Etibar Məmmədov: “Məni təhrik etdilər ki, Elçibəyin üzünə durum”

Etibar Məmmədov: “Məni təhrik etdilər ki, Elçibəyin üzünə durum” Kulis.az "İşdən kənar" layihəsindən tanınmış ictimai-siyasi xadim Etibar Məmmədovla müsahibəni təqdim edir

- Etibar müəllim, elə bil təkcə siyasətdən yox, ümumiyyətlə ictimai həyatdan uzaqlaşmısınız. Mətbuatda da demək olar görünmürsünüz. Təkcə mənə yox, elə oxuculara da maraqlıdır ki, Etibar Məmmədov nə işlə məşğuldur?

- Öz şəxsi işim var, onunla məşğulam. Siyasi-ictimai həyatdan uzaqlaşsam da Azərbaycanın problemləri ilə maraqlanıram, demək olar ki, hər şeyi izləyirəm. Siyasəti də kənardan izləyirəm, ancaq müdaxilə eləmirəm. Siyasət Azərbaycanın bütün sahələrinə təsir edir, siyasətin nə cür aparılması, hansı nəticələri verməsi bütün vətəndaşları maraqlandırmalıdır, eləcə də məni.

- Siyasətdən uzaqlaşandan sonra yəqin ki, xeyli boş vaxtınız yaranıb. Ədəbiyyata, incəsənətə vaxt ayırırsınızmı?

- Siyasətdən əvvəl mən elmlə məşğul olmuşam, elmi işçi idim. Tarixdən müdafiə eləmişəm, bundan başqa müəllim işləmişəm. Yalnız bundan sonra siyasi proseslərə qoşulmuşam. Ona görə də siyasətdən kənar əlbəttə ki, mənim maraq sahələrim var.

- Hansı sahələrdir, bilmək olar?

- Məni ən çox tarix və siyasi tarix sahəsi maraqlandırır. Çünki bu, həmişə aktuallığını saxlayır. İstər qədimdə baş vermiş hadisə, istərsə də müasir dövrdə baş vermiş hadisə olsun, bunlar hamısı bir-biri ilə əlaqələndirilə bilər. Tarix çox zaman təkrar olunur, biz də bir millət olaraq tarixi keçmişi bilməli və gələcəyi bunun üzərində qurmalıyıq.

- Bir xalq olaraq gələcəyimizi müəyyənləşdirərkən keçmişimizdən nələri götürə bilərik?

- Keçmişdən çox şeyi götürmək olar. Əsas odur baxış düzgün olsun. Keçmişdən gələcəyə körpü atmaq istəyirsənsə baxışın düzgün olmalıdır. Ancaq bəzi hallarda bizim yaxın dövrümüzdə istər tarix, istər ədəbiyyat sahəsində sifarişlər olub, tarix saxtalaşdırılıb.

- Misal üçün...

- Qafqazın Rusiya İmperiyası tərəfindən işğalını deyə bilərik. Tarix elmində bu məsələyə baxış bir neçə dəfə dəyişilib. Çar Rusiyası dövründə gizlətmirdilər, deyirdilər ki, Azərbaycan işğal edilib. 1917-ci ildən sonrakı göstərişə görə belə yazılırdı ki, məzlum xalqları əzən imperiya tənqid olunmalıdır. 1930-cu illərdən sonra adı oldu ki, Azərbaycan Rusiyaya birləşdirilib. 1950-ci illərdən sonra belə yazılmağa başlandı ki, guya Azərbaycan Rusiyaya könüllü birləşib.

- Ancaq fakt odur ki, Azərbaycan işğal olunub.

- Bəli fakt budur. Bax, bu dediklərimin saxtalaşdırılması siyasi sifarişdən irəli gəlirdi. Tarix elmi də siyasi elmdir və çox zaman sifarişdən asılı olaraq dəyişdirilir. Ona görə də bizim qarşımızda duran məqsəd odur ki, gələcəyimizi, milli hədəflərimizi müəyyənləşdirib və həmin hədəfə doğru gedən yolda tarixə nə cür istinad edəcəyik onu aydınlaşdıraq. Təəssüf ki, bizim tarix elmində miqyaslı işlər görülmür. Bu saat tarix elmi Qarabağın bizim olmasına aid, bizim qədimliyimizə aid sübutlar axtarılmasına yönlənib.

