XalqXəbər.Az

www.XALQXEBER.az » Müsahibə » MTN işi ilə bağlı yeni faktlar açıqlandı - müsahibə

MTN işi ilə bağlı yeni faktlar açıqlandı - müsahibə

MTN işi ilə bağlı yeni faktlar açıqlandı - müsahibə
28-01-2017, 13:24

Mütəfəkkirlərdən biri deyirdi ki, “Ədalət topaldır, yavaş-yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır”. Bəlkə də bir vaxtlar mənzil sahibi olmaq istəyən minlərlə balasının boğazından kəsib qəpik-qəpik yığıdğı pulları mənimsəyib onları çarəsiz, ümidsiz buraxan iş adamı İlham Qasımov ədalətin gec-tez bərqərar olacağına hər zaman şübhə ilə yanaşıb. Ta ki dəmir barmaqlıqlar arasına düşənə kimi. İndi onun haq-qədalət, halal-haram anlayışları barədə düşünmək üçün yetərincə vaxtı var...

“Real MTK”nın keçmiş təsisçisi, məşhur iş adamı İlham Qasımov el arasında Eldar Mahmudov və Akif Çovdarovun tikinti dələduzu kimi tanınır. Söhbət minlərlə insanı evsiz-eşiksiz qoyan, "iş adamı" adı altında qanunsuzluqlar edən, hazırda isə layiqli cəzasını alaraq dəmir barmaqlıqlar arasına düşən İlham Qasımovdan gedir.

İlham Qasımov tərəfindən aldanılan, daha doğrusu, onun qurbanına çevrilənlər arasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, prokurorluq orqanının yeyərincə tanınmış əməkdaşları var. Onun həbsindən bir neçə ay keçsə də, məsələ KİV-lərin və ictimaiyyətin diqqət nərkəzində qalmaqdadır. İş adamının yaxınlarının media vasitəsilə ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına ünvalanan müraciətlərində yer alan sensasiyalı faktlar onun fırıldaqlarının qurbanı olmuş zərərçəkənləri sözün əsl mənasında hiddətləndirir.

Qohumları onun guya sifariş əsasında həbs edildiyini dilə gətirməkdən belə çəkinmirlər. İlham Qasımovun həbsini “sifariş” edənlər arasında kifayət qədər nüfuzlu dövlət məmurlarının, hətta xeyriyyəçi, yaradıcı insan Gülağa Tənhanın (Qəmbərov) da adı hallanır. Qarşı tərəf dilə gətirdiklərini isbatlaya, kimsəni buna inandıra bilməyəcəyini anladığı üçün indi də şər-böhtana əl atır. Bəzi kütləvi informasiya vasitələrində Gülağa Tənha haqqında yazılanların həqiqətə uyğun olmadığını ötən gün redaksiyamıza müraciət edən, onu yaxından tanıyan Azərbaycanın Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov faktlarla sübut etdi. Rövşən müəllimlə İlham Qasımovun törətdiyi cinayətlər və keçmiş Milli Təhlükəsizlik Nazirliyində yaşanmış qalmaqallı hadisələr barədə baş tutan müsahibəsini oxucularımızın diqqətinə çatdırırıq:

- Rövşən müəllim, xeyriyyəçi Gülağa Tənhanı yaxından tanımağınız bizə yaxşı məlumdur. Son günlər bu insan haqqında yerli mətbuatda müxtəlif materiallar və faktlar yer alır. Məsələn, onun öz soyadını dəyişdirdiyi, əsl adının Albert Mixailoviç Umarov olduğu, həmçinin yaşının çoxluğuna baxmayaraq, tez-tez gənc xanımlarla evlənib boşandığı qeyd olunur.

- Qeyd etdiyiniz məqamları yerli mətbuatdan mən də oxumuşam. Adam görəndə dəhşətə gəlir. Axı mən bu insanla iki gün əvvəl tanış olmamışam. Gülağa ilə illərdir ki, münasibətimiz var. Onun kasıb vaxtlarını da görmüşəm, varlı vaxtlarını da. İndi sahib olduğu mal-mülkü necə çətinliklə, min bir əziyyətlə əldə etdiyinin canlı şahidiyəm. Bu boyda böhtan, yalan olmaz axı. Bu məlumatları yayanlar, görəsən, gec-tez Allahın dərgahında öz əməllərinə görə cavab verməli olacaqlarını həqiqətənmi anlamırlar? Belə insanları başa düşə bilmirəm...

- Deməli, Siz Gülağa Qənbərovun adını dəyişdirməsi ilə bağlı deyilənlərin yalan olduğunu iddia edirsiniz?

