Elçin Şıxlı: “Yayım darmadağın, reklam bazarı sıfır, qəzet çapı üçün zəmin yoxdur”

Elçin Şıxlı: “Yayım darmadağın, reklam bazarı sıfır, qəzet çapı üçün zəmin yoxdur” “Zerkalo” və “Ayna” qəzetlərinin baş redaktoru Elçin Şıxlı Turan-ın “Çətin sual” proqramına müsahibəsində ölkədə çap mediasının durumu, qəzet bazarının inkişafının zəruriliyindən danışıb. O, “Zerkalo” qəzetinin çapının bərpası ilə bağlı xəbərlərin doğru olmadığını bildirib.

Sual: Mətbuatda “Zerkalo” və “Ayna” qəzetlərinin nəşrinin bərpa edilməsi ilə bağlı xəbərlər yayılıb. Bu nə qədər həqiqətəuyğundur?

Cavab: Yanlış fikirdir. Çünki qəzetin nəşri sahəsində heç bir hərəkət yoxdur. Sadəcə, “Zerkalo”nu sayt halında bərpa etməyə çalışırıq. Yəni, işləməyə başlamışıq.

Sual: Bundan sonra fəaliyyətinizi necə istiqamətləndirəcəksiniz?

Cavab: Hələ ki köhnə işçilərdən bir-iki nəfərlə işləməyə başlamışam. Maliyyə mənbəyi cəlb etmək üçün ortaya əmtəə çıxarmaq lazımdır. Bundan sonra bazara çıxardığın əmtəəni təklidf etməlisən ki, tələb yaransın. Bu istiqamətdə çalışıram.

Sual: Gələcəkdə qəzetin çap variantını bərpa etmək mümkündürmü? Belə arzularınız varmı?

Cavab: Təbii, belə arzular var. Amma hazırki, vəziyyətdə, yəni yayım sisteminin tam darmadağın edilmiş bərbad vəziyyətini nəzərə alsaq, bu, mümkün deyil. Reklam bazarının da sıfır vəziyyətində olması qəzet çapı üçün heç bir zəmin yaratmır.

Sual: Azərbaycan prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondu fəaliyyət göstərir. Qəzetin nəşrinin bərpasına kömək məqsədi ilə ilkin maliyyə almaq üçün bu Fonda müraciət edə bilərsinizmi?

Cavab: Müraciət etmək olar. Amma müraciət etməyəcəm. Çünki onların maliyyəsi ilə normal qəzet saxlamaq qeyri-mümkündür. Əgər bu mümkün olsa idi qəzeti bağlamazdım.

Sual: Qəzetinizin fəaliyyətini dayandirmasına nə səbəb oldu? Qəzetin nəşri dayanandan sonra biznes sahəsi kimi nə qədər ziyana düşmüsünüz?

Cavab: Qəzetlərin fəaliyyətini artıq dörd ildir dayandırmışam. Mənim üçün çox ağır və çətin idi. Bayaq qəzetin bərpasının mümkünsüzlüyü ilə bağlı zəminləri söylədim. Dörd il əvvəl də həmin zəminlər var idi. Yəni, yayım sistemi darmadağın olundu, qəzet satışı demək olar ki, yoxdur. Reklam bazarı sıfır dərəcəsinə endirildi və bir əldə cəmləşdirildi, monopoliya altına keçdi. Nəhayət, bunların nəticəsində bizim gənclərdə qəzet oxumaq vərdişi yaradılmadı, yoxdur bu vərdiş. Qəzet köşkləri çoxdur, amma bu köşklərdə qəzet satılmır, tamam başqa şeylər satılır. Son zamanlar Azərbaycanda haradasa qəzet oxuyan adam görməmişəm. Olsa da çox nadir hallarda olur. Haradasa bir gəncin qəzet oxuduğunun şahidi olmamışam.

O zaman da bu problem yarandı. Qəzet özü- özünü maliyyələşdirə bilmədiyindən fəaliyyətini dayandırdım.

Biznes cəhətdən ziyanlardan danışa bilmərəm. Çünki qəzetin çapını dayandırmasaydım maddi cəhətdən daha çox ziyana düşəcəkdim.

Sual: Azərbaycanda qəzetin çap variantının biznes mühitini yaxşılaşdırmaq üçün nə edilməlidir?

Cavab: İlk növbədə iqtisadiyyatda liberallaşma gücləndirilməlidir. Orta və kiçik sahibkarlıq üçün şərait yardılmalıdır, bu təbəqənin güclənməsi lazımdır. Konkret qəzetə gəldikdə, yayım şəbəkəsi bərpa edilməlidir. Yayımla bir neçə özəl əllərdə olan şirkətlər məşğul olmalıdır. Fikrimcə, KİV-ə Dövlət Dəstəyi Fondu aldığı maliyyələrin böyük hissəsini bu işlərə yönəltməlidir. Amma təəssüf ki, KİV-ə Dəstək Fondu başqa işlərlə məşğuldur. KİV-ə Dəstək Fondunun fəaliyyəti mətbuatın normal işləməsinə yönəlməlidir. Amma bizdə zahiri atributlardır. Yəni, hər şey var, tədbirlər keçirilir, qəzetlərə pullar paylanır. Hesab edirəm ki, pullar qəzetlərə deyil, layihələrə verilməlidir. Böyük qəzetlərə pul verib onları yalandan süni tənəffüs maşınına bağlamaq kimi hərəkətlər etmək lazım deyil. Daha sonra ədalətli rəqabət şəraiti yaradılmalıdır. Bunlar olmadan çap mediasının dirçəlməsi mümkün deyil.

Bununla yanaşı bu tələbləri israrla demək, tələb etmək, tələbləri irəli sürən dairəni genişləndirmək lazımdır. Çünki bu gedişlə hara gedirik, məlum deyil.

Sual: İntellektual səviyyəli çap mediasının fəaliyyəti dayandırıldıqdan sonra ölkədə çap mediasının əxlaqı müsbətə, yoxsa mənfiyə doğru dəyişib?

Cavab: Məni düzgün başa düşün. Burada bir eqoizm yoxdur. Çap mediasının əxlaqının müsbətə doğru meylləndiyinin şahidi olmamışam. Yəni, mənfiyə doğru getmişik, müsbət bir irəliləyiş olmayıb. Təəssüf ki, cəmiyyətin özündə də yüngül, bayağı, sanbaldan uzaq olan yazılara meyllər artıb. Bu da ondan irəli gəlir ki, cəmiyyətə, istehlakçıya hansı əmtəəni təklif edirsənsə istehlakçı bir müddət sonra həmin əmtəəyə öyrəşir. Əgər keyfiyyətli məhsul təklif edərsənsə istehlakçı səndən daha keyfiyyətli məhsul tələb edəcək. Keyfiyyətsiz məhsul təklif edəndə isə istehlakçı elə bilir ki, bundan keyfiyyətli məhsul mümkün deyil. Yəni, buna öyrəşir. Burada qarşılıqlı təsirdir. Qəzetlərin, yaxud media mühitinin bu hala gəlməsində cəmiyyətin də çox böyük rolu var. Cəmiyyət necədirsə onun mediası da elədir. Mən deyə bilmərəm ki, media cəmiyyəti arxasınca aparmalıdır. Belə cəhdlər var. Medianın maarifləndirmə funksiyası var. Amma cəmiyyət mediadan daha güclüdür. Media cəmiyyətin bir üzvüdür. Bu baxımdan cəmiyyətin sosial tələbi olmalıdır. Yüksək sosial tələb olmayanda media da aşağı sosial tələbə xidmət edir.
Geri qayıt