"İlham Əliyev məni Ərdoğana elə təqdim etdi ki..." - Xalq artisti ilə MÜSAHİBƏ

"İlham Əliyev məni Ərdoğana elə təqdim etdi ki..." - Xalq artisti ilə MÜSAHİBƏ Azərbaycanın Xalq artisti, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Azərinin (Anaxanım Tağıyeva) müsahibəsini təqdim edirik.

- Azərin xanım, Türkiyənin TRT Avaz telekanalında sizin təqdimatınızda “Azerinle kent konserleri” adlı yeni proqram yayıma başladı. Bu münasibətlə öncə sizi təbrik edirik, uğurlar arzulayırıq. Ancaq onu da bilirik ki, TRT Avaz kanalında uzun müddət idi sizin təqdimatınızda “Azerınle tek yürek” verilişi yayımlanırdı və bildiyim qədər proqram tətilə getmişdi. Olmaya, “Azerınle tek yürek” proqramının yayımı təməlli dayandırılıb?

- Əvvəlcə qeyd etmək istəyirəm ki, siz mənə qarşı çox diqqətlisiniz. Sanki uzaqdan olsa da hər şeyi hiss edirsiniz. Sizə dəyəriniz, diqqətiniz üçün çox minnətdaram, təşəkkür edirəm.

Qeyd edim ki, “Azerinle kent konserleri” TRT Avazda yayımlanan “Azerınle tek yürek” proqramının davamıdır. Sadəcə “Azerinle kent konserleri” yaz proqramı olaraq davam elədi. “Azerınle tek yürek” Ankaradan studiya daxilindən yayımlanan proqramımdır. Amma “Azerinle kent konserleri” Türkiyənin müxtəlif şəhərlərində mənim adımla bağlı olaraq TRT-nin düzənlədiyi və canlı olaraq TRT Avazda yayımladığı proqramdır.

- O zaman “Azerınle tek yürek” proqramı yeni sezondan yenidən yayımlanacaq?

- Bəli, Allahın izni ilə bu proqram “Azerınle tek yürek” adı altında TRT-də davam edəcək. Bildiyiniz kimi, TRT Türkiyədə bir dövlət qurumudur, orada 5 il proqram aparmışdım. Bir müddət yaradıcılıq işlərimə görə həmin verilişə fasilə verdim. Fasilə müddətində də Türkiyədə albom çıxardım, konsertlərim çoxaldı. Sonra TRT-dən mənə yenidən dəvət gəldi, həmin proqramın mənimlə davam etməsini bildirdilər. Sənətimə, fəaliyyətimə bələd olduqları, Türk dünyasına bağlılığımı bildikləri üçün yeni proqramımın TRT Avazda yayımlanmasını istədirlər. Bilirsiniz ki, TRT Avaz Türk dünyasının birləşməsinə yön tutub və mən də bu təklifi məmnuniyyətlə qəbul etdim. Çünki bu proqramda mən özümü realizə edə bilirəm, fikirlərimi insanlarla bölüşə bilirəm, ən önəmlisi də Azərbaycanın Türk dünyasında təbliğatıdır. Bu təbliğatın içində Azərbaycanın bəstəkarları, şairləri, ədibləri, Azərbaycanın işğal olunmuş torpaqları, bir milyon məcburi qaçqın və köçkünü yer alır. Musiqilərimlə yanaşı imkan dərəcəsində hər dəfə bu məsələləri xüsusilə vurğulayıram. Gələn qonaqlarımla az da olsa bu məsələlər barəsində söhbətlər etməyə çalışıram. TRT kanalı Türkiyədə Azərbaycan musiqisinin təbliğinə, mahnılarımızın anonim yazılmamasına çox böyük diqqət ayrılır və mən də bunlara xüsusi diqqət yetirirəm. TRT mənə o imkanı yaradıb ki, öz proqramlarımda fikirlərimi milyonlarla tamaşaçıyla paylaşa bilirəm. Təbii ki, mənə göstərdikləri bu diqqətə görə qayğımı çəkən TRT-yə, Türkiyə cumhuriyyətinə öz minnətdarlığımı bildirirəm.

- Fəaliyyətinizi izlədiyimizdən Türkiyədə tez-tez konsertlər verdiyinizi bilirik. Bu barədə də danışmağınızı istərdik.

- Davamlı olaraq Türkiyənin müxtəlif bölgələrində bələdiyyələr, dövlət qurumları məni xalqla iç-içə olduğumuz açıq hava konsertlərinə dəvət edirlər. Solo konsertlərim olur. Elə bu yaxınlarda 15 iyul hadisələrinin öldönümünə həsr edilmiş konsertlərim oldu. Bir sənət adamı, müğənni olaraq bu qədər konsertlərə dəvət almaq mənim üçün çox önəmli və sevindiricidir.

