Bakıda ana uşaq dünyaya gətirdikdən sonra öldü

Bu barədə Yasamal Rayon prokurorluğundan məlumat verilib.
Daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, iyulun 11-də Məxliqə Fərəcova Ağsu Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə yolu ilə cərrahiyyə əməliyyatı olunaraq uşaq dünyaya gətirib, lakin iyulun 13-də səhhəti kəskin pisləşdiyindən o, A.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Göstərilən tibbi yardımlara baxmayaraq, Məxliqə Fərəcova iyulun 19-da vəfat edib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.