Axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının tələblərinə əsasən Qazaxıstan Respublikasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkəmiz və Qazaxıstan ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilmələri barədə qarşılıqlı sorğular edilib.

Baş Prokurorluqdan verilən məlumata görə, Əflatun Quliyevin – təkrarən tamah niyyəti ilə tanışı Elnur Talıbov ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək Afət Qasımovaya xeyli miqdarda maddi ziyan vurmaqla özgə əmlakını gizli talamasına; Emin Qaraşovun – özgə əmlakını qəsdən məhv etməsinə və bununla da zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edildiyinə görə qeyd edilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Qazaxıstan Respublikasının Baş Prokurorluğu ilə qarşılıqlı sorğuları təmin edilməklə Əflatun Quliyev Azərbaycan Respublikasına, Emin Qaraşov isə Qazaxıstan Respublikasına ölkəmizin Daxili İşlər Nazirliyinin xüsusi konvoyunun müşayiəti ilə ekstradisiya edilib.
Geri qayıt