- Azərin xanım, buradan elə görünür ki, Türkiyə tamaşaçısı, musiqisevərləri sizə Azərbaycan tamaşaçısından daha çox sahib çıxıb, dəyər verir? Sanki oradakı pərəstişkarlarınız buradakından daha çoxdur. Özünüz bu barədə necə düşünürsünüz?

- Kənardan tam olaraq necə göründüyünü bilmirəm. Ancaq bildirmək istərdim ki, məni Türkiyə tamaşaçısı çox səmimi, içdən qəbul edir, çox səmimi sevgilərini bildirirlər. Konsertlərimdə, proqramlarımda, gələn mesajlarda bunun şahidi oluram. Tamaşaçı sevgisi bir sənət adamı, müğənni üçün çox önəmli məsələdir. Amma açığını deyim ki, mən Azərbaycan tamaşaçısı ilə Türkiyə tamaşaçısnı ayırmazdım. Çünki məni öz vətənim Azərbaycanda da çox sevirlər, böyük hörmət göstərirlər, sevgilərini əsirgəmirlər, hisslərini mənimlə bölüşürlər. İnsanların səmimi sevgisini Azərbaycanda da görürəm, Türkiyədə də. Bu məndə fəxarət hissi oyadır. Mənimçün ən önəmli olan odur ki, insanlar mənə “Sən bizim fəxrimizsən” deyirlər. Düşünürəm ki, bu, insanın həyatda qazandığı ən böyük mükafatlardan biridir. İnsanlar səni o nöqtədə görür, ailələlərindən biri olaraq qəbul edirlər, duyğularına, hisslərinə tərcüman olurlar. İnsan üçün, sənətçi üçün, bu, çox önəmli məsələdir, yönvericidir. Əgər mən öz fəaliyyətimdə insanların belə fikirlərini, düşüncələrini qazanmışamsa, buna şükr edirəm.

Yenə deyirəm, tamaşaçıları ayırmazdım. Sadəcə Azərbayanda insanlarla üz-üzə gələndə “ Azərin xanım niyə son zamanlar konsertlərinizi eşitmirik, televiziya məkanında görümürük, niyə yoxsunuz?” sualı ilə qarşılaşıram.

- Bu sualı elə biz də sizə vermək istəyirdik. Azərbaycanda ancaq hərbi hissələrdə konsertləriniz olur. Uzun müddətdir nə telekanallarımızda, nə də möhtəşəm konsert salonlarımızdan səsiniz-sorağınız eşidilmir. Səbəb və ya səbəblər nədir?

- Bəli, mənim konsertlərim əsasən Azərbaycan Silahlı Qüvvələri üçün həyata keçir. Çünki mən özümü buna həsr etmiş sənət adamıyam, mənimçün ilk növbədə Azərbaycan torpaqlarının keşiyində duran Azərbaycan əsgəri, zabiti gəlir. Bunu neçə illərdir həyata keçirirəm və bu yolda tək deyiləm, köməkçim, menecerim Cavid bəy hər zaman yanımdadır. İllər öncə öz istəyimizlə bunu qarşımıza məqsəd qoymuşuq və Allahın izni ilə məqsədimizi həyata keçiririk. Bir müğənni olaraq bu konsertlər mənimçün olduqca önəmlidir.

Əfsuslar olsun ki, sizin timsalınızda ancaq bir-iki peşəkar jurnalist bu fəaliyyətimizə mütəmadi diqqət yetirir, mətbuatda işıqlandırır. Kənardan elə görünür ki, bu, sizlərdən başqa heç kim üçün önəmli, maraqlı deyil. Hesab edirəm ki, bir sənət nümayəndəsi bu işi görürsə, bunu ancaq ürəkdən edir, bu işin arxasında heç bir məcburiyyət və təmənna ola bilməz. Eləcə də hər bir jurnalist gözləməməlidir ki, həmin sənətçi ona zəng edib hərbi hissələrdə verdiyi konsertlər barədə məlumat verəcək. Jurnalist peşəkardırsa, özü bununla maraqlanacaq, araşdıracaq, ortaya çıxarıb qələmə alacaq.

