edirdilər. Heydər Əliyev bütün bağlı qapıları açmaq gücündə idi.
Bu cür unudulmaz anlarım çox olub. Bütün bunlar isə Heydər Əliyev sayəsində, onunla işlədiyim üçün mənə nəsib olub. Prezidentin şəxsi fotoqrafı olmağın mənim üçün bu cür ağlasığmaz dərəcədə gözəl anları, üstünlükləri olub…

Heydər Əliyevin əsəbindən məni səmimiyyətim xilas etdi

– Bununla yanaşı, Prezidentin şəxsi fotoqrafı olmağın məsuliyyəti də olduqca böyükdür. Dövlət başçılarının rəsmi görüşünü tək çəkirsən, həmin kadrlar qəzetlərə, jurnallara verilməlidir, bütün məsuliyyət sənin üzərindədir. Bir anlıq təsəvvür edin ki, həmin fotolar alınmayıb… O dövrdə çəkilişlər lentlə idi. Həmin lentləri ovcumun içində, cibimdə saxlayırdım, hər dəqiqə yoxlayırdım ki, yerindədirmi? Lent itsə, hər şey çox pis olardı…

İndi foto çəkmək çox asanlaşıb. Dərhal aparatda baxa bilirsən ki, foto necə çıxıb. O zaman elə deyildi. Bir də görürdün işığı çox, ya az vermisən, yaxud rakursu düzgün götürməmisən. Həcc ziyarətində gecə foto çəkmək lazım gəldi, bu isə çətin idi. Gərək elə rejim seçə idin ki, həm arxadakı minarələr düşsün, həm maraqlandığın adamın üzü. Həmin səfərdə elə şəkillər çəkmişdilər ki, hər yer qaranlıq idi, bircə üz görsənirdi. Amma xoşbəxtlikdən mən çəkdiyim şəkildə arxa fon belə aydın düşmüşdü. Bu cür çəkməyi bacarmaq üçün daim üzərində işləmək lazım idi…

Respublikada ilk rəngli şəkil çıxaranlardan biri də mən olmuşam. Bu çox çətin idi, 4 müxtəlif prosesdən keçməli idi. 8 saata 4-5 yaxşı şəkil çıxara bilərdin. Daim çalışırdım, üzərimdə işləyirdim ki, bu sahədə ən yüksək səviyyəyə çatım. O zaman həm də fotoşəkil çıxarmaq ancaq lent vasitəsilə olurdu, kompüter yox idi. İndi isə hansısa qəzetə, jurnala, sərgiyə verdiyin şəkil düşür internetə və o zaman sən müəllif hüququnu tələb edə bilmirsən, kiməsə sübut edə bilmirsən ki, bu kadrları sən çəkmisən.

Bir dəfə də Prezidentin göstərişini müəyyən texniki problemlər baxımından bir neçə gün gecikdirdim. Xəbər verdilər ki, Heydər Əliyev səni təcili yanına çağırır, özü də yaman əsəbidir. Tapşırığı cəmi 10-15 dəqiqə ərzində yerinə yetirərək Prezidentin kabinetinə daxil oldum. Yaman əsəbiləşmişdi. Heç göstərişinin icrasına baxmadan əsəbi səslə soruşdu: “Tapşırığı nə vaxt yerinə yetirmisən?” Bir anlıq düşündüm ki, bağışlanması çətin olan səhvə yol vermişəm və gərginliyi yumşaltmaq üçün həqiqəti gizlədə də bilərəm. Ancaq anladım ki, qarşımdakı Heydər Əliyevdir. Həqiqəti dedim: “15 dəqiqə əvvəl”. Ani fikrə getdi və dedi: “Bir də səhlənkarlıq etmə. Sonuncu dəfə olsun”. Bu çətin söhbətdən sonra anladım ki, məni yalnız səmimiyyətim xilas etdi…

