Nigar Həzi: “O, məhbəsdə, mən azadlıqda... Belə evliliyi heç kimə arzulamıram”

Nigar Həzi: “O, məhbəsdə, mən azadlıqda... Belə evliliyi heç kimə arzulamıram” Bu gün həbsdə olan jurnalist Seymur Həzi ilə müsavatçı fəal Nigar Yaqublunun evliliklərinin bir ili tamam olur. Onlar 2016-cı ilin avqustun 2-sində 17 saylı cəzaçəkmə müəssisəsində nikah bağlayıblar. Qeyri-adi formada gerçəkləşən nikah mərasimi maraqlı görüntülərlə yadda qalıb.

Bu günlə əlaqədar Nigar Həzi ilə həmsöhbət olduq. Müsahibimiz Seymur Həzi ilə görüşmək üçün gözləyirdi, vaxt azlığından söhbətimiz də qısa oldu.

- Əvvəlcə, evlilik ildönümünüz münasibətilə sizi təbrik edirik. Adətən ənənəvi ailələrin yaşamadığı evlilik həyatı keçirirsiniz. Siz azadlıqda, həyat yoldaşınız isə məhbəsdə. Nigar xanım, bu, çətin deyil ki? Ümumiyyətlə, ötən bir ili necə dəyərləndirirsiniz?

- Həbsxana həyatı mənim üçün ilk olmadığına və buna adət etdiyimə görə mənə çətin gəlmir. Ənənəvi ailələrdən fərqli həyat tərzimiz olduğu üçün adam o qədər də evli olduğunu hiss etmir. Çünki o həbsxanadadır, mən azadlıqdayam. Hər həftə görüşlər olsa da, adam tam ailə olduğunu anlaya bilmir. Hər şey yarımçıq olur. Amma əlbəttə ki, evli olmaq xoşdur.

- Sosial şəbəkədə qeyd etmisiniz ki, “Mənə bir il dözdüyü üçün Seymuru təbrik edirəm”. Bunun səbəbi nədir? Xaraktercə çətin insansınız?

- Seymur adətən deyir ki, yəqin sən heç kimlə yola gedə bilmirsən, ancaq mən sənə dözə bilirəm.(gülür) Mən də ona görə sosial şəbəkədə bu cür qeyd etdim.

- Fikir ayrılıqları necə, çox olurmu aranızda?

- Adətən bir yerdə yaşayanlarda problemlər və ya fikir ayrılıqları olur. Biz belə yaşamadığımız üçün hətta bəzən statuslarda yazıram ki, bu cür evlilik gözəldir. Yəni problem, qayğı yoxdur. Üzünü görmürsən və ya danışacaq bir mövzu olmur. Hər həftədə bir dəfə görüş verildiyinə görə onun həsrəti olur və mübahisə etməyə zaman qalmır. Hərçənd mübahisə ediləsi bir şey də yoxdur. Hər şey normaldır. Evliliyi tövsiyyə edirəm.

- Görüş zamanı adətən müzakirə obyektiniz nə olur? Məsələn, ölkədəki vəziyyətlə bağlı müzakirələr aparırsınızmı?

- Əlbəttə ki. Hətta bizə deyirlər ki, camaat gedib orada sevgidən danışır. Biz isə ölkədəki ictimai-siyasi durumlar, baş verən proseslər və ya gündəmdə olan məsələləri müzakirə edirik. Normalda baş verən hadisələr barədə Seymura məlumatlar verirəm.

- Maraqlıdır, Seymur bəy azadlığa çıxandan sonrakı planlarınız barədə danışmısınızmı?

- Bu yaxın gələcəkdə Seymurun azadlığını gözləmədiyimiz üçün hələ ki elə bir planımız yoxdur. Əlbəttə ki, böyük ehtimalla təhsil olacaq.

- Son olaraq, ailənizi böyütmək, övlad sahibi olmaq fikriniz varmı?

- Hələ ki yoxdur. Hər halda azadlıqdan sonra belə bir fikrimiz ola bilər.

Modern.az
Geri qayıt