- Bu, yaxşı deyil?

- Yaxşı deyil, düşünürəm ki, çox yanlışdır.

- Bir neçə gün əvvəl tarix dərsliyində Ermənistanın xəritəsi verilmişdi. O xəritədə Ermənistanın ərazisi Xəzər sahillərinə qədər uzanırdı. Bu kimi nümunələr göstərir ki, hələ az iş görürlər.

- Əvvəla o xəritədə Ermənistan dövlət kimi verilməyib, ərazi kimi verilib. Hayestanla Ermənistanı, ərəblərin dediyi kimi Ərməniyyəni qarışdırmaq olmaz. Bu məsələnin bir tərəfi. İkincisi isə istər tarix, istər başqa dərsliklər kollektiv əməyin məhsulu olmalıdır, xüsusi elmi şuralardan keçməlidirlər. Təəssüf ki, son illərdə həmən yanlışlıqlar baş verir, kimlərsə kimilərinsə adamıdır, həmin adamların yazdıqları da heç bir yerdə ekspertizadan keçmədən dərs vəsaiti kimi verilir. Bir də görürsən beşinci sinif tarix dərsliyi elmi dildə yazılır. Onu heç akademik oxusa başa düşməz, uşaq necə başa düşsün? Fikrimi belə yekunlaşdırım. Təhsil sahəsində ciddi islahatlara ehtiyac var. Ancaq təəssüf ki, ildən-ilə səhvlərimiz daha da artır. Bu sahələrdə ciddi proqramlar olmalı, ciddi maliyyə vəsaiti ayrılmalıdır. Tarix elmi sahəsində kiminləsə rəqabət aparmaq istəyiriksə, ərəb-fars dillərini bilən mütəxəssislər yetişdirməliyik. Çünki bizim tariximizin XIX əsrdən əvvəlki dövrünə aid bütün mənbələri ərəb-fars dillərindədir. Bunun üçün dövlət vəsait ayırmalıdır. Heç bir gənc bunu könüllü edə bilməz. Azərbaycanda həmin sahənin mütəxəssisləri barmaqla sayılacaq qədərdir. Halbuki otuz ilə yaxındır erməni problemi ilə rastlaşmışıq. Biz müstəqil dövlət olaraq həmin kadrları yetişdirməli idik.

- Gecikmişik.

- Gecikmişik yox e, faciəvi şəkildə gecikmişik və gecikirik.

- Tariximizi dərindən öyrənmək, dünyaya çatdırmaq məsələsinə həssas yanaşmalıyıq.

- Ermənilərin arxivlərə çıxışları var, dünya miqyasında tanınmış mütəxəssisləri var. Təəssüf ki, biz həmən mütəxəssisləri yetişdirə bilməmişik, yəni biz Ziya Bünyadov səviyyəsində, Oqtay Əfəndiyev səviyyəsində tarixçiləri bu gün yetişdirə bilməmişik.

- Etibar müəllim, bədii əsər oxuyursunuz?

- Oxuyuram. Bu yaxınlarda Kamal Abdullanın “Yarımçıq əlyazma”sını oxumuşam. Əvvəl yarımçıq oxumuşdum. Bu dəfə hamısını oxudum. O da necə oldu? Qarabağ haqqında filmlər axtarırdım. Onların içində “Yarımçıq xatirələr” filmini gördüm. Yadıma düşdü ki, “Yarımçıq əlyazma”nı tam oxumamışam. Həm filmə baxdım, həm də əsəri oxudum. İkisi də yaxşıdı. Film də xoşuma gəldi, roman da. Belə əsərlər çox yaxşıdı, onların sayını artırmaq lazımdır. Filmlərə gəldikdə isə Qarabağ haqqında birinci filmi mən çəkdirmişəm, 93-cü ildə. “Laçın dəhlizi” adlanırdı.

- Sənədli film idi?