Sualınızın ikinci hissəsinə gəldikdə, Azərbaycan teleməkanının indiki halını hamımız yaxşı görürük. İllərdir ki, mən Azərbaycan teleməkanından üzümü döndərdim, o teleməkanda özümü görmürəm. Bunu da açıq deyirəm. Çox əfsuslar olsun ki, getdikcə vəziyyət daha da pisləşir, Azərbaycan musiqisinin televiziyada olan vəziyyəti ortadadır. Bu vəziyyətə bərbad desəm daha uyğun olar. Sanki elə bir görünüş yaradılıb ki, Azərbaycanda səviyyəli, savadlı musiqi heç kimə lazım deyil. Təbii ki, belə bir məkanda özümü görmədiyim üçün kənara çəkildim və televiziya məkanında görünməməyə çalışdım. Dəvət olunduğum proqramlara da mədəni sürətdə yox dedik. Tamaşaçı da müğənnini ancaq şou proqamlardan görməyə alışıb, çünki ortada bundan başqa heç nə yoxdur. Təkcə müğənnilər yox, ümumiyyətlə musiqinin bütün sahələrində çalışan insanlar, səviyyyəli musiqiçilər, rəssamlar, heykəltaraşlar, şairlər, bəstəkarlar, bir sözlə bütün səviyyəli incəsəsənət adamları yoxdur ortada. Sanki Azərbaycan incəsənəti ölüb.

Bundan başqa, Azərbaycanda müğənni üçün konsert fəaliyyəti də yoxdur. Türkiyədə isə, bu, geniş şəkildə yayılıb, sənətçilər müxtəlif bölgələrdə xalqa konsertlər verir, bunun müqabilində gəlir əldə edir. Bizdə isə bu sistem yoxdur, daha doğrusu bizim sənət aləmimizdə sistemsizlik hökm sürür. Azərbaycanda müxtəlif festivallar da keçiriləndə səviyyəli sənətçilər həmin festivallardan kənarlaşdırılır. Mən təkcə özümü nəzərdə tutmuram, bizim kifayət qədər səviyyəli sənətkarlarımız var. Türkiyənin özündə belə deyirlər ki, Azərbaycanın necə gözəl bəstəkarları, səsləri var. Əfsuslar olsun ki, biz bu qiyməti, dəyəri ancaq başqa ölkələrdə duyuruq, alırıq, Azərbaycanda elə bir təsurat yaradılıb ki, sanki səviyyəli musiqi, səviyyəli sənətçilər heç kimə lazım deyil. Musiqinin səviyyəsi yerdə sürünür. Mehriban xanım Əliyeva sağ olsun ki, zamanında muğamımıza sahib çıxdı, dəstək oldu, muğam məktəbimizi ölkədən kənara çıxardı. Belə çıxır ki, Mehriban xanım olmasaydı bizim muğam məktəbimiz də indi bərbad vəziyyətdə olardı. Bunu ona görə deyirəm ki, hər işi Mehriban xanım görmək məcburiyyətindədirmi? Bəs musiqiyə, insəsənətə aid qurumlar hansı fəaliyyətlə məşğuldurlar?

- Belə anladım ki, Azərbaycanda keçirilən əhəmiyyətli musiqi tədbirlərində dəvət olunmadığınız üçün görünmürsünüz, dəvət olsa, məmnuniyyətlə iştirak edərsiniz...

- Bir sənətçi olaraq Azərbaycanda keçirilən musiqi festivallarına bir dəfə də olsun dəvət almamışam. Hər kəs də bilir ki, mən Azərbaycan Dövlət Konservatoriyasını bitirmiş vokalistəm. Fəaliyyətimdə də dəfələrlə bunu göstərmişəm, iki dəfə Heydər Əliyev sarayında solo konsertim olub, kamera orkestrı ilə konsert vermişəm. Amma sanki, bu, heç kimə lazım deyil. Bunu sadəcə öz ünvanıma səsləndirmirəm, Azərbaycanda adlı-sanlı, gözəl səsə malik sənətkarlar var ki, onlar da bu gün ortalıqda yoxdur. Ancaq kənardan, xaricdən gələn müğənnilərə yer verilir, böyük məbləğdə qonorarlar ödənir. Bəs biz nə zaman özümüz özümüzə dəyər verməyi öyrənəcəyik? O gün gələcəkmi? Ümid edək ki, gələr. Kənardan gələn müğənniyə ağılalmaz məbləğdə qonorar verə bilirik, amma öz müğənnimizlə beş-on qəpiyin davasını, sənətdə alverini edirik, yeri gələndə havayı oxutdurmağa çalışırıq. Əfsuslar olsun ki, bu gün ana vətənimizdə bu xoşagəlməz gerçəklər cərəyan edir. Bu xoşagəlməz hallar bir sənət adamı olaraq məni üzür. Amma bu üzgünlük də məni sındıra bilməz, mən öz fəaliyyətimlə məşğulam.

