Ögey ata azyaşlı qızına dağ basdı

Ögey ata azyaşlı qızına dağ basdı Sumqayıtda ögey atanın qızına işgəncə verməsi xəbəri dünəndən bəri davamlı müzakirə olunur. Ögey ata bıçağı qızdırıb uşağın əlinin üzərinə basıb. Hətta sosial şəbəkələrdə videogörüntülər də yayılıb. Şiddətə məruz qalan 11 yaşlı uşaq qaçıb qonşulara sığınıb.

Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətinə götürülüb. Komitədən verilən məlumata görə, faktla bağlı lazımi təbdirlərin görülməsi istiqamətində işlər aparılır. Qurum tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya müraciət olunub.

Mediada azyaşlı uşaqlara amansız işgəncə verilməsi xəbərlərinə əvvələr də rast gəlmişik. Təəssüf ki, artıq belə halları qeyri-adi qarşılamırıq. Çünki uşaqlara şiddət göstərən, istismar edən, hər cür vəhşiliyə və zorakılığa əl atanlar var. Nə yazıq ki, cəmiyyətimizdə bu cür “insanlar” yaşayır. Onlarla eyni havanı uduruq.

Baş verənləri “Sherg.az”a şərh edən “Müasir Qadın və Cəmiyyət” İctimai Birliyinin sədri Fidan Maqsudova təssüflə bildirib ki, uşaqlara şiddət göstərən məxluqların mövcudluğu danılmaz faktdır. O, qeyd edib ki, valideyn olmaq istəyən şəxs məsuliyyət dərk etməli və bilməlidir ki, bir insana qayğı, sevgi, normal həyat tərzi verə biləcəkmi, buna qadirdimi:

“Heç bir insan valideyni seçə bilməz, bu, bizim üçün seçim deyil. Amma valideyn dünyaya uşaq gətirəcəksə, öncə özündə bu suallara cavab tapmalıdır: Normal şəxsiyyət yetişdirə bilərəmmi? Travmalı uşaq sabahın terroristidir, cəmiyyətə bomba yetişdirib göndərmək lazım deyil. Məncə ögey ata ilə ailə qurmaq istəyən ana bunu düşünməlidir.

Öncə isə dövlət bu məsələdə uşaqları nəzərə almalıdır, onlar üçün bir qayda qoymalıdır. Ailə qurmazdan qabaq uşaqların fikri öyrənilməlidir. Həmin kişi ikinci ata ola bilib-bilməyəcəyinə dair testlərdən keçməli idi. Bir çox xarici ölkələrdə artıq bu qaydalar tətbiq olunur”.

Birlik sədri düşünür ki, dövlət bu məsələ ilə əlaqədar uşaqlar üçün əlçatanlığı nəzərə almalıdır:

“Çox uzaq deyil, ele yaxın tarixdə Tovuzda Nərminin başına gələnlər hər birimizi sarsıtdı. Hər şey valideyn məsuliyyətsizliyindən baş verir. Ona görə də sözügedən hadisələrlə bağlı mütləq qaydalar tətbiq edilməlidir.

Həmçinin cəzalar da yetərincə sərt olmalıdır. Əks halda uşaqlara qarşı belə vəhşiliklər davam edəcək”.
Geri qayıt