Fotolar tarixi sənəddir

– Heydər Əliyevin foto ilə bağlı həm tələbi yüksək idi, həm də zövqü daim müasir və konkret olurdu. O, hər səfərindən, görüşündən, hətta istirahətindən sonra da çəkilən şəkillərə diqqətlə baxır, onları təhlil edir və müvafiq tövsiyələrini verirdi. Mən ilk vaxtlar çox düşünürdüm ki, Heydər Əliyevin fotoya belə xüsusi münasibətinin səbəbi nədir? Səbəbini sonralar özüm üçün aydınlaşdırdım. Prezident həmişə şəkillərə tarixi sənəd kimi baxırdı və buna görə də onların bütün dövrlər üçün aktual, zövqlü olmasına xüsusi əhəmiyyət verirdi.
Bir dəfə İngiltərədən fotoqraflar Heydər Əliyevin şəklini çəkməyə gəlmişdilər. Mən də orada iştirak edirdim. Amma onlar narazılıq etdilər ki, biz istəyirik başqa fotoqraf olmasın, ancaq özümüz çəkək. Heydər Əliyev isə dedi ki, “mənim fotoqrafım da çəkəcək. İstəmirsinizsə gedə bilərsiniz”. Beləliklə, mən də fotolar çəkdim. Üzərindən 3-4 ay keçəndən sonra zəng etdilər ki, Prezident səni çağırır. Qalxdım otağa, gördüm ki, burada çox adam var. İngilis fotoqrafların çəkdikləri şəkillərə baxırlar. Prezident şəkillər barədə mənim də fikrimi soruşdu. Şəkillərin üzərini o qədər təmizləmişdilər ki, bütün cizgilər itmişdi. Bu barədə fikrimi söylədim və Prezident də dedi ki, görürsünüz, mən deyəni deyir…

Məşhur bir kadr var, Heydər Əliyev əlini neftə bulayıb üzünə çəkir. Baxmayaraq ki, həmin zaman orada 30-40-a yaxın fotoqraf var idi, o şəkli təkcə mən çəkmişəm. Onda İngiltərə şirkəti də öz fotolarını çəkmək üçün ingilis fotoqraf çağırmışdı. Heydər Əliyevin əlini neftə bulayıb üzünə çəkdiyi anda həmin fotoqraf qız qaçdı qabağa ki çəksin və bu zaman bütün fotoqrafların obyektivini bağladı. Qeyri-ixtiyari dərhal fotoaparatı başımın üzərinə qaldırıb düyməsini basdım. Xoşbəxtlikdən kadr çox yaxşı alınmışdı. Sonradan həmin qızın kadrlarına da baxdım, heç onda da alınmamışdı. Ona görə də bu qiymətli kadr təkcə mənə məxsus oldu…

Foto sənətindəki müəllimim

– Ümumiyyətlə, mən özümü Heydər Əliyevin foto sənətindəki kadrı sayıram. Bəli, Heydər Əliyev mənim müəllimim idi. O, foto ilə bağlı bütün incəlikləri bilirdi, məni yeniliklərə – yeni yanaşmaya sövq edirdi. Heydər Əliyevin şəxsi fotoqrafı daim öyrənməli idi, başqa cür mümkün deyildi. 1998-ci ildə Prezident mənə təxminən 8 saat vaxt ayırdı ki, portretlərini çəkim. Kostyumda, frakda və s. Çəkdim və demək olar ki, fotoların hamısı da yaxşı alındı. Portret çəkmək çox çətindir, işığı düzgün qurmaq lazımdır. Həmin portretləri çəkməzdən əvvəl bir neçə gün bununla bağlı kitablar oxudum, öyrəndim. Bax bu da mənə kömək etdi və portretlərin hamısı yaxşı alındı.

Bir dəfə Heydər Əliyev mənə dedi ki, “yaxşı, mənimlə hər yerdə olursan, bu qədər şəkil çəkirsən. Səndə heç sadə şəkillərim yoxdur?” Dedim ki, var və elə sizdən icazə almaq istəyirdim…

Ulu Öndərin qalstuksuz, ailəsi ilə bir yerdə olan sadə şəkillərini də çox çəkmişəm. İllər öncə “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovla bərabər həmin şəkillərdən ibarət “Ömrün sadə anları” adlı bir kitab da nəşr etdirdik. Çox nəfis, Heydər Əliyevə layiq bir kitab alınmışdı.