- Yox, bədii film. Türkiyədən TGRT kanalı gəlmişdi. Dedilər, film çəkmək istəyirik. Filmin sahibi eyni zamanda mən idim. Onda hələ müharibə gedirdi. Film Laçının işğalından, könüllülərin vuruşmasından bəhs edirdi. Ancaq xoşuma gəlmədi. Filmi çəkənlər pasifist idi. Mən onlara dedim, siz daha çox vətənpərvər film çəkməlisiniz ki, insanlar ruhlansın, ancaq siz insanları sülhə səsləyirsiz.

- “Dolu”ya da baxmısınız?

- Baxmışam.

- Romanı da oxumusunuz?

- Yox. Ancaq filmi bəyəndim. Qarabağ mövzusuna çox müraciət olunmalıdır. Gəlin bizim ədəbiyyatımıza baxaq, bizdə hərb tarixinə dair əsərlər yoxdur. Rusiyada bütün döyüşlərin həm sənədli tarixi var, həm də o döyüşlərə bədii əsərlər həsr olunub. Bizim yazıçılarımız Qarabağ müharibəsi dövründə olan sənədləri öyrənməlidirlər, bundan sonra ona aid əsər də yaza bilərlər. Təəssüf ki, bizdə o mövzuya fikir verən yoxdur.

- Elçibəy sizə dərs deyib. Necə xatırlayırsınız?

- Biz birinci kursda oxuyandan bilirdik ki, belə bir müəllim var. Çalışırdıq mühazirələrinə gedək. Çünki o, mühazirədə başqa şeylərdən danışırdı. Üçüncü kursda oxuyanda bizə dərs deməyə başladı. İmtahan günü Elçibəy gəlib çıxmadı, imtahanı Rafiq İsmayılov götürdü. İmtahan bitənə yaxın öyrəndik ki, Elçibəyi həbs ediblər.

- Açıq-açığına millətçi çağırışlar edirdi?

- Azərbaycanın işğalından başlamış, türkçülüyə qədər, nə bilim kommunist rejimindən başlamış antikommunizmə qədər hər şeydən danışırdı.

- Milli azadlıq barədə, müstəqillik barədə də danışırdı?

- Mən demərəm ki, milli azadlıqla bağlı danışırdı. Bu lap həddi keçmək olardı. Əsasən dərsdə bizə keçilməyən şeyləri danışırdı. Yəni qapalı şəkildə nələrisə deyirdi.

- Bəs sizi universitetdən niyə qovmuşdular?

- Elə həmin bu hadisələrə görə. 1974-cü il idi, dərnəyə bənzər bir şeylər yaratmışdıq. “Odlar qəzeti” adlı bir divar qəzeti çıxardıq. Asdıq divardan, iki saat sonra gəlib onu yığışdırdılar. O zaman universitetdə DTK-nın kuratoru var idi. O, gəldi, dekan gəldi, bizi apardılar rektorun yanına. Orda da baş məqalə mənimki idi. Cənubi Azərbaycandakı Milli Hökumət haqqında yazmışdım. Yazıda Milli Hökumətin apardığı təhsil islahatlarından, iqtisadi islahatlardan, mədəni islahatlardan yazmışdım. Axırda belə bir cümlə var idi: Bütün bunlar göstərir ki, Azərbaycan müstəqil olsa hansı nailiyyətləri əldə edə bilərlər.

- O cümləni bilərəkdən yazmışdınız?

- (Gülür) Əlbəttə, bilərəkdən yazmışdım. Həmən cümlədən yapışıb mənə təzyiq edirdilər. Məndən tələb etdilər deyim ki, məni buna Elçibəy təhrik edib. Onun üzünə durmağımı tələb etdilər. Mən də etmədim, ona görə qovdular. Ancaq sonra təzədən bərpa etdilər.

- Etibar müəllim, kimi dindirirsən deyir ki, o vaxt dissident idim. Həqiqətən o vaxt dissident yazıçı-şairlərimiz vardımı?

- Var idi.

- Sizə, o dövrün gənclərinə kimlər təsir göstərirdi?

- Birinci təsir göstərən Bəxtiyar Vahabzadə olub. Onun “Gülüstan” poeması o dövrdə yetişən nəslə istisnasız olaraq təsir edib. Sonrakı dövrdə Xəlil Rza dissident şair olub.

