Yetim Eyvaz: 2423 şeirimi əzbər bilirəm
- 16-06-2017, 13:04
- 112 445
Müsahibimiz 26 fevral 1952-ci ildə Siyəzən rayonunda аnаdаn оlub. Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 saylı orta məktəbdə təhsil alıb. 10 ildən sonra hərbi xidmətə yollanıb. 1996-cı ilə kimi yaxşı şəraitdə yaşayıb, lakin 1996-2006-cı illərdə pul qazanmaq üçün hər cür əziyyətə qatlaşmalı olub. Odun doğrayıb, satıb, 21 il sürücü işləyib. Hazırda isə Siyəzən rayonunun Qalaaltı kəndində yaşayır.
- Niyə özünüzə məhz bu cür təxəllüs seçmisiniz?
- 12 yaşım olanda atam vəfat etdi. Biz 6 uşaq olmuşuq, hamımızı anamız böyüdüb. Mən uşaqlıq və gənclik illərində küçəyə çıxanda, dostlarla görüşəndə, anam məni axtararkən qohum-qonşudan “Mənim yetimimi görməmisinz?”, - deyə soruşardı. Elə o vaxtdan hamı məni belə çağırır.
- Televiziya və radiolarda yayımlanan verilişlərdə iştirak etməkdən, saytlara müsahibə verməkdən daim imtina edirsiniz. Buna səbəb nədir?
- İllər əvvəl bircə dəfə “Xəzər” TV və fəaliyyəti dayandırılmış “ANS” telekanallarında qonaq olmuşam. O vaxtdan etibarən televiziyaya çıxmağa tövbə etmişəm. Çünki verilişlərin yaradıcı heyəti məndən onların könlündən keçən fikirlər barədə müsahibə verməyimi istəyirlər, mən isə buna razı olmuram.
- Təqaüdə çıxmısınız, yoxsa hələ də, əvvəlki illərdə olduğu kimi, çalışırsınız?
- Hazırda təqaüd alıram. Kafem var, onu işlədirəm.
- Bəs səhhətiniz necədir, artıq yaş o yaş deyil...
- İki ay əvvəl bağırsaq çatından Volqoqrad şəhərində əməliyyat olunmuşam, indi yaxşıyam, qaçıram, at çapıram. Dağ, təbiət məni yaxşı saxlayır.
- Yeni yazdığınız şeirlər var?
- Bəli, 96 vərəqli dəftəri artıq yeni şeirlərimlə doldurmuşam. Onları nəşr etdirəcəyəm. “Laldı məhəbbət” adlı yeni kitabımı çap etdirmək istəyirəm.
- Söhbətimiz əsnasında 3 şeirinizi çaşmadan əzbər söylədiniz. Mənə və zənn edirəm ki, oxucularımıza da maraqlı olan məqamlardan biri indiyədək yazdığınız şeirlərin sayıdır....
- İndiyədək 2423 şeir yazmışam və onların hamısını əzbər bilirəm.