Bu istirahət mərkəzində 4 nəfəri “tok” vurub - Ölüm ucuz, qiymət baha...

Bu istirahət mərkəzində 4 nəfəri “tok” vurub - Ölüm ucuz, qiymət baha... Azərbaycanda istirahət mərkəzlərinin birində ölümlə nəticələnən faciə həmin məkanlarda təhlükəsizlik məsələsini bir daha gündəmə gətirib.
Ötən gün İsmayıllının “Green house” istirahət mərkəzində hovuzda çimərkən elektrik cərəyanın vurması nəticəsində iki nəfər dünyasını dəyişib, daha iki nəfər isə xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə, faciəyə səbəb hovuzun içərisində rəngli işıqların və su motorunun olduğu, cərəyanın da həmin qurğuların nasaz naqilləri vasitəsilə suya birləşməsidir.
Bu məqamda qeyd edək ki, Azərbaycanda İstirahət mərkəzlərində dincəlmək üçün qiymətlər baha olsa da, cavabdeh şəxslər təhlükəsizlik məsələsini həmişə arxa plana atırlar. Mediada bir neçə dəfə məşhur istirahət mərkəzlərində elektrik cərəyanından dünyasını dəyişənlər haqqında xəbərlər yayılıb. Elə bir neçə il əvvəl Nabran istirahət mərkəzində də ölüm faktı baş vermişdi. Bu ilin may ayında Masallıdakı “İstisu” istirahət mərkəzində də eyni səbəbdən ölüm halı baş vermişdi. Eyni zamanda, 2014-cü ildə Masallıda "Qamo" istirahət mərkəzindəki hovuzda 10 yaşlı uşaq boğulmuşdu.
“Green House” istirahət mərkəzində isə ölüm çox ucuz olsa da, qiymətlər heç də elə deyil. Bir günlük iki nəfərlik istirahət 60 manata, 4 nəfərlik istirahət isə 80 manata başa gəlir. Maraqlıdır ki, xərcləri belə yüksək olan otel turistlərinin təhlükəsizliyinə biganə yanaşıb. Nasaz elektrik naqillərini vaxtında təmir etməməsinə görə iki nəfərin ölümünə və daha iki nəfərin isə yaralanmasına səbəb olub.
Məsələ ilə bağlıə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxladıq. O bildirib ki, hadisə ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, hadisə nəticəsində Bakı şəhər Binəqədi rayon sakini, 1984-cü il təvəllüdlü Adıgözəlov Emin Zakir oğlu, Abşeron rayonu Xırdalan qəsəbə sakini, 1979-cu il təvəllüdlü Quliyev Gülhüseyn Xaliqverdi oğlu dünyasını dəyişib. Zaqatala rayon sakini 1981-ci il təvəllüdlü Ömərov Eltəkin Məhəddin oğlu və Bakı şəhəri Nizami rayon sakini, 1986-cı il təvəllüdlü Əliyev Zakir Mahir oğlu təcili yardım avtomobili ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

qafqazinfo
Geri qayıt