- Onlar tam mənasında dissident idilər? Soljenitsın, Brodski, Saxarov kimi?

- Dissident bir neçə cür olur. Rusiyada olan dissidentlər rejimə qarşı idilər. Rejimi bəyənmirdilər, onun siyasətini tənqid edirdilər, ancaq eyni zamanda Böyük Rusiya İmperiyasının maraqlarını müdafiə edirdilər. Bir dəfə belə bir fikir səsləndirmişdim, ona görə həmişə tənqid olunuram: “Öz millətimdən olan diktator başqa millətdən olan demokratdan üstündür.” Yenə də o fikirdəyəm.

- Pinoçeti də tərifləmişdiniz.

- Tərifləməmişdim, həqiqəti demişdim, Çilinin iqtisadiyyatını ayaq üstə qoydu və inkişaf edən dövlətə çevirdi. Yenə də o fikirdə qalıram. Çünki sizin dediyiniz o dissidentlər ən böyük imperiya tərəfdarları idilər. Bizim dissidentlər isə onlardan fərqli idilər. Bizim dissidentlər milli əsarətə qarşı idilər. Eşitməmişəm ki, bizim dissidentlərdən hansısa sovet sisteminə, rejimə qarşı çıxsın. Başqa bir tərəfdən, bizdə dissidentlərin rəsmiləşməsinə də o qədər imkan vermədilər, otuzuncu illərdəki kimi repressiya olmadı.

- Hökumət onlara göz yumurdu?

- Hökumət də SSRİ-nin tərkibində olan qurumun rəhbəri idi. Hakimiyyətdə olan insanlar da istəmirdilər ki, onları burda dissidentin yaranmasına şərait yaratmaqda ittiham eləsinlər. Onun üçün də dissident olanda malalayırdılar. Bizdə açıq şəkildə həbs altmışıncı illərdə olub. Sonrakı illərdə dissident kimi həbs olunan yalnız Əbülfəz bəy idi.

- “Samizdat” var idimi?

- Var idi.

- “Samizdat”da nə çıxırdı?

- Adətən Rusiyada çap olunanların təkrar çapı idi.

- Yerli əsərlər “Samizdat” çıxmırdı?

- Mənə rast gəlməyib. Bir dənə “Gülüstan” poemasını çap edib yayırdılar.

- Yazıçı İsi Məlikzadə sizin Milli İstiqlal Partiyasının üzvü olub.

- Çox yaxşı, sadə insan idi. Ruhən nikbin insan idi. Hətta ən pis vəziyyətdə belə məsələni zarafatla soyudurdu. Mən onu heç əsəbiləşən görmədim.

- Deyirlər atası da Ağcabədi bölgəsində baməzə adam kimi tanınırmış.

- Mən də eşitmişəm. İsinin ölümü əsəbdən oldu, 95-ci ildə, seçki ərəfəsində. O, şikayət edirdi ki, bəzi insanların münasibəti mənə pis təsir edir. İsi Məlikzadənin partiyaya gəlməsi partiyanın nüfuzuna təsir edib. Biz onun xatirəsini həmişə hörmətlə anırıq. Təəssüf ki, əlyazmalarının çoxu əlyazma şəklində qaldı, çap olunmadı.

- Sizcə, İsi Məlikzadə layiqincə qiymətini alıbmı?

- Yox almayıb. Təəssüf. Onun əsərlərinə yenidən qayıtmalıyıq.

- Etibar müəllim, Azərbaycan ədəbiyyatında üç yazıçı seçsəniz İsi Məlikzadə o üçlükdə varmı?

- Mən ədəbiyyatı nə üçlüyə, nə də otuzluğa bölmək istəmirəm. Hərənin öz qiyməti var.

- Bəs İsi Məlikzadədən başqa sevdiyiniz yazıçı kimidir?

- İsmayıl Şıxlını çox sevirəm. Onun bir “İlğım” hekayəsi var. Çox gözəldir.

- Musiqini sevirsiniz?

- Sevirəm, ancaq heç bir musiqi alətində ifa edə bilmirəm. Musiqi qabiliyyətim yoxdur. Dinləməyi sevirəm.

- Hansı musiqiləri dinləyirsiniz?