- Əlbəttə ki yalandır. Mən bu insanı uzun illər əvvəl elə Gülağa Qənbərov kimi tanımışam. Məsələ burasındadır ki, o, 1987-ci ildə Moskva şəhərində SSRİ Ticarət Nazirliyində vəzifəyə təyin olunarkən ad və soyadı ilə bağlı ciddi problem yaşadı. Həmin dövrdə bir azərbaycanlının mühüm dövlət vəzifəsinə təyin olunmasının də demək olduğunu yəqin ki, anlayarsınız. Məhz bu səbəbdən Gülağanın rəsmi sənədlərdə adı dəyişdirilərək, Qənbərov Albert Mixayloviç yazıldı. Bunu təsdiq edən şəhadətnamə də var. Buna baxmayaraq, Gülağa kim olduğunu heç vaxt unutmadı. Harada və hansı vəzifədə çalışdısa, yalnız öz xalqı, Vətəni barədə düşündü. Onun Azərbaycanda həyata keçirdiyi xeyriyyəçilik işləri bunu bir daha sübut edir.

- Bəs Gülağa Qənbərovun şəxsi həyatı ilə bağlı səsləndirilən fikirlər barədə nə deyə bilərsiniz?

- Axı özünüz deyirsiniz ki, “şəxsi həyat”. Şəxsi həyat elə şəxsidir. Neçə dəfə evlənib-boşanması hər bir insanın öz şəxsi işidir. Kiminsə ailə həyatına qarışmaq ədəbsizlikdir. Buna nə qanun icazə verir, nə də əxlaq normaları. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump 3 dəfə rəsmi, 5 dəfə qeyri-rəsmi ailə həyatı qurub. Və heç kim onu buna görə ittiham etmir, edə də bilməz. Gülağaya gəlincə, mən onu hər zaman gözəl ailə başçısı, qayğıkeş ata kimi tanımışam. Övladlarının dördünə də gözəl tərbiyə və savad verib. Bu günə kimi bir ata, bir böyük kimi onların başının üstündədir. Ona qalsa, indi duraq deyək ki, İlham Qasımov və başqaları niyə saçına rəng qoyur? Adama deməzlər ki, sənin nəyinə lazım? Bu, onun şəxsi işidir.

- Qeyd etdiniz ki, Gülağa Qənbərovun ailəsini, övladlarını yaxşı tanıyırsınız. Bəzi mətbuat orqanlarında keçmiş MTN naziri Eldar Mahmudovun onun oğlanlarından birinə Moskvada mənzil bağışladığı qeyd edilir. Bu nə dərəcədə doğrudur?

- Tamamilə yanlış məlumatdır. Belə bir “fakt”dan söhbət gedə bilməz.

- Demək istəyirsiniz ki, Gülağa Tənhanın Eldar Mahmudovla heç bir tanışlığı yoxdur? Axı deyirlər o, Bakıya elə keçmiş MTN nazirinin dəvəti ilə gəlib...

- Əlbəttə ki, onlar bir-birlərini tanıyırlar. Amma bu, o demək deyil ki, onların bu cür yaxın münasibətləri var. Gülağa Qənbərov Bakıya 2001-ci ildə Eldar Mahmudovun dəvəti ilə yox, ümummilli lider Heydər Əliyevin çağırışı ilə Dünya Azərbaycanlılarının I Qurultayında iştirak etmək üçün gəlib. Eldar Mahmudovla isə yalnız bir nazir kimi ümumi tanışlığı olub. Gülağa Qənbərovun keçmiş nazirin oğluna mənzil bağışlaması heç bir fakta söykənmir. Bir özünüz düşünün, Gülağanın Eldar Mahmudovla yaxın münasibəti varsa, o zaman niyə keçmiş MNT nazirinin telefon danışıqlarını dinlətdirdiyi şəxslərin siyahısına onun da adı düşüb?

- Yeri gəlmişkən, Gülağa Qənbərovun adı həm də 1993-1994-cü illərdə OMON-un rəhbər şəxslərindən, dövlətə və xalqına silah qaldıranlardan, dövlət çevrilişinə cəhd etmişlərdən biri kimi çəkilir. Həmin dövrdə baş verənlərlə bağlı sizdə hər hansısa bir məlumat, fakt varmı?

