Ermənilərlə gizli əlaqədə ittiham edilən alimimiz

Ermənilərlə gizli əlaqədə ittiham edilən alimimiz Nazir Əhmədlinin “Haqq-nahaqq seçilər Haqq divanında” adını verdiyi kitab haqlı-haqsız müəllifi ağır bir duruma salıb. “Kitaba bu adı ona görə verdim ki, başımızın üstündəki qüvvə - Haqq kimin haqqın tərəfində durduğunu hamıdan yaxşı bilir və qərar verən də, iradə sahibi də odur”, - dedi müəllif. Məşhur qəzəlxanın məşhur misrasında olduğu kimi: “Biz kimik, məclis onun məclisidir”. Yəni haqqı nahaqdan o ayırcaq. O isə çox uzaqdır, gözə görünmür, hələ ki, susqundur... və haqq nazilir, nazilir, hələ ki, üzülmür.

Dava nə davasıdır? Kimlərdir Nazir Əhmədlini qınayan və nə üçün qınamaqda davam edirlər?

“Aşıq Ələsgərə görə məni xain elan edəcəkdilər” - Nazir Əhmədli ilə Kult.az-da bu adla müsahibə dərc olundu. Bəzi qaranlıq mətləblərə işıq salmaq istədik və bu məsələ yenidən gündəmə gəldi...

Heyrət doğuracaq təəssüfümüzün biri odur ki, özlərini əks tərəfdə görən nüfuzlu qələm adamları Aşıq Ələsgərin dünyadan 105 yox, 74 yaşında köçməsi barədə fakt ortaya qoyan Nazir Əhmədlini, az qala, vətən xaini kimi təqdim edirlər.

Kitabın və həmin fikirlərin müəllifi N.Əhmədli isə arxiv sənədlərinin dili ilə danışdığını qeyd edir: “Mən onlara dəfələrlə izah etdim ki, Aşıq Ələsgərin dahiliyi, böyüklüyü onun yaşı ilə deyil, yaratdıqları ilə ölçülür.

Misallar gətirdim ki, Mikayıl Müşfiq cəmi 29 il, Səməd Vurğun 50 il, Cavid 59 il, nəhayət Həzrəti Peyğəmbərimiz 63 il yaşayıb. Bəyəm, biz onları yaşına görə qiymətləndiririk, yoxsa yaratdıqlarına görə?”

“Bu insanlar bəlkə də düşünürlər ki, Aşıq Ələsgər 105 il yaşayacaqdı, Nazir Əhmədli qoymur ki, bu qədər yaşasın” - bunu da Nazir Əhmədli deyir.

Kitabı vərəqləyirəm, görürəm ki, bu günümüz üçün lazımlı olan bu kitab təkcə Dədə Ələsgərdən bəhs etmir. Kitabda həm də XIX əsr Azərbaycan aşıq ədəbiyyatının 6 korifey sənətkarından söhbət gedir. Və aydın olur ki, söhbət heç də Aşıq Ələsgərin dünyadan 74 yaşında köçməsini dilə gətirmək deyil. Ortada başqa nüanslar da var. Məsələn, müəllifin bu kitabdan qabaq nəşr etdirdiyi “Göyçə mahalının Kameral təsviri. 1831-ci və 1842-ci illər” kitabı da isti yuvaya soyuq su çiləyib. Məlum olub ki, bu mahal haqda yazılan bir neçə kitab əslində faktlara deyil, təxəyyülə əsaslanıb, hər halda, kitabdan və müəllifdən aldığımız bilgi bizə bunu deməyə imkan verir.

“Haqq-nahaqq seçilər Haqq divanında” və digər kitabları oxuduqdan sonra gəldiyimiz qənaət: Bəli, xatirələri yazmaq yaxşıdır, amma memuar ədəbiyyatı ayrı şeydir, tarix ayrı. Tarix ancaq və ancaq sənədlər əsasında yazılır.

İmza, nüfuz sahibi olan iradçılar müəllifin Ermənistan SSR-in arxivlərindən istifadə etdiyini yazırlar. Qeyd edirlər ki, görünür, müəllifin onlarla şəxsi əlaqələri var, əks halda belə təhrif olunmuş faktları yazmaz. Eyni zamanda müəllifə başqa suallar da ünvanlayırlar. Hansı ki, bu sualları ünvanlayacaq dövlət qurumları var və müəllifin kimlərlə hansı əlaqələri olmasını qısa zaman kəsiyində aydınlaşdıra, faktların necə əldə olunmasına aydınlıq gətirə bilərlər və bəlkə də gətirilib.

Niyə bizim arxivlərimizdə bu faktlar yoxdur? Axı Sovet hakimiyyəti qurulana qədər bu xanlıqlar var idi və biz bu xanlıqların arxivlərinə sahib çıxmalıydıq.

Yuxarıda qeyd etdiyimiz müsahibədən sonra müsahibimə olunan iradlar daha da artdı. İttihamlarda onun Dərələyəzdən olduğu üçün Göyçə haqda yazmasına qadağa işartıları da var. Utanvericidir. Bəs axı biz özümüz özümüzü parçalamırıq? Belə çıxır ki, mən cəlilabadlı olduğum üçün Ağdam uğrunda döyüşməməliyəm, yazmamalıyam? Bunu yalnız Aqil Abbas, Rey Kərimoğlu, Vahid Qazi etməlidir?
Geri qayıt