- Açığı konkret janr deməkdə çətinlik çəkirəm.

- Aşıq musiqisimi, klassik musiqimi, muğammı, cazmı?

- Aşıq musiqisi olanda o xoşuma gəlir. İndiki aşıq musiqisi içində Cənubi Azərbaycan aşıqlarını daha çox sevirəm. Bizdəki aşıq sənəti hələ layiq olduğu səviyyədə deyil, inkişaf eləmədi. Cənubi Azərbaycanda daha emosionaldır, daha çox inkişaf edib, daha çox millidir.

- Uzun illər Azərbaycan siyasi səhnəsinin ən parlaq simalarından biri kimi tanınmısınız. Həmin şöhrət üçün darıxırsınızmı?

- Yox, darıxmıram. İnsan şöhrətə qapanıb qalsa öz xarakterini itirər.

- Ancaq o rəğbəti hiss etmisiniz?

- Hiss etmişəm və buna görə xalqıma hər zaman minnətdaram. Çalışmışam ki, mənə olan rəğbət hissi deyim, inam deyim nə deyim, onları itirməyim. Özü də uğur elə şeydir ki, müəyyən dövrdə tələbatlar dəyişir. Dünən tələb olunan bu gün tələb olunmur. Ona görə də hər qəhrəmanın öz dövrü olur.

- Qəhrəman dediniz, keşməkeşli bir həyatınız olub. Daim siyasi proseslərin episentrində olmusunuz. Həyatınızı yazsanız roman olar. Özünüzü nə vaxtsa hansısa ədəbi qəhrəmana bənzətmisiniz?

- Bənzətsəm kimisə yamsılamalı olacam. Mən lazım olanı eləmişəm, belə hesab edirəm ki, özü də çox vaxtı düz olanı eləmişəm. Səhvim olanda da deyiblər, nəticə çıxarmışam. Ancaq kiməsə bənzəyərək yaşasam elə səhvlər edərəm ki, düzəltmək olmaz.

- Yəni xüsusi romantikliyiniz olmayıb.

- Siyasətdə romantik olsan xalqı uçuruma apararsan. Siyasətdə nə romantika? Hərəkatda romantika olub. Cavan vaxtı məndə də bu romantiklik olub, çünki özümə görə məsuliyyət daşımışam, ancaq sənin dalınca minlərlə, milyonlara adam gəlirsə romantik olmaq olmaz, praqmatik olmalısan.

- Memuar yazmaq fikriniz yoxdur?

- Memuar nədi, elə bil ki, sən öz keçdiyin həyat yolunu yazıya alırsan, hər hansı bir hadisəyə münasibət bildirirsən. Memuar yazanda isə sənin fikirlərinlə başqalarının fikirləri üst-üstə düşməyə bilər.

- Normaldı axı.

- Normaldı, ancaq bizim cəmiyyət normal olsaydı o da normal olardı. Bəzən bir sözə görə az qala düşmənçilik edirlər. Bu, mənim fikrimdi, demişəm. Bəziləri elə bilir ki, nəsə fikir deyirsənsə onu kiməsə qarşı işlədirsən. Ancaq əslində mən heç kəsə qarşı fikir deməmişəm. Lazım da bilməmişəm. Əks fikir düşmənlərə qarşı olmalıdır. Ona görə də elə şeylər var ki, memuarımda ortalığa çıxsa cəmiyyətdə etiraz yaradar.

- Deyirsiniz memuarlarınız çıxsa cəmiyyətdə çaxnaşma yaradar?

- Yox, ona görə yox. Sadəcə memuar ancaq o zaman yazılır ki, artıq mənim dövrüm bitib və mən o keçmiş və bitmiş dövrə aid xatirələrimi yazıram.

- Siz siyasətçi kimi karyeranızın bitməyini elan eləmisiniz axı.

- Mən aktiv siyasətdə iştirak etmədiyimi bildirmişəm.

- Hərəkat dövrünü, sonrakı dövrləri yaza bilməzsiniz? Tarixçi kimi deyirəm.

- Bunlar yazılır. Ancaq nə vaxt kitab halında olacaq, orasını bilmirəm.
Geri qayıt