Erotik filmə dəvət alan Rəşat Kəsəmənli: "Bu mənə söyüşdən betər olar"

Erotik filmə dəvət alan Rəşat Kəsəmənli: "Bu mənə söyüşdən betər olar" Aktyor, şair Rəşat Kəsəmənlinin Yenicag.az-a müsahibəsini təqdim edirik.
– Niyə bizim aktyorlar, aktrisalar kinoda və teatrda erotik obrazı canlandırmaqdan ehtiyatlanır, həmin obrazlara çəkilməkdən imtina edir?
– Çünki Azərbaycan tamaşaçısı erotik obrazı görməyə psixoloji cəhətdən hazır deyil. Ümumilikdə, sənət baxımından götürsək, mən burda qeyri-adi heç nə görmürəm.
– Konkretləşdirsək, özünüz belə bir obrazda çıxış edərsinizmi?
– Yox. Qoy, bu mənim bir aktyor olaraq çatışmazlığım kimi qəbul olunsun. Azərbaycanda hansısa aktyor buna risk edirsə, bu həmin aktyorun üstünlüyüdür. Bizim kino hələ o mərhələyə gəlib çıxmayıb ki, filmdə yataq səhnəsini canlandıraq.
– Tamaşaçılarınızın gözündən düşməkdən qorxursunuz, yoxsa cəmiyyətin reaksiyasından?
– Özümdən asılı olmayaraq, tamaşaçımda müəyyən bir fikir formalaşdırmışam və düşünürəm ki, erotik obrazla çıxış etsəm, onlar məni qəbul etməz. Bəlkə də başqasını qəbul edər, amma məni yox.
– Sizcə tamaşaçının reaksiyası necə olar?
– Mənə deyər ki, “sizdən heç gözləməzdim, bu obrazı sizə yaraşdırmadım”. Bu sözlər mənə çox pis təsir edər.
– Yəqin ki, sosial şəbəkələrdə təhqir olunmaq qorxusu da var?
– Yox, məni heç vaxt təhqir etməyiblər. Olubsa da, paxıllıq hisslərindən irəli gəlib. Söyməzlər, bir kəlmə “bunu sənə yaraşdırmıram” ifadəsi mənə söyüşdən betərdir. Məni tanıyan publikanın içərisində uşaq da var, yaşlı nəslin nümayəndələri də. Onların inamını qırmaq istəmirəm..
– Heç belə təkliflər almısınızmı?
– Kinoda deyil, teatrda belə təkliflər olub. Baş rol idi, həm də erotik. Amma mən qəbul etmədim.
– Necə bir obraz idi?
– Əcnəbi, yarışıqlı bir oğlanın obrazını canlandırmalıydım. Həmin oğlan yüksək vəzifəli şəxslərin xanımları ilə görüşür. Özü də açıq-aşkar səhnələrlə bu tamaşaçıya çatdırılacaqdı.
– Amma əcnəbi aktyorlar üçün bu heç də problem deyil…
– Onlar bu mərhələyə gələnə qədər çox uzun yol keçiblər. Bizim o yolu keçməyimizə hələ çox mərhələlər var.
– Xarici ölkədən dəvət alsaydınız, erotik obraza çəkilərdiniz?
– Xarici ölkədə doğulub yaşasaydım, o psixologiyaya sahib olsaydım, bəlkə də çəkilərdim. İndiki ağlım, düşüncəmlə çəkilmərəm. Amma əl-ələ tutmaq, qucaqlaşmaq olar.
Geri qayıt