Hərəsi bir xatirə fotolar…

– Ötənləri düşünəndə yüzlərlə xoş xatirələr düşür yadıma. Yaddaşımı vərəqlədikcə görürəm ki, ən xoşbəxt, ən sevincli, ən kədərli fotolarım da məhz o illərdə çəkdiklərim olub. 1997-ci ilin avqust ayı idi. Prezident ABŞ-da rəsmi səfərdə idi. Bill Klintonla görüşdən sonra Hyustona gəldik. Və burada olanda şad xəbər aldıq: Heydər Əliyev növbəti dəfə baba olmuşdu. Prezident hədsiz sevinc içərisində idi. O, Bakıya dönərkən yolüstü Londonda dayandı və yeni doğulmuş körpənin olduğu klinikaya gəldi. Nəvəsini ona təqdim edəndə gözləri yaşardı, çox təntənəli, yüksək, bir qədər də kövrək səslə dedi: “Mən bu uşağın adını Heydər qoyuram”. Həmin anlarda çox təsirli şəkillər çəkdim…

2003-cü ilin 31 oktyabrında cənab İlham Əliyevin Prezident kimi andiçmə mərasimindən çəkdiyim şəkillər də tariximizin ən şərəfli anlarının dəyərli şəkilləridir.

Mən çox az insanın gördüyü məqamların -2003-cü il aprelin 22-dən iyulun 8-dək, Prezidentin tibbi müayinədən keçmək üçün Ankaraya getdiyi günə qədər nə cür işlədiyinin şahidiyəm. Hamımız onun səhhəti ilə bağlı narahatlıq keçirirdik, istəyirdik ki, Prezident heç olmasa bir müddət istirahətə getsin, özünü, səhhətini qorusun. Ancaq Heydər Əliyev bu narahatlıqları müşahidə edərək deyirdi ki, hələ tamamlanmamış işlər çoxdur, xalq məni dincəlmək üçün seçməyib, işləmək üçün seçib, Azərbaycanın problemləri qala-qala mənim öz qayğıma qalmağa haqqım çatmır. Belə fədakar azərbaycanlı idi Heydər Əliyev…

Təəssüf ki, tale Heydər Əliyev kimi misilsiz bir insanın son kadrlarını da çəkməyi qismətimə yazmışdı. İyulun 8-də Ankarada təyyarə trapından düşəndə onun şəkillərini çəkdim. Yenə də gülərüz və şux idi. Bu fotolar Ulu Öndərin çəkilən son şəkilləri idi…

Mən bütün bu şərəfli anların şahidiyəm

– Heydər Əliyevin gündəlik təqvimi çox gərgin idi. Nadir adamlardan idi ki, hətta 12-13-14 saat da işləyə bilirdi. Demək olar ki, onunla işlədiyim 10 il ərzində nə şənbəmiz olub, nə bazarımız. Ulu Öndər hər gün işə çıxırdı, çox nadir hallarda evdə istirahət edirdi. Axşam saat 8-dən, 9-dan tez evə getmirdi. O dövr elə çətin və mürəkkəb idi ki, daim çalışırdı. Öz istirahəti barədə heç zaman düşünmürdü, amma hər zaman bizə deyirdi ki, siz niyə gedib dincəlmirsiniz? Çox humanist adam idi, hər bir işçisi diqqətində idi…

Səfərlərdə onu müşayiət edən heyətin hər bir üzvünün gecələdiyi hotelin vəziyyəti, onların istirahəti, qidası ilə daim, özü də diqqətlə maraqlanırdı. Səfər müddətində nümayəndə heyətinin hətta ən kiçik ranqlı texniki işçisi də Heydər Əliyevin qayğısını görürdü.

Bir insan olaraq nə qədər tam və bitkin idisə, davranışlarında, rəftarında, fəaliyyətində də bir o qədər əhatəli və səmimi idi. Prezident xarakter etibarilə ciddi olduğu qədər də zarafatcıl idi. Onun zarafatları, kinayələri olduqca mənalı, məntiqli olub. Heydər Əliyevin qəhqəhə çəkərək ucadan gülməsini isə çox az adam görüb. Prezidentin kədərli çöhrəsindəki göz yaşları da şəxsi fotoarxivimdə yetərincədir. Zərifə xanımın məzarını, eləcə də Şəhidlər xiyabanını ziyarət zamanı adətən Heydər Əliyevin gözləri dolurdu. Prezidentin sevinc göz yaşları isə daha çoxdur. “Əsrin müqaviləsi”nin imzalanması, Bakı-Tbilisi- Ceyhan neft kəmərinin təməlinin qoyulması mərasimində, eləcə də ordu birləşmələri ilə tanış olarkən və onların hərbi təlimlərini görərkən Heydər Əliyevin çəkilən şəkillərində onun qürur və fəxarətdən doğan sevinc göz yaşlarını görmək olar…

Mən bütün bu şərəfli anların şahidiyəm. İstəyirəm həmin anlarla bağlı xatirələrimi qələmə alım, kitab şəklində çap etdirim.

Həmçinin Ulu Öndərin doğum, ya da anım günü ərəfəsində fotolarından ibarət böyük bir sərgi keçirməyi planlaşdırıram. Heydər Əliyevin məndə elə şəkilləri var ki, hələ işıq üzü görməyib. Ulu Öndər elə bir şəxsiyyət olub ki, o, dünya var olduqca nəhəng bir şəxsiyyət kimi hər zaman tarixdə qalacaq. Mən də istəyirəm ki, bu uca şəxsiyyətə heç olmasa kiçik bir töhfəmi verim, onun ruhu qarşısında minnətdarlıq edim.

İndi Heydər Əliyevin çəkdiyim portretləri bütün respublikada, kitablarda, qəzetlərdə, jurnallarda, saytlarda, rayonlardakı Heydər Əliyev adına mərkəzlərdə, daha saymadığım yüzlərlə məkanda istifadə olunur.

Bilirsiniz, bu necə sevindiricidir, necə xoşbəxtlikdir… Hara gedirsənsə, kimin kabinetinə daxil olursansa, öz çəkdiyin portretlərlə rastlaşırsan. Bu mənə qürur verir, öz yaradıcılığımla fərəhlənirəm. Bax buna görə də hər zaman Ulu Öndərə rəhmət oxuyuram. Onun etimadını doğrultdum, onun sayəsində bu zirvəyə çatdım…

Fövtə verilməyən ömür

– İndi təqaüddəyəm. Yenə də dünyanı gəzməyə çıxıram. Görmədiyim yerlərə gedirəm. Fotoaparatım da daim yanımdadır, müxtəlif şəkillər çəkirəm, anları yaddaşa köçürürəm. Amma budəfəki səfərlərim tamam fərqlidir. Daha o ehtişam, möhtəşəmlik yoxdur. Fotolarımı gözləyən, axtaran, bununla bağlı keçirdiyim o xoş həyəcan hissi yoxdur…

Düşünürəm ki, o zaman həyat qarşıma Heydər Əliyevi çıxarmasaydı, televiziyada işləməyə davam edəcəkdim və həmin laboratoriya bağlandıqdan sonra mən hansısa başqa bir sahəyə yönələcəkdim. Vurğunu olduğum foto sənətində bu qədər yüksələ biləcəkdimmi?! Bu gün Azərbaycanda üzümü hara tutsam, hansı ünvana qədəm qoysam, əməyimin bəhrəsi, şah əsərlərimlə qarşılaşa biləcəkdimmi?! Yenədəmi çəkdiyim fotoların hər birinin arxasından minlərlə xatirə canlanacaqdı, bir andaca sevinəcəkdim, xoşbəxt olacaqdım, qüssələnəcəkdim?!

İndi əminliklə deyirəm ki, ömrümü fövtə verməmişəm, sevdiyim sənətdə öz sözümü deməyi bacarmışam. Yalnız təəssüfləndiyim bir məqam var, heyf ki, bu uğurlarımı cəmi 52 il ömür yaşayan atama görmək qismət olmadı…

Bu da bir ömür yoludur, yaşayırsan, yaradırsan, həyatın dolanbaclarında özünəməxsus cığır salmağa çalışırsan. Bu günündən dünəninə boylananda öz izini axtarmağa çalışırsan. Və buna nail olanda sən dünyanın xoşbəxti olursan, demək bu həyatda xatırlanacaq, yad olunacaq nə isə etmisən, nəyəsə imza atmısan…

Ömrünün on üç ilini iki Prezidentin şəxsi fotoqrafı kimi keçirmiş həmsöhbətimiz Rafiq Bağırov da tarixə öz töhfəsini verənlərdən oldu – Azərbaycanın ən qüdrətli dövrlərinin fotosalnaməsini yaradaraq… (“Azərbaycan”)
Heydər Əliyevin şəxsi fotoqrafı ilə maraqlı müsahibə







Geri qayıt