Məni bu gün daha bir məsələ üzür. Davamlı olaraq mənim ünvanıma “Türkiyədə yaşayan Azərin” deyilir. Mən Türkiyədə yaşayan müğənni deyiləm, mən həm Azərbaycanda, həm də Türkiyədə fəaliyyət göstərən müğənniyəm. Televiziya məkanına çıxmıram deyə o demək deyil ki, mən Azərbaycanda olmuram. Sadəcə olaraq mən o məkanda özümü görmək istəmirəm. Mən Azərbaycan Silahlı Qüvvələrində fəaliyyət göstərirəm, Silahlı Qüvvələrin kapitanıyam, davamlı olaraq öz əsgərimə, zabitimə konsert verirəm, fəaliyyətim heç bir zaman dayanmır. Ancaq bu fəaliyyəti görən də var, görməyən də, yazan da var, yazmayan da. Ona görə də tamaşaçı elə bilir ki, Azərin anacaq Türkiyədədir. Bəli, mənim burda davamlı olaraq proqramım yayımlanır. Bu proqramda da Azərbaycana xidmət edən sənət insanıyam. Kənardan bunun görsənməməsi biganəliyin, laqeyidliyin nəticəsidir.

Bütün bunlara baxmayaraq səmimi deyirəm ki, Azərbaycan tamaşaçısına minnətdaram. Öz prezidentim İlham Əliyevə minnətdaram. Hər zaman açıq sözlü olmuşam, düz danışmışam, çünki fəaliyyətimi görən, dəyərləndirən, qiymətləndirən bir Azərbaycan xalqımdır, bir də prezidentim İlham Əliyev. Azərbaycan incəsənətinə, sənət insanlarına göz yumanlar, Azərbaycan incəsənətini heçə sayanlar isə mənimçün maraqlı deyil. Necə ki, indiyədək Azərbaycan üçün fəaliyyət göstəmişəm, bundan sonra tək müğənni kimi yox, ictimai xadim kimi də eyni addımlarla bu yolda davam edəcəm. Mən Azərbaycan vətəndaşıyam və Azərbaycanın dərdi-səri mənə də toxunur, dərdimizi, problemimizi, azı hər gün verdiyimiz şəhidlərimizi dünyaya çatdırmaq borcumdur. Allahın izni ilə gücümün yetdiyi qədər bunu yerinə yetirəcəm.

- Azərin xanım, illər öncə dövlət tədbirlərinin birində sizi həm Rəcəb Tayyib Ərdoğan, həm də İlham Əliyev izləyirdi. Tədbirdən sonra hər iki liderin sizinlə söhbəti olmuşdu. O günü necə xatırlayırsınız, nə danışmışdınız orada?

- Həmin tədbirdə mən “Çırpınırdı Qara dəniz” əsərini ifa etmişdim. Tədbir bitəndən sonra adət üzrə dövlət başçıları sənət adamlarına yaxınlaşdılar. Növbə mənə çatanda R.T.Ərdoğan “Azərin xanım, mən çox duyğulandım, inşaallah biz bir gün Azərbaycan bayrağını Qarabağdan asacağıq” dedi. O zaman çox xoşbəxt olmuşdum, həmçinin çox kövrəlmişdim. Ərdoğan mənə bu sözləri deyəndən sonra yanında gələn Türkiyənin o zamankı xarici işlər nazirinə və Türkiyənin səfirinə dönüb dedi ki, Mən Azərin xanımı Türkiyədə özəl müsafirim olaraq görmək istəyirəm. Bu zaman prezidentimiz İlham Əliyev gülə-gülə “Çox sağ olun dəvətə görə. Ancaq siz bilirsinizmi kimi hara dəvət edirsiniz? Bilirsinizmi Azərin xanımı Türkiyədə nə qədər çox sevirlər? Onu Türk dünyası bağrına basıb, o, Türkiyədə çox məşhurdur, TRT-də proqram aparır” dedi. Həmin anda o qədər qürur hissi keçirdim ki, təsəvvür etmək mümkün deyil. Mənə aydın oldu ki, ölkəmin başçısı gerçəkdən də hər işi görür, hər işlə maraqlanır, onun hətta Azərinin TRT-də apardığı proqramlardan, Azərinin Türkiyədəki hörmətindən, Türk dünyasındakı sayqısından xəbəri var. Rəcəb bəy çaşqınlıqla İlham Əliyevə “Necə ola bilər ki, mən bundan xəbərsizəm” dedi. Bu mənim üçün qürurverici hadisə idi. O gün İlham Əliyev məni həm də Türkiyə prezidentinə tanıtdı və onun gözündə mənim hörmətimi birə beş artırdı.

Bir ölkənin başçısı bunu edirsə, incəsənət sahəsində görəvli olan özünə məmur deyənlər görəsən bu gün Azərbaycan sənəti və incəsənəti üçün nə edirlər? Onlar da bir az gözlərini açsınlar, iş görən sənət insanlarını görməyi bacarsınlar, onları dünyaya çıxarmağı bacarsınlar. Azərbaycan incəsənətinə, musiqisinə yatırım etsinlər. Azərbaycan incə sənətini dünyaya tanıtdıra biləcək əsl istedadları ortaya çıxarsınlar. Ümid edirəm ki, bir gün bu da olacaq.

Moderator.az
Geri qayıt