- Həmin vaxt bəzi adamlarla şəxsi zəmində aralarında olan söz-söhbətlərə görə Gülağa şər və böhtana məruz qalmışdı. Məndə olan məlumata görə, məsələyə aydınlıq gətirməkdən ötrü 2004-cü ilin aprel-may aylarında AR Milli Məclisinin Sədri mərhum Murtuz Ələsgərovun tapşırığı ilə o vaxt MTN-nin nazir müavini olmuş, hazırda Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Fuad İskəndərov və Tofiq Babayev Gülağa Tənhanın Azərbaycan dövləti qarşısındakı xidmətlərini hər tərəfli araşdırıdılar. 28 iyun 2004-cü il tarixdə nazir müavini mərhum Tofiq Babayevin imzası ilə Milli Məclis Aparatının rəhbəri S.Mirzəyevə və Gülağa Tənhaya arayış göndərildi. Həmin arayışda qeyd olunurdu ki, “Sizin 02-1-114 saylı 01.06.2004-cü il tarixli məktubunuzla göndərilmiş, AR Milli Məclisinin deputatı Ə.Abıyevin müraciətində Milli Təhlükəsizlik Nazirliyinin səlahiyyətlərinə aid faktların yoxlanılması üçün kompleks tədbirlər keçirilmişdir. Bu arayış təqdim olunan tarixdə Milli Təhlükəsizlik Naziri cənab Namiq Abbasov idi. Yoxlama nəticəsində G.M.Qənbərovun Azərbaycanın milli maraqlarına, dövlətçiliyinə zidd fəaliyyəti barədə hər hansı bir məlumat əldə olunmamışdır”.

- 15 il həbs cəzası alması ilə heç cür barışmayan tanınmış iş adamı İlham Qasımov iddia edir ki, guya Müqəddəs Sultanov və Gülağa Qəmbərov onun əmlakına göz dikiblər. Bu barədə nə deyə bilərsiniz?

- Gülağa Qənbərov özünə, övladlarına, hələ bundan sonra nəvə-nəticələrinə də bəs edəcək qədər mala-mülkə sahibdir. Bu sərvəti əldə etmək üçün o, uzun illər gərgin çalışıb. Onun heç kimin malına, dövlətinə ehtiyacı yoxdur. O, sadəcə İlham Qasımovla ortaq biznesinə yatırdığı və dələduz İlhamın oğurladığı 19,5 milyon ABŞ dollarını tələb edir. Gülağa Tənha məhkəmə çıxışında da qeyd edir ki, İlhamın oğurladığı o pulları geri aldıqdan sonra xeyriyyə məqsədi ilə xalqına, dövlətinə xərcləyəcək. Əgər Gülağa Tənhanın İlham Qasımovun əmlakında gözü vardısa, onda niyə məhkəmə zalında üzünü İlhama tutub "Əgər oğurladığın pulların 1 milyonunu qaytarıb məndən üzr istəsən, səni bağışlayaram" deyirdi?

- Yeri gəlmişkən, Gülağa Tənhanın həmin məhkəmədə Hacı Məmmədovun adını çəkməsi hamını şoka saldı. Sizcə, o, bununla nə demək istəyirdi?

- Gülağa Qənbərov həmin çıxışında ölkədə baş verən haqsızlıqlar barəsində danışdı, öz vətəndaş mövqeni nümayiş etdirdi. Bu çıxışında Gülağa Tənha şərəfini, vicdanını satmış, öz prezidentinə, öz xalqına xəyanət etmiş bəzi dələduz, rüşvətxor məmurların və onların "krışalıq" etdiyi reket jurnalistlərin Hacı Məmmədov kimilərin əlində ölməyə layiq olduğunu bildirdi. Necə deyərlər dinsizin öhdəsindən imansız gələr!!! Bax bu idi Gülağanın demək istədiyi.

- İlham Qasımovun yaxınları onun həbsinin sifariş olduğunu, Gülağa Qəmbərovun hakim Zeynal Ağayevə bunun üçün 50 min manat pul verdiyini iddia edirlər...

- Fikrimcə, bu, təkcə Gülağa Tənhaya və möhtərəm hakim Zeynal Ağayevə deyil, ümumən hüquqi dövlətimizin məhkəmə sisteminə, onun ədalətinə atılan bir ləkədir. Bunu dilə gətirənlər bilsinlər ki, Gülağa Tənha yeganə zərəçəkmiş şəxs deyil. Ortada yüzlərlə, minlərlər onlarla evsiz-eşiksiz qalmış insanlar var. Onlar öz ərizələri ilə məhkəməyə müraciət edərək ədalətin bərpa olunmasını tələb ediblər. Əgər möhtərəm hakim Zeynal Ağayev pula satılan olsaydı, İlham Qasımovun təklifini qəbul edib ona 15 il deyil, 5 il iş verərdi. İlham Qasımov hamını öz arşını ilə ölçür və niyyəti baş tutmadığı üçün hakimə və məhkəmə siteminə şər atır.

- Rövşən müəllim, hamımıza məlum olduğu kimi, keçmiş Milli Təhlükəsizlik Nazirliyində son bir neçə ildə baş verənlərlə bağlı qalmaqallı məhkəmə və istintaq işləri hələ də davam edir. Adi hallananlar arasında təcrübəli zabitlər, generallar, tanınmış iş adamları, nüfuzlu şəxslər də var. Bildiyimizə görə, Silahlı Qüvvələrin Hərbi Polis İdarəsinin rəisi olan zaman Sizin də bu nazirliyin bəzi məsul əməkdaşları ilə ciddi mübahisələriniz olub. O zaman Sizi ən çox narahat edən məsələlər hansılar idi?

