Prokurorluq Şirvanda xəstəxanada baş verən insidentlə bağlı məlumat yayıb

Prokurorluq Şirvanda xəstəxanada baş verən insidentlə bağlı məlumat yayıb Bəzi kütləvi informasiya vasitələrində sentyabrın 1-də gecə saatlarında Hacıqabul rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş Qiyaslı Orxan Yaşar oğlunun meyitinin məhkəmə-tibbi müayinəsi həyata keçirilən zaman mərhumun qohumlarının Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin Şirvan şəhər şöbəsinə hücum edərək işçilərə xəsarətlər yetirmələri ilə bağlı informasiyalar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, MTE və PA Birliyinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Eldar Məmmədov qeyd olunan faktla bağlı Şirvan şəhər prokurorluğuna müraciət edib.

Müraciət əsasında aparılan araşdırma zamanı müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, hadisənin şahidləri müəyyən edilərək izahatları alınmış və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma davam etdirilir.
Geri qayıt