Şəmkirdə əmioğluları bıçaqlayan şəxs ƏLƏ KEÇDİ

Şəmkirdə əmioğluları bıçaqlayan şəxs ƏLƏ KEÇDİ İyulun 26-da gecə saat 23 radələrində Şəmkir rayonu, Bayramlı kəndində 1994-cü il təvəllüdlü Ruslan Nağıyevin bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi, 1986-cı il təvəllüdlü Xalid Nağıyevə isə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olmuşdur.

Bu barədə Şəmkir rayon prokurorluğundan məlumat verilib.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

İlkin araşdırmalarla 1993-cü il təvəllüdlü İsmət Cəfərovun həmin gün saat 22 radələrində aralarında yaranmış mübahisə zamanı qohumları - Ruslan Nağıyevə bıçaqla zərbə vurub öldürməsinə, Xalid Nağıyevə isə həyat üçün təhlükəli olan ağır xəsarət yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanmışdır.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılmışdır.

Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində İsmət Cəfərov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Geri qayıt