– Keçmiş Milli təhlükəsizlik Nazirliyinin son vaxtlar hansı işlərlə məşğul olduğunu hamı kimi mən də görürdüm. Mən hələ Silahlı Qüvvələrin Hərbi Polis İdarəsinin rəisi olan zaman MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəhbərliyi ilə hər zaman mübahisə edirdim. Aramızdakı narazılığa əsas səbəb general Nizami Şirinovun qurduğu işin yarıtmaz vəziyyətdə olması ilə bağlı idi. Yerlərdəki əməkdaşlar öz fəaliyyət istiqamətlərindən başqa nə ilə desəniz məşğul idilər. Başları çağırış zamanı rüşvət alıb orduya əsgər yerləşdirməyə, onları pul müqabilində məzuniyyətə buraxdırmağa, hərbi hissələrdə kiçik nöqsan aşkarlayan kimi oranın rəhbərliyini şantaj etməyə, əsgər və zabitlərimizi radikal dini cərəyanlara qoşulmaqda ittiham etməyə qarışmışdı. Hərbi hissədə namaz qılan əsgər görən kimi onu vəhhabi, nurçu olmaqda suçlayırdılar, hədə-qorxu gəlirdilər. Belə hallarla az rastlaşmamışam. Əksər hallarda araşdırma aparmışıq və həmin əsgərlərin heç bir radikal qruplaşmalarla əlaqəsinin olmadığını aşkarlamışıq. Belə məsələlərə görə həmişə bu qurumla aramızda narazılıqlar yaranırdı. Yadımdadır, Gədəbəydə briqada komandirini o vaxt vəhhabilikdə günahlandırırdı. Halbuki olduqca böyük potensiala sahib, savadlı kadr, gözəl əxlaqı olan oğlan idi. Onun guya vəhhabi olması, xidmətə yaraşmayan hərkətlərə yol verməsi barədə rəhbərliyə məktub ünvanlamışdılar. Sonradan bu işi araşdırmaq mənə tapşırıldı. Gedib yerindəcə həmin zabitlə tanış olanda dəhşətə gəldim. Axı belə bir insanı necə şərləmək olar? Nizami Şirinov və dəstəsinin çoxlu sayda belə tükürpədici cinayətləri var. Bütün bu işlər Nizami Şirinovun tapşırığı ilə həyata keçirilirdi.

-Nizami Şirinovun törətdiyi bu qanunsuz əməllər barədə keçmiş nazir Eldar Mahmudovun məıumatı var idimi?

-Əlbəttə var idi. Onu bu vəzifəyə elə Eldar Mahmudovun özü təyin etmişdir. Nizami Şirinov vaxtilə Prezidentin yanında Xüsusi İdarənin rəsisi Elman Qəmbərov tərəfindən təhlükəsizlik orqanlarından xaric edilmişdir. Bundan sonra o, Bakıda fəaliyyət göstərən nəşriyyat evlərindən birində işləməyə başlamışdır. O vaxt Eldar Mahmudov da atasına həsr olunmuş kitabın nəşri ilə bağlı həmin nəşriyyat evinə gələndə N.Şirinovla təsadüfən tanış olmuşdular. Bundan sonra onların arasında səmimiyyət yaranmış və dostlaşmışdılar. Eldar Mahmudov nazir təyin olunduqdan sonra – 2004-cü ildə Simferopol şəhərində hərbi-siyasi məktəbini bitirən Nizami Şirinovu yenidən MTN-də general vəzifəsinə qaytarır. Şirinov MTN-ə qaytarıldıqdan sonra nəinki köhnə işlərini davam etdirdi, hətta bu məqsədlə xüsusi dəstə də yaratdı. Bu gün onun adının heç yerdə hallanmamasının, istintaqa cəlb olunmamasının səbəbi mənə çox maraqlıdır. Təhlükəsizlik üzrə onlarla peşəkar kadrı böhtan və şatajlarla işdən uzaqlaşdıran, onların yerinə rüşvət hesabına öz “kadrlarını” təyin edən, bu kadrlar vasitəsilə də hərbi hissələrdən total rüşvət yığımını həyata keçirən Nizami Şirinov vəzifəsindən uzaqlaşdırılsa da, hələ ki, həbs edilməyib. Mən ümid edirəm ki, gec-tez ədalət öz yerini tapacaq və hazırda MTN işi ilə bağlı gedən istintaqdan kənarda qalmış Nizami Şirinov kimilər öz layiqli cəzalarını alacaqlar.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.