"NAZİR DEDİ Kİ, NƏ EDİRSƏN, AĞLINI BAŞINA YIĞ” – “O zaman yaxın dost idik, mənə yaxşılıq etmək istədi…”

"NAZİR DEDİ Kİ, NƏ EDİRSƏN, AĞLINI BAŞINA YIĞ” – “O zaman yaxın dost idik, mənə yaxşılıq etmək istədi…” Eşitdiyimə və mətbuatdan oxuduğuma görə ordumuzda irəliləyişlər var. Açığı, bu məni çox sevindirir. Ancaq mən elə adamam ki, gedib vəziyyətlə yerində tanış olmalı, görməli və sonra konkret fikrimi deməliyəm. Nəzərə alın ki, mənim bir zamanlar statusum nazir müavini olub, uzun illər orduda olmuşam və o dövrdəki vəziyyəti bilirdim”.
Bunu Azpolitika-ya müsahibəsində müdafiə nazirinin sabiq müavini və Bakı Ali Hərbi Dənizçilik Akademiyasının sabiq rəisi, professor Canmirzə Mirzəyev deyib. O, bildirib ki, 2016-cı ilin aprel müharibəsi zamanı Azərbaaycanda olmayıb. Amma hadisədən sonra vətənə qayıdıb, yazılanları oxuyub, habelə kadrlara baxıb, keçmiş hərbçilərlə söhbət edib və fərəh hissi keçirib: “Sözsüz ki, ordumuzun özünü cəbhədə göstərməsini alqışlayıram. Bir daha qeyd edim ki, mən ordu ilə bağlı çox kəskin araşdırma və yazıların müəllifiyəm. Çünki o zaman hadisə olanda hərbi hissəyə gedirdim, vəziyyətlə tanış olurdum. Mən çox istərdim ki, vəziyyət yaxşılaşsın.

İndi onu sizə dəqiq deyə bilərəm ki, ordumuzun qidalanması əvvəlki illərlə müqayisədə yaxşılığa doğru dəyişib. Silahlanma haqqında yazılar yazılır, fikirlər deyilir. Ümid edirəm ki, bu istiqamətdə də vəziyyət yaxşılığa doğru dəyişib.

Ancaq bizim vaxtımızda vəziyyət belə deyildi. Bəzən yazırdılar ki, silah alıblar, amma bu silahlar yararsız olurdu. Mən belə bir faktın şahidi olmuşam. Vaxtilə Ziya Bünyadovun otağında sənədlərlə tanış olmuşduq. Əbiyevin vaxtında hansısa ölkədən 11,2 milyonluq silah alınmışdı. Silah Bakıya gətirildi və burada yoxlanılanda yararsız çıxdı. Əslində isə ortada heç silah da yox idi…”

C. Mirzəyev cəbhəddəki durumla bağlı ssuala cavab olaraq müharibə ehtimalının hər zaman olduğunu qeyd edib: “Hər şey vəziyyətdən asılıdır. Müharibə hər an başlaya bilər”.

Sabiq nazir müavini qardaşının şəhid olmasından da danışıb: “Bəli, mənim qardaşım Naxçıvan istiqamətində gedən döyüşlərdə şəhid olub və Şəhidlər Xiyabanında dəfn edilib. Mən Teymuru cəbhə bölgəsinə göndərəndə səlahiyyətli idim. Bunu eşidən keçmiş müdafiə naziri mənə dedi ki, Canmirzə, sən nə edirsən, ağlını başına yığ! Mən də dedim ki, nə olar qardaşımdır, getsin cəbhə bölgəsində xidmət etsin.

Amma nazir təklif etdi ki, qoy qalsın Bakıda. Həmin nazir Səfər Əbiyev idi. O vaxt Əbiyevlə mənim aram çox yaxşı idi və bir növ mənə hörmət etmək istəyirdi. Ancaq qardaşım şəhid olanda artıq nazirlə münasibətimiz yox idi və mənim adım nazirlikdə çox mənfi qarşılanırdı. Sonra qardaşımın Sumqayıtda Şəhidlər Xiyabanında dəfn edilməsinə razılıq verildi”.

C. Mirzəyev hazırda S. Əbiyevlə münasibətlərinin yaxşı olmadığını deyib: “Mən yıxılan adama balta vurmuram. Əgər Səfər nazir olsaydı, inanın ki, barəsində döşəyərdim. İndi mən yıxılana nə deyim?

İndiki nazir Zakir Həsənov mənim qardaşımın cəbhədəki şücaətini qiymətləndirib və qeyd edib. Vaxtilə qardaşım təltif ediləndə Müdafiə Nazirliyindən zəng də ediblər. Əslində qardaşım Teymur Mirzəyev şəhid olandan sonra üç dəfə təqdimat göndərilib. Hər üçünü də Müdafiə Nazirliyindən geri qaytarıblar. Səbəb də budur ki, Teymur Canmirzə Mirzəyevin qardaşıdır. Bunlar olub keçib.

İndi sağ olsunlar ki, bu problemi aradan qaldırıblar və qardaşımı ölümündən sonra təltif ediblər. Baxmayaraq ki, zamanında qardaşımla bağlı təqdimlatlar nazir tərəfindən geri qaytarılırdı. Yəni nazir Əbiyev mənim qisasımı qardaşımdan alırdı.

Səfər Əbiyevlə sonralar heç bir əlaqəmiz olmayıb. Belə bir kontakt mövcud deyil. Bəli, biz zamanında çox yaxın dost olmuşduq, sonra münasibətimiz pozuldu. O zaman respublikada çoxları bizim münasibətlərimizdən xəbərdar idi. Amma mən elə insanam ki, adam yıxıldıqdan sonra onun haqqında danışmaq istəmirəm. Səfər Əbiyev nazir olanda mən ona qarşı mübarizə aparmışam. Amma indi… Artıq Səfər Əbiyev bilər, Allahı bilər…”